"Nazim Hikmət deyib ki, nə böyük eşşəklik edib Moskvaya gəldim"
19.09.13
Filologiya elmlər doktoru, professor Aqşin Babayev 30-dan çox kitab müəllifidir. 32 il radioda çalışıb. Ömrünün 15 ilini Milli Məclisdə mətbuat katibi işləyib. Əməkdar jurnalistdir. "Yusif Məmmədəliyev", "Həsən bəy Zərdabi", "Humay", "Qızıl Qələm" mükafatları laureatıdır. İlk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" adlı kitabların müəllifidir. "Kişilər az yaşadı" kitabı isə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən 30 min tirajla nəşr edilib. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dərs vəsaiti kimi oxunur.
– Aqşin müəllim, 75 illiyinizlə bağlı 2 il əvvəl çap edilmiş kitabı oxudum, nəhəng bioqrafiyanız var. Bu böyük tərcümeyi-halın içində özünüzü necə hiss edirsiniz?
– Mənim yaşda az-çox yazı-pozu ilə məşğul olan yaşlı adamlar iki paralel hiss keçirir. Bunlardan biri budur; çevrilib geriyə baxanda görürsən ki, nəsə bir iş görmüsən. Oxucu məktubları almışam, mən oxucusu olan yazıçıyam, şöhrətin hər üzünü görümüşəm. Elə yazıçılar var ki, kitabları çap olunur, amma oxunmur. Bu reallıqdı. Ancaq yazıçı biləndə ki, onun əsərlərini oxuyurlar, xoşbəxt olur. İkinci keçirdiyim hiss budur ki, ömrün qurtardığını, artıq hər şeyin sonunun yaxınlaşdığını duyuram. Təbiətin qanunu var, gələn bir gün gedir, Allah hərəyə bir ömür payı ayırıb. Ona görə indi mən iki hiss keçirəm. Qəlbimdə həm fərəh hissi var, həm də məyusluq. Hazırda “Əlvida, dünya” adlı bir roman yazıram. Bu da onunla bağlıdır ki, Hüseyn Abbaszadə demişkən “artıq yır-yığış” vaxtıdır, ömrün axırına az qalıb. Bu son romanda indiyə qədər yazmadıqlarımı yazıram.
– Müxtəlif vəzifələrdə çalışmısınız. Amma eyni zamanda yaradıcılıqla məşğul olmusunuz. Müxtəlif peşələrlə məşğul ola-ola ədəbi missiyanızı nədə görürdünüz?
– Məşğul olduğum işlər bir-biri ilə əlaqədar idi. Aralarında bir qohumluq, bağlılıq var idi. Ona görə də özümü heç vaxt ədəbiyyatda qərib hiss etməmişəm. Milli Məclisdə mətbuat katibi olanda jurnalistlər sual verirdilər ki, işiniz yazmağınıza mane olmurmu? Mən deyirdim ki, xeyr. Bütün bu işlər birini o birindən ayıran yox, əksinə tamamalayan işlər idi. Jurnalist olmasaydım, Milli Məclisdə çalışmasaydım əsərlərimdəki müxtəlif xarakterlər üzə çıxmazdı, yaranmazdı. Yazıçı gərək müxtəlif sahələrdə çalışsın ki, həyatın dürlü sifətləri ilə tanış ola bilsin, əsərləri də rangarəng olsun.
– Əsərlərinizin adında qəribə bir şairanəlik var. Eləcə də yazı dilinizdə. Bu nə ilə bağılıdır?
-Doğru müşahidə etmisiniz. Hekayələrim haqqında yazanlar-Mirzə İbrahimov, Qulu Xəlilov başda olmaqla həmişə bir cəhəti xüsusi vurğulayıblar ki, mənim ədəbi dilimdə bir şairanəlik var. Bunun səbəblərindən biri də odur ki, yeddinci sinifdə oxuyandan bu günə qədər şeir yazıram. “Bir içim su” adlı şeirlər kitabım da çap olunub. Hazırda da 527 səhifəlik şeirlər kitabımı hazırlamışam, yaxın günlərdə nəşriyyata təhvil verəcəyəm. Yəqin ki, poeziyamın nəsr nümunələrimə də təsiri olub.
