Fəxri Uğurlu: “Sevginin ünvanı olsaydı, onun ədaləti də olmazdı”
06.09.13

- İstərdim söhbətimizə böyüdüyünüz mühitdən körpü salaq.

- Anam Ağdamın Quzanlı, atam Laçının Oğuldərə kəndindəndir. Uşaqlığımın xeyli hissəsi Quzanlıda, Oğuldərədə keçib. Ancaq özümüz Bakıda, 7-ci mikrorayonda yaşamışıq. Buna baxmayaraq həmişə bir ayağımız kənddə idi. Evimizin içində də kənd mühiti, kənd havası vardı. Atamın bizə ən böyük müsbət təsiri o olub ki, bizi eldən aralanmağa qoymayıb. O özü elə-obaya çox bağlı idi. Çalışırdı biz də dilimizi, ləhcəmizi, elimizi, kökümüzü unutmayaq. Ucqar dağ kəndi olan Oğuldərədə sivilizasiyanın havası dəyməmiş canlı bir dil vardı. Mənə elə gəlir, dil adamın təfəkkürünü formalaşdıran birinci faktordur. Bax, atam da bizi o milli zəmindən, o dildən aralı düşməyə qoymadı.

- Belə fikir var ki, elm valideynlə övlad arasında uçurum yaradır. Uşaqlığınızda bunu hiss eləmisiniz?

- Əksinə, ədəbi mühitdə, kitablar arasında böyüməyimiz, atamızın ədəbiyyat adamı olması bizdən ötrü əlavə stimul, qazanc olub. Biz çox şeyləri ilk mənbə kimi ondan öyrənirdik. Ailədə beş uşaq olmuşuq - üç qardaş, iki bacı. Evdəki mühitin təsiriylə beşimiz də sonradan humanitar sahəyə yönəldik.

- Müsahibələrinizin birində demişdiniz ki, zorən jurnalist olmusunuz. Jurnalistikanın arxasınca axıra qədər getməməyinizin səbəbini bununla bağlamaq olarmı?

- Mən həmişə demişəm ki, uşaqlıq, yeniyetməlik, gənclik arzularımın içində jurnalistikayla bağlı bir diləyim, planım olmayıb, sadəcə, bizim gəncliyimiz elə bir dövrə düşdü ki, köhnə quruluş dağıldı, yeni ictimai-siyasi formasiya yarandı. Bizim gəncliyimiz bu iki quruluş arasındakı keçid dövrünə ilişib qaldı. Universitetdə oxuduğum illərdə mənim üç kitabım çıxmışdı, ali məktəbdə qalıb işləmək imkanım vardı. Ancaq o dövrdə elm də, sənət də çox gözdən düşmüşdü, özünü ifadə eləmək üçün ən yaxşı vasitə, məkan mətbuat idi. Əvvəllər nə arzuladığımızdan asılı olmayaraq axın bizi qəzetlərə sarı qovurdu. Mən də hələ tələbə ikən calandım qəzetlərə.

- Amma jurnalist fəaliyyətinizi davam etdirmədiniz...

- 10 ildən çox mətbuatda ardıcıl şəkildə çalışdım. Əvvəl “Yol” qəzetində işlədim, sonra “525-ci qəzet”də çalışdım. Daha sonra “Müxalifət”, “Rezonans”, “İntibah” qəzetlərində fəaliyyət göstərdim. Nəhayət, 1999-cu ilin sonlarında “Avropa” qəzetini təsis elədim. “Avropa” maliyyə çətinliyi ucbatından nəşrini dayandırandan sonra jurnalistikaya ara verdim.

- O dövrdəki mətbuatla indiki mətbuatı qarşılaşdıranda hansı mənzərəni görürsünüz?

- Təəssüf ki, 2000-ci illərdən üzü bu yana mətbuatda geriləmə görürəm. 1990-cı illərdə, azad mətbuat yeni yarandığı vaxtlarda qəzetlər çox rəngarəng idi, üzdə olan qəzetlər bir-birinə bənzəmirdi: hərəsinin öz üslubu, öz sifəti, öz oxucu auditoriyası vardı. Kiminin beş-altı min, kiminin də əlli-altmış min oxucusu vardı. Sarı mətbuat o dövrdə, demək olar, hələ yaranmamışdı. Oxucu auditoriyasından əlavə, hər qəzetin öz jurnalist bazası, kadr potensialı vardı, məsələn, bilirdin ki, filankəs filan qəzetdə işləyə bilməz, onun həmin qəzetdə heç yazılarını da verməzlər, o özü də başqa cür yazmaq istəməz, onun yeri elə filan qəzetdir.

