Əli Şirin Şükürlü - Beləliklə, neçə metr qalar ömürdən
10.09.13
köhnə paltar
köhnə paltarlarda həyat əlaməti var. saçları havaya dağılmış, əlləri ilə donunun ətəyini dizləri arasında zorla saxlayan və azca yığılaraq geriyə qanrılmış gözəl qadın kimi görünür külək. külək öncə səsdi - eşidirsən. səs öncə sükut – dinləyə bilirsən o musiqini. ütüsü pozulmuş paltarım yaşadığımdan xəbər verir hələ də. hər parçasında xatirələr.
sevincim çox olub, yoxsa kədərim - deyə bilmərəm. amma ölüncə sevmişəm – bunu yəqin bilirəm. nifrət də olub, amma sevgim nifrətimi üstələyib həmişə. yəqin ki, savab işlər də görmüşəm. olub ki, günah da işlətmişəm. həyatı sevsəm də, intihar barəsində də düşünmüşəm – necə ölsəm gözəl görünərəm görəsən. işə bax: ölümündən sonrasını da düşünər adam. sevgi, bir az da mərhəmət umar. ölümündən sonra da həyat axtarar. bəzən cismindən əvvəl ruhu ölər adamın, heç xəbəri olmaz. ölümün estetikasından danışmaq istədim bu an. akutaqava yadıma düşdü. fikrimdən vaz keçdim.
istəklərimlə reallığın üst-üstə düşmədiyi anlar da çox olub. ”uyğunsuzluq” sindromunu yaşamışam. qatil olmaq keçib könlümdən, ola bilməmişəm. sonra təzədən sevmişəm. sonra...
əvvəlcə heç nə. sonra azacıq təbəssüm, bambalaca ümid. sonra bir az. sonra bir az çox. sonra bir az da çox. sonra hər şey – bir nöqtədən sonsuz sayda düz xətt keçər. sonra...sonra bir qədər az. sonra bir az da az. sonra bir az. sonra kədər, ümidsizlik, əsəb. sonra. sonra yenə də heç nə - paralel düz xətlər kəsişməz. bir sevginin tarixşəsi: əvvəlcə heç nə. axırda heç nə. yəni son və başlanğıc eyni. çevrə başlandığı nöqtədə qapanar yəni.
mən hər gözələ yenilmədim, qadınım, vallah, yenilmədim. mən sevgilərə yenildim. qürbətə yenilmədim. mən vətənə yenildim. o vətənə ki, orada sən varsan, doğmalarım var. o vətənə ki, orada başdaşı yazıları – xatirələrim var. o vətənə ki, orada sevgilərim, nifrətlərim var.
hər sevgiyə də yenilmədim, qadınım, vallah, yenilmədim. ağrısına, acısına sevindiyim sevgilərə yenildim.
sevgiyə inanmır. bütün qadınları fahişə görmək istəyir namussuz özünkündən savayı. həqiqəti danır imansız. hamıya dələduz kimi baxır.
insanın içində mələk də var, iblis də. iblis mələkdən güclüdü təəssüf. görmürsən insan qanına susayan siyasətbazları. vətən kəliməsini də nə vaxtsa uydurublar əbləhlər – hakimiyyət qazansınlar, fateh olsunlar... təki allahın hamı üçün yaratdığından daha çox mənimsəsinlər.
yollar yolçusu qardaş, ömür vaxtla yox, addımlarla ölçülər - düzdü?! beləliklə, neçə metr qalar ömürdən. ömür məsafədi – hər nöqtəsini sürünənlər fəth edər yalnız. sən addım-addım itirərsən ömürdən, yollar yorğunu qardaş.
kim nə deyir desin. səs daha ilkindi. sudan da, oddan da, torpaqdan da, havadan da. səs də su kimi: ağrı gətirər artıq olanda. musiqi səsi olsa da belə. indi şadlıq saraylarında əvvəlcə səslə doydururuq adamları. sonra da çeşid-çeşid yeməklərlə. yerli-yersiz çıxışlar da yerində, iclas salonlarında olduğu kimi. lap yarışa bənzəyir. öhdəlik götürmüşük elə bil. birini tanıyırdım, gur səsi vardı. əvvəlcə səsi çökdü içinə, sonra öldü.
açığı, mən pıçıltıları daha yaxşı eşidirəm. külək gözəl qadın kimi görünür bu gün. külək nədirsə, öncə səsdi amma. səs öncə sükut. sükut musiqi. yaranan nə varsa səsə qayıdar. sonda pıçıltıya dönər. səssizliyə çevrilər. eşidirsən səssizliyi – pıçıltı pıçıltı pıçıltı...
mən yaxşı eşidirəm külək yaxşı eşidirəm yağış -------------------------------- yaxşı eşidirəm külli-aləm yaxşı eşidirəm: pıçılda pıçılda pıçılda...
...- 03.09.2009
|