– Sovet dövründə Nazim Hikmətin, Suat Dərvişin və Əziz Nesinin simasında Azərbaycanda türk ədəbiyyatı nümunələri yayılırdı, ancaq eyni zamanda türk ədəbiyyatının yayılmasını istəmirdilər. Belə anlaşılmaz bir durum yaradırdılar. Sizcə, bu nə ilə əlaqədar idi?
– 1972-ci ildə Türkiyəyə gedəndə, az qala, mənim bütün nəslimi yoxladılar. Yəni Sovet quruluşu bu mənada Türkiyənin əleyhinə idi. Türk sözü, türk ədəbiyyatı qadağan olunmamışdı, sadəcə ciddi yayılmasına imkan vermirdilər. Əgər qadağan olmuş olsaydı, Elmlər Akademiyasının “Türk ədəbiyyatı” şöbəsi olmazdı, yaxud indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində türk bölümü olmazdı. Yaxud Ə.Nesinin, Ömər Seyfəddinin, Haldun Tanerin, N.Hikmətin əsərləri Azərbaycan dilinə tərcümə olunmazdı. Təbii ki, müəyyən qadağalar var idi. Məsələn, hər hansı bir əsəri türk dilindən Azərbaycan dilinə çevirirdinsə, birinci gərək o əsərin rus dilinə tərcümə variantı olaydı. Suat Dərvişin əsəri “Fosforlu Çevriyyə” Azərbaycan dilinə rus dilindən tərcümə edilib. Əsər bu cümləylə başlayır: “Soyuq iliklərinə qədər işləmişdi”. Ancaq rus variantında “hava çox soyuq” idi, cümləsiylə başlayırdı deyə, bizim mütərcim də elə tərcümə etmişdi. Yəni Moskvada çap olunmamış roman, Azərbaycan dilində oxucuya ünvanlana bilməzdi. N.Hikmətin təbliğatı isə sizi çaşdırmasın. Sovet hökuməti N.Hikmətin mavi gözlərinə aşiq deyildi. Onlar N.Hikmətin simasında Sovet rejimini təbliğ edirdilər. Onu da deyim ki, Nazim birinci dəfə Bakıya 1927-ci ildə gəlmişdi, onu Bakıda qarşılayanların başında isə Süleyman Rüstəm dayanırdı. Deməyim odur ki, N.Hikmət ilə Rəsul Rzanın dostluğu sonralar yarandı. R.Rza onun şeirlərini Azərbaycan dilinə tərcümə edirdi. Nazimin R.Rzanın tərcümələri haqqında belə bir fikri də var ki: “R.Rza mənim şeirlərimi tərcümə edərkən onları bir qat da gözəlləşdirir”. O, R.Rzanı “sabahın şairi” adlandırırdı. Bütün bunları mən oxuyub demirəm sənə, şəxsi müşahidələrimə əsasən deyirəm. Mən N.Hikmətlə dəfələrlə görüşmüşəm, saatlarla söhbətləşmişəm. Nazim Hikmətin dramaturgiyası ilə bağlı dissertasiya yazdığıma görə 1961-1963-cü illər ərzində mənim onunla sıx əlaqələrim olub. Təəssüf ki, elmi işimin müdafiəsində iştirak edə bilmədi, söz vermişdi ki, gələcəyəm. O öləndən sonra əlim işdən soyudu, bir də onun ölümündən dörd il sonra dissertasiyamı müdafiə etdim. İndiyə qədər onun haqqında “Nazim Hikmətin yaşamı”, (Almaniya) “Nazim Hikmət – 100”, (Azərbaycan) “Nazim Hikmət və Azərbaycan” (Türkiyə ) kitablarım çap olunub.
– O cür inqilab ruhlu, savadlı bir adamı kommunizmə necə inandırmışdılar?