İndi mətbuatın texniki imkanları o dövrlə müqayisə olunmayacaq dərəcədə yüksəkdir, ancaq peşəkarlıq çox zəifdir. Çox adamda nəsə yenilik yaratmağa, nəsə axtarıb tapmağa həvəs qalmayıb, əksəriyyət işini yola verir. Amma 90-cı illərdə belə deyildi. Paradoksal cəhət odur ki, senzuranın, qadağaların olduğu dövrdə qəzetlər də, jurnalistlər də indikindən qat-qat azad idi, halbuki jurnalist azadlığının ən böyük düşməni siyasi senzuradır. Senzuranın ləğvindən sonra jurnalistlər də azadlıqdan məhrum oldular.

- Niyə qırağa çəkilib sakit dayandınız? Bunun daha əsaslı bir səbəbi olmalıdır, məncə...


- Bir zaman duyuq düşdüm ki, söz tamam hörmətdən düşüb, deyilən, yazılan sözün urvatı qalmayıb. Sən eyiblərdən, çatışmazlıqlardan yazdıqca vəziyyət daha da pisləşir, bu da adamda məyusluq, apatiya, ortada təlxək kimi oynadılan sözə qarşı bir ikrah yaradır. Fikirləşirsən ki, sən bu sizif əməyilə niyə məşğul olursan, bunun nə mənası var? Sözünün kəsəri yoxdursa, danışma, sus, prosesləri qıraqdan izlə. Gündəlik tələbat, çörək dərdi, redaksiyalarda kadr azlığı məcbur eləyir ki, jurnalistlər hər şeydən yazsınlar. Adamlar hərşeyşünas olublar.

- Ədəbiyyat sahəsində müşahidələriniz sizə nələr söyləyir?

- Ədəbiyyat sahəsində bu gün baş verənləri bir sözlə ifadə eləyərdim: xaos. Düşüncə xaosu, özünüifadə xaosu, sözün pis mənasında anarxiya, sistemsizlik, savadsızlıq, istedadsızlıq, bunlardan da betəri – həyasızlıq. Kəmiyyət var, keyfiyyətsə yox dərəcəsindədir. Əsasən 2000-ci ildən bu yana daha çox Türkiyə və dünya ədəbiyyatında baş verən proseslərin təsiriylə bizdə də bir ədəbiyyat bumu yaranmağa başladı: kitablar yazıldı, dəbdən düşmüş janrlar yenidən dəbə mindi, ədəbiyyata diqqət bir az artdı. Bunlar hamısı yaxşı. Di gəl, bu ədəbi tünlükdə, basabasda meyarlar da düşüb itdi. Baxırsan, adamlar bilmədikləri məsələlərdən ekspert kimi danışırlar, heç kimdə təvazökarlıq qalmayıb, heç kim demir ki, mən bu mövzunu bilmirəm, icazə verin bu barədə mən danışmayım, başqası danışsın. Hansısa kitabdan hətta o kitabı oxumamış adamlar da danışırlar, müsahibə verirlər.

- Həyat yoldaşınızla necə tanış olmusunuz deyə sual verməyəcəm. Məlum məsələdir, sizi mətbuat birləşdirib. Maraqlıdır ki, iki jurnalistin bir evi, ortaq həyatı paylaşması nə dərəcədə asandır?

- Əslində, iki jurnalist deməzdim, çünki mən özümü daha çox ədəbiyyat adamı sayıram. Səadət isə anadangəlmə jurnalistdir, məndən qat-qat peşəkardır bu sahədə. O, məndən fərqli olaraq, jurnalistikanın nəzəriyyəsini də bilir, ixtisası da jurnalistdir. Mən jurnalistikaya həmişə ədəbiyyatın faktoloji bölməsi kimi baxmışam. Jurnalistika sahəsində özümü ədəbiyyat adamı kimi sınamışam.

- Xanımınızın sizə iradları olurmu bir jurnalist kimi? Ən çox nələri tənqid eləyir yazılarınızda?


- Olur. Belə iradlara çox normal baxıram. Ümumiyyətlə, mən tənqidə dözümlüyəm. İstər evdə, istərsə də kənarda tənqidlərə diqqətlə qulaq asıb nəticə çıxarıram. Hətta qərəzlə deyilən tənqidi də qulaqardına vurmuram.

- Fikirlərinizin üst-üstə düşmədiyi məqamlar çoxmu olur?

