"Həyatımın ən xoşbəxt anıymış, bilmirdim"
Orxan Pamuk, “Məsumiyyət muzeyi”
Ədəbiyyatla bağlı müsabiqələrdə iştirak etməyə pis baxmasam da, indiyə kimi heç vaxt belə müsabiqələrin iştirakçısı olmamışam. Səbəb də bu olub ki, belə şeylər mənə maraqsız gəlib. Belə müsabiqələrdə iştirak etməyə marağım olmadığı kimi həmən müsabiqələrin qaliblərinin adını təqdim etmə gecələrinə iştirak etməyə həvəsiz olmuşam. Məsələn, istər Milli Kitab Mükafatının hər iki müsabiqəsində, istərsə də qaliblərin elan olunacağı gecədə iştirak etməmişəm. Amma MKM-in üçüncü müsabiqəsində qaliblərin açıqlanacağı gecədə iştirak etməyim, açığı, heç mənim özümdən də asılı olmadı. Məni ora aparan “Əfqanıstan uçurumu”oldu...
MKM-in üçüncü müsabiqəsini çox ciddi şəkildə izləyirdim. Hansı əsərlərin iyirmiliyə, onluğa düşməsi, internet səsverməsində hansı nəticələrin dəyişdiyi və bu kimi digər məsələlər müsabiqə başladığı ilk gündən diqqətimdə idi. Siyahıda qələminin qüvvətinə bələd olduğum bir neçə yazıçı olsa da, mənim bu müsabiqədəki favoritim mərhum yazıçı Zakir Sadatlı idi. Ürəyimdən gələn səs deyirdi ki, müsabiqənin bu ilki qalibi o olmalıdır. Bu səs təkcə Zakir bəyin bu dünyada gözəl insan, yaxşı dost kimi yaşayıb getməsinin xəbərdarlığından irəli gəlmirdi. Bu səs həm də Zakir bəyin qələminin ustalığından hali idi...
Açığını deyim ki, bu müsabiqədə Zakir bəyin qalib olmasına içimdə bir inamsızlıq var idi. Amma bu inamsıqlıq heç də əbəs deyildi. Müsabiqə ətrafında, daha doğrusu, münsiflərin obyektivliyi haqqında çoxdan bəri dolaşan söz-söhbətlər adamı inamsız olmağa sürükləyirdi. Ümid isə birinci Allaha, ikinci isə MKM münsiflərinə qalmışdı.
MKM-də iştirak edən əsərlərə gəldikdə isə cəmi iki kitabı oxumuşdum, bunlardan biri Zakir Sadatlının “Əfqanıstan uçurumu”, ikincisi isə Vahid Qazinin “Çamayra, Kuba dəftəri” idi. Hər iki kitabı müsabiqədən əvvəl oxuyub çox bəyənmişdim. Hər iki kitab çox gözəl, bədii istedadla, peşəkar qələm təcrübəsi ilə yazılmış əsərlərdir. Bilmirəm kitabları bir-biri ilə müqayisə etmək nə dərəcədə doğrudur, amma bədii yükünə görə mənim “tərəzimdə” “Əfqanıstan uçurumu” romanı daha ağır gəlirdi.
İçimdəki inamsızlığı ört-basdır eləmək üçün isə beynimdə təsəllivari belə bir fikir də dolaşırdı: MKM-in builki qalibi Zakir bəy olmasa belə, bu yerə başqa bir yazar layiq görülsə də, mənim üçün qalib Zakir Sadatlıdır. Lap bir lətifədə deyildiyi kimi, sən hansı havanı istəyirsən çal, mən öz havama oynayacağam. Yəni, MKM-in bu ilki qalibi kim olursa olsun, mənim qalibim Zakir bəy idi.
Budur, “Park İnn” oteldə təşkil edilən tədbir artıq başlayıb, aparıcı hamını salamlayıb gecəyə giriş edir. Bir azdan MKM-in qalibləri - birinci, ikinci, üçüncü, sonra yəqinki həvəsləndirici yerlərin sahiblərinin kimliyi açıqlanacaq. Onsuz da tükdən nazilən səbrimizi tədbirdə çıxış edənlər də bir az daraldır – fəxri qonaqlar, sponsorlar, təşkilatçılar və s. və i. Əsəblərimizi cilovlamaq, başımızı müvəqqəti qatmaq üçün səhnənin tərtibatına, zalın çilçırağına, qonaqlara baxdığım yerdə qarşı sırada oturanların içində Zakir bəyin ailəsini, onun oğlu Vətəni görürəm. Sevincimdən bunun bir təsadüf-filan olduğunu düşünə-düşünə bir az qarşıya əyilib Vətənlə görüşürəm, nə də olsa, qiyabi şəkildə bir-birimizi tanıyırıq. Yerimdə oturandan sonra bir gözüm aparıcıda, o biri gözüm isə Zakir bəyin ailəsindədir. Onların keçirdiyi hissləri, həyəcanı yazmaqda gərək Zakir bəyin özü kimi usta bir yazıçı olasan.
MKM-in təşkilatçıları müsabiqə başlayan ərəfədə vəfat edən yazıçılar haqqında şəkillərdən ibarət video rolik göstərilir. İşıqlar sönür, ağ lövhədə görüntülər canlanır. Beynimin küncünə isə belə bir qeyd “həkk” edirəm: “Bizim işıqlarımız söndü, sizin həyatınız. Bizim səhnəmiz qaraldı, sizinsə ömrünüz...” Dostumuz olmuş yazıçı Zərdüşt Şəfinin şəkillərinə baxaraq yəqin ki, mənim kimi bir çoxları kövrəlir. Sonra yazıçı Rafiq Tağının şəkilləri bir-birini əvəzləyir ekranda. Mən isə Zakir bəyin şəkillərini səbrsizliklə gözləyirəm. Budur, onun fotoları məndə şablon da olsa, belə bir fikir oyadır ki, o ölüb zad eləməyib, sadəcə buralardan birdəfəlik çıxıb gedib. Bu qədər sadə... Onun Əfqanıstan müharibəsində çəkdirdiyi şəkillər mənə “Əfqanıstan uçurumu”nda bəhs edilən dəhşətli xatirələri, o romanı oxuduğum müddət keçirdiyim sarsıntıları, bitirən kimi o kitab haqqında yazıb, amma üzə çıxarmadığım “İraqın içindən Əfqanıstanın çölünə qədər” yazısını xatırladır.