– Bu çox maraqlı sualdır. Əvvəla N.Hikmət birinci dəfə Moskvaya gələndə 19 yaşı var idi. Sonralar onu Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə qəbul etmişdilər. Sovet təbliğatı isə çox mahir, peşəkar idi. N.Hikmətin “Qəribə adam” pyesində Aleksandr obrazı var, peraşki satır, deyirlər onun peraşkisindən yemə, ölə bilərsən. Bir obraz deyir ki, axı mən yedim ölmədim, o biri də cavab verir ki, onun zəhəri tədricən adamı öldürür. Nazim də tədricən anladı hər şeyi. Əvvəlcə Moskvanın heyrətamizliyi, kağız üstə sülh və qardaşlıq ideyaları onu aldatdı. N.Hikmət aldandığına görə Lenin ideallarını bəyənib inqilabı romantikaya qurşanmışdı. Türkiyəyə qayıtdıqdan bir müddət sonra Nazimi 1937-ci ildə həbs elədilər. 13 il həbsdə yatdı. “Moskva simfoniyası”nı yazdı. “Fərhad və Şirin” pyesini yazdı. Pyesin axırında Fərhad Şirinlə qovuşur, ancaq ona deyir ki, mən səninlə xoşbəxt ola bilmərəm, çünki xalq su üzünə həsrətdir. Qayaları yarıb xalqa su gətirmək lazımdır. Su bu əsərdə dağları aşan azadlığın rəmzi idi.
1951-ci ildə Nazim Moskvaya gəldi, yavaş-yavaş illər ötdükcə rus şovinizminin, Sovet ideologiya maşınının mənasız olduğunu anladı. Azərbaycana gəldi, gördü M.Müşviqi güllələyiblər, Hüseyn Cavid, Əhməd Cavad yoxdur, yaşayanlar da qorxudan ölü günündədir. Onun “İvan İvanoviç varmıydı, yoxmuydu?” pyesi Moskvada səhnəyə qoyuldu, bir gün sonra yığışdırıldı, çünki o sovet bürokratizminin ifşa edirdi. Yaxud Mixail Zoşenko ilə heç kəsin görüşməyə cürəti çatmırdı. N.Hikmətsə heç nəyə məhəl qoymadan onunla görüşürdü, ona görə də təqib edirdilər onu. N. Hikmət müəllimi hesab etdiyi Türkiyədə çap oluanan “Rəsimli ay” jurnalının baş redaktoru Zəkəriyyə Serterlə söhbətində peşmanlığını bildiribmiş. Zəkəriyyə “Nazim Hikmətin son illəri” adlı kitabında yazır ki, N.Hikmət ömrünün son günlərində deyib ki, “Nə böyük eşşəklik edib bura, Moskvaya gəldim”. Nazim Moskvaya gələndən bir müddət sonra başa düşdü ki, beynəlmiləlçilik kiçik dövlətlərə xas əlamətdir, böyük dövlətlərdə həmişə şovinizm olur. Ona görə də Sovet quruluşunun iç üzünü gördü və peşman oldu. Amma peşmanlığının mənası yox idi, artıq gec idi. Buna baxmayaraq ölərkən varidatının dörddə bir hissəsini türk kommunist partiyasına bağışladı. Nazimi təqib edirdilər, yanına adam salmışdılar. Bir dəfə soruşublar ki, bəs bu adam kimdir, o da gülərək cavab verib ki, bu mənim pasportumdur.
– Aqşin müəllim, sovet dövründə N.Hikmətin kommunizmi əslində sevmədiyini, aldadıldığını niyə yazmırdız bəs?
– Yaza da bilməzdim. Yazsaydım da, çap etməyəcəkdilər. N.Hikmətin həyatı və yaradıcılığı haqqında yazanda o məsələləri qabarda bilməzdim, heç bu cür fikirləri qəbul etməzdilər.
– Siz N.Hikmətlə ünsiyyətdə olmusunuz, özü yaradıcılığındakı hansı məsələlərin, mövzunun qabardılmasını istəyirdi?
– Ancaq Vətən mövzusunun qabardılmasını istəyirdi, onun ən böyük dərdi Vətən idi. Nazim deyirdi ki, bir kəndli kotanını və öküzünü, bir dülgər taxtasını və rəndəsini necə sevirsə, mən də türk dilini elə sevirəm. N.Hikmət deyirdi ki, mən bilirəm ki, öləndən sonra şeirlərim çap olunacaq Türkiyədə, ona görə də ölməliyəm, buna məcburam.