- Məncə, biz xarakter, psixoloji kodlar baxımından xeyli fərqli insanlarıq. Amma elə həyatın qüdrəti də bundadır ki, nəinki bizim kimi, hətta yerlə göy qədər fərqli adamları da birləşdirməyi bacarır. Belə olmasaydı, hər kəs öz içində, öz yoxluğunda yaşayardı, kimsə bu dünyaya gəlməzdi. Mövlananın bir sözü yadıma düşdü: “Biz dünyaya ayırmaq üçün yox, birləşdirmək üçün gəldik”. Bu söz bizi birləşdirən həyata çox yaraşır.

- Ailədə söz-söhbət qaçılmazdır. Belə olanda ən çox kim güzəştə gedir?

- Söhbət məişət söz-söhbətindən gedirsə, həyat yoldaşım belə məsələlərə daha ayıq, daha realist yanaşır, ağırlığın çoxunu öz çiyinlərində daşıyır, sağ olsun, məni çox əziyyətə salmır (gülür). Mənim gözüm ayağımın altını hər saat görmür, xəyalım ala buludlarda dolaşır.

- Deyirlər, sevgi evlənəndən sonra bitir. Bu fikirdə həqiqət payı varmı?

- Bir söz də var, yadımdan çıxıb kimin sözüdür, deyir: “Sevginin ünvanı olmur”. Gerçəkdən, sevginin ünvanı olsaydı, onun ədaləti də olmazdı. Sadəcə, o sevgini ifadə eləyən cihazın, yəni cismimizin, beynimizin konkret ünvanı, miqyası olur. Yaşın erkən dövründə bu miqyas çox kiçik olduğundan sevgi konkret obyektlərə yönəlir: bitkiyə, canlıya, insana... Vaxt keçdikcə sevginin dərəcəsi, məqamı artdıqca onun miqyası da böyüyür. Ən yüksək məqama çatanda sevgi mücərrədləşir. Yəni tutalım, yeniyetmə oğlan bir qadının uğrunda mübarizə aparırsa, bir qadını qorumağa çalışırsa, o dediyim məqama çatan insan ümumiyyətlə qadın uğrunda savaşır, qadın anlayışının özünü sevir.

- Bir övladınız var. İkiniz də iş adamısınız. Yəqin ki, onunla çox vaxt keçirə bilmirsiniz?

- Bununla bağlı xüsusi planımız olmur. Həyat şəraitimizə, işimizə uyğun hərəkət eləyirik. Uşağa da vaxt ayırmağa çalışırıq, di gəl, indiki şərtlər imkan vermir uşaqla çox vaxt keçirməyə. Azacıq imkan tapan kimi onu qəlbimizin istisində qızındırmağa çalışırıq.

- Hekayələrinizdə klassik süjetlərə meyl var. Bu, nədən irəli gəlir?

- Bir neçə hekayəmdə klassik süjetlərdən istifadə eləmişəm, ancaq o süjetləri istədiyim kimi dəyişmişəm. Əslində, o klassik obrazların hər biri mənim öz yaşantılarımın, taleyimin surətidir. Mənə sadəcə hamının tanıdığı klassik obrazların adı, statusu gərək olub. Qalanı öz ruhumun macəralarıdır.

- Ədəbiyyatla dolanmaq olurmu?

- Bədii əsərlə dolanmaq indi mümkün deyil. Əvvəla, ölkəmiz o qədər böyük deyil, ikincisi də, oxuyan adamların sayı azdır. Gərək kitab heç olmasa 20 min tirajla satıla ki, sən növbəti kitabı yazıb bitirənə qədər dolana biləsən.

- Oxumamağımızın səbəbini nə ilə izah edərdiniz?

- Bunun bir neçə səbəbi var. Bir səbəb odur ki, gənclərin çoxu oxumağın konkret bəhrəsini görə bilmir. Baxırlar savadlı adam qalıb qıraqda, çətin dolanır, ancaq nə savadı, nə də qanacağı olan bir çoxu milyonlar qazanır. Bunu görən gəncin oxumağa həvəsi təbii olaraq tükənir.

- Sosial şəbəkələrdə varsınız?

- Yox. Mən sosial şəbəkələrin yaranmasını yüksək qiymətləndirirəm. Bu texnoloji yeniliklər insanlar arasında əlaqəni son dərəcədə asanlaşdırır, məkanı, məsafəni az qala yox eləyir. Mənim oralarda olmamağımın sadə bir səbəbi var, o da vaxt qıtlığıdır. Orda iştirak eləyəndə gərək bir az fəal olasan. Sosial şəbəkədə yatandan sonra nə mənası var orada olmağın? Ancaq “Facebook” sakini olan dostlarımın vasitəsilə oralardan da xəbər tuturam. /publika.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.