Zakir bəyin şəkilləri ekranda görünməyə başlayandan onun ailə üzvlərinin hıçqırtılarını eşidirəm. Onun oğlunun özünü itirməyini, tez-tez göz yaşlarını silməyi gözümdən qaçmır. Mən bilirəm ailə başçısını, atanı itirəndən sonra təsadüfən qarşına çıxan, heç nəyi dəyişməyən, adamın ürəyini parçalayan, insanı özündən çıxardan həmən fotolara baxıb diksinmə nə deməkdir... Mən də belə halların çox şahidi olmuşam uşaqlığımda. Amma bütün bunlara baxmayaraq, həyat davam edir. Ürəyimdən keçən bu fikri sanki zalın o an yanan işıqları da təsdiq edir. Bu da bir mesajdı, bəlkə də, “həyat davam edir” deyə təsəlli tapmağa...
Nəhayət, ilk nominasiya üzrə qalib elan olunur. İnternet səsverməsində qalib Zakir Sadatlı olur. O, həmkarlarını xeyli səslə geridə qoyub birinciliyi qazanır. Çox sevinirəm. Mən özüm də internetdə Zakir bəyə səs vermişdim. Onun internet səsverməsində birinciliyi qazanması sevindiricidi haldır, amma bu həm də o deməkdir ki, MKM-in əsas qalibi daha Zakir Sadatlı ola bilməz. Axı bir müəllif iki yer üzrə qalib necə ola bilər... Dərin təssüf hissi keçirirəm, eyni zamanda, həm də sevinirəm ki, heç olmasa, Zakir bəy birincidir... Mükafatı almaq üçün Zakir bəyin qızı səhnəyə çıxıb həm həyəcandan, həm kədərdən, həm də sevincdən güclə danışır. Mənim isə ürəyimdən qara qanlar, beynimdən min cür dolaşıq fikirlər keçir - Demək, MKM internet səsverməsi ilə başımızı aldadıb. Qaraqana məktəb səviyyəsində yazdığı “A” romanına əsas mükafat verən bir müsabiqədən bundan artıq nə gözləmək olar, bəs bu müsabiqənin peşəkar ədəbiyyatçılardan ibarət münsifləri hara baxır, görəsən? Əgər “Əfqanıstan uçurumu” kimi yüksək səviyyədə yazılmış bir romana belə qiymət verilirsə... Amma yenə də səbr etmək lazımdı. Görək nolur...
Əsas yerlərdən üçüncü yerin qalibi elan oldu. İkinci yerin qalibi bəllidir artıq. Daha əsəblərim tarıma çəkilib. Birinci yerin qalibini elan etmək üçün səhnəyə xalq şairi Sabir Rüstəmxanlı çıxır. Zərfi cırıb qalibin adını mikrofona deyir: Zakir Sadatlı!
Bircə o yadımdadı ki, şok içində sevincimdən yüksək səslə “bravo” qışqırıram. Daha sonra durub Vətəni öpüb təbrik edirəm. Sonra isə feysbuka girib bu xəbəri paylaşıram: MKM-in bu ilki qalibi mərhum yazıçı Zakir Sadatlı oldu.
Bax, belə... İndi yenə də həyat davam edir... Amma yox, deyəsən, bu dəfə MKM-də qalib ola bilməyən yazıçılığa iddialı bir-iki nəfər davam edir sükutu pozmağa. Sözlərinin canı da bu imiş ki, ay aman, guya MKM-in vəfat etmiş yazıçıya birinci yer verməsi düzgün deyilmiş. Əlbəttə ki, bunların məqsədi ədəbiyyat naminə danışmaq olsa idi, belə danışmazdılar, “Əfqanıstan uçurumu” kimi bir romanın birinci yerə layiq olduğunu çoxdan etiraf edib, belə söhbətlər etməzdilər. Amma bunlar ədəbiyyat zad nə hərləyir, ay qardaş, bu yazıqlar məğlubiyyətlərinin hikkəsini həzm edə bilməyiblər, nə yazıq ki. Yazıçı heç vəfat etmiş həmkarına belə “qiymət” qoyar? Kişi kişinin arxasınca danışmaz axı... Mənim isə yadıma “Axrıncı aşırım” filmindən Abasqulu bəyin dediyi bir söz düşür: Səni kişi bilirdim...
Zakir bəy, mən isə səni KİŞİ bilirdim. Sən həqiqətən də KİŞİ idin. Səni tanıyanlar sənin necə bir KİŞi olduğunu yaxşı bilir. Bilməyənlərlə işimiz yox. “Heç bilənlə bilməyən birdimi”... Belə bir şablon fikir var: Əgər kimlərsə sənin arxanca danışırsa, demək, sən onlardan qabaqdasan. Doğrudan da, sən onlardan həm yazıçı kimi, həm də insan kimi qabaqda idin. Vəfat etməkdə belə, onları qabaqladın. Axı yaxşı insanlar hər zaman tez gedir... amma sən yenə də sağsan, ölməmisən...
Sizin isə tfuuu sifətinizə, “ölülər”... /publika.az/