– N.Hikmət haqqında yazılan xatirələrdən hansı məqam sizə daha çox təsir edib?
– Həyat yoldaşı Vera Turyakova onun haqda yazdığı kitabda qeyd edir ki, Nazim öləndə polislər, təcili yardım gəlmişdi, pasportunu istədilər. İlk dəfə əlimi onun cibinə saldım və mənim kiçik şəklim çıxdı. Arxasında isə mənə yazılmış bu şeir: Gəlsənə dedi mənə. Qalsana dedi mənə. Gülsənə dedi mənə. Ölsənə dedi mənə. Gəldim. Qaldım. Güldüm. Öldüm. Nazim təbiət etibarı ilə tez aşiq olan bir insan idi. Nazimin Anuşka adlı sevgilisi olub Moskvada, bundan başqa Nüshət xanım vardı, Pirayə adlı sevgilisi olub və s. Oğlu Mehmetin anası Münəvvər xanımdır. Nazimin Münəvvərə olan münasibətinə mən haqq qazandırmıram.
– N.Hikmətin dissidentliyi, məncə, olduğundan artıq şişirdilmiş və xalqa birmənalı təqdim edilmişdi. İstərdim bu reallıqdan danışasınız.
– Bilirsən, Sovet dövrünün öz ağrılı reallıqları var idi. Bu gün Səməd Vurğunu, S.Rüstəmi, R.Rzanı partiyaya, Leninə şeir yazmaqda qınayırlar, bu düzgün deyil. O dövrün tələbi bu idi. S.Vurğunun “Zamanın bayraqdarı”, R.Rzanın “Lenin” poemasında mən sənətkarlığa fikir verirəm. S.Vurğunun “Zamanın bayraqdarı” şeirindəki “partiyamızdır” rədifini “bayrağımızdır” sözü ilə əvəz ediblər, bu musiqi nə qədər gözəl səslənir.
Amma şairlərimiz özü də yeri düşəndə öz sözlərini mətnaltı mənalarla deməyi bacarırdılar. R.Rza yazırdı ki, “həsrətlə baxıram quşlara”. Bu azadlığa işarə idi. Şairləri ittiham etmək lazım deyil, onların yazdıqlarının sənətkarlığına baxmaq lazımdır. Dövrü anlamaq lazımdır.
Əziz Nesinə Bakıdan gedəndə N.Hikmətin səsi olan lent yazılarını vermişdim, Türkiyədə onu həbs etmişdilər, soruşmuşdular ki, lenti kimdən almısan, amma o adımı çəkməmişdi. “Əziz Nesin polisdə” adlı kitabda bu məsələlər yazılıb. Təkcə Ə.Nesinə yox, Asim Bezerci, Mustafa Ekmekçiyə əlimdə olan N.Hikmətlə bağlı bütün materialları vermişdim.
Mən özüm Sovet dövründə çıxan kitablarımda onu kommunist şairi kimi təqdim etmişəm. Yəni bizi günahlandırmaq doğru deyil, dövr tələb edirdi. Əgər Nazimin mən bu cəhətlərini qabartmasaydım, kitablarımı çap etməyəcəkdilər.
– N.Hikmətin Azərbaycan ədəbiyyatına ən böyük təsiri nədən ibarət oldu?
– Nazim Azərbaycan ədəbiyyatına sərbəst şeir vəznini gətirdi. N.Hikmət sərbəst şeir barədə deyirdi ki, sərbəst vəzn sərbəst ritmik vəzn olmalıdır. Ona görə də Nazimin şeirlərində qafiyə, ritm var. Mən “ağ şeiri”, yəni qafiyəsiz şeiri poeziya hesab etmirəm. N.Hikmətin ruhunu Azərbaycanda R.Rza yaşatdı və öz məktəbini yaratdı. Bu məktəbin də davamçıları Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə və s. şairlər oldu. /kaspi.az/
|