Orxan Fikrətoğlu: “Sufi Allahı anlamır...” - MÜSAHİBƏ
05.09.13
Orxan Fikrətoğlunun “Ölü mətn” romanı yenicə çap olunub. Roman istər struktur, istər fraqmentar konsepsiya, istərsə də eksperimental sintaksis baxımından da maraqlı əsərdir. Orxan bəylə görüşüb yeni çap olunmuş kitabı barədə söhbətləşdik. – Orxan bəy, romanınızda bir obrazın dəyişimi ilə bir əsrlik dönəm ərzində dəyişən insanın, xalqın taleyini əks etdirmisiniz. Amma qəribədir ki, fraqmentar dəyişimlərlə müşayiət olunan əsər epoxalllığı ilə-böyük bir tarixi dövrü əhatə etməsi ilə seçilir, bu paradoks nədən yaranıb? - Əvvəla onu deyim ki, bu roman istər dil, istər ruhaniyyət, istər üslub baxımdan bir macəravi gedişdir. Roman tarixi baxımından 1890-1990-cı ilə qədər olan dövrü əhatə edir, bütün hadisələr müstəqillik dövrünə qədər vaqe olur. Romandakı sürgün, repressiya və s. bütün bunlar həm də müəyyən anlamda avtobioqrafik səciyyə daşıyır. Bu əsər bir azərbaycanlı ziyalısına təklif olunan müxtəlif ideoloji sistemlər əsasında onun var olmasını açıqlayır. İslami, türk, sovet kontekstində öz mənini, əlifbasını, yaddaşını itirmiş bir ziyalının var olmasını göstərir. Romandakı macəraçılıq nədədir? Əsərdə dünyada yeddi çapda qəbul olunmuş roman növü boy göstərir: fantastik, realist, romantik, tarixi, sürrealist, modernist, postmodernist. Bütün bu dəyişimlərin sonu isə əsərin qənaətində ilk dəfə olaraq post-sufi həqiqət kimi görünür, adını çəkdiyim janrları bir kənara qoyub, onların fonunda, daha ciddi və daha ağırılı post-sufi janrını və onun konsepsiyasını ortalığa qoyur. Bu sintezi nəyə görə elədim? Ona görə ki, bugünkü Azərbaycan gerçəkliyində dünya ədəbiyyatı konteskti öz gücünü və aktuallığını itirib, həmin sistem dağılıb. Ədəbi tənqid, yazıçılar elə bir fikir formalaşdırıblar ki, bizim oxuduğumuz ənənəvi ədəbiyyat anlamında bu ədəbiyyat, ədəbiyyat deyil, nədirsə başqa bir şeydir. Ona görə də bu yazının adı “Ölü mətn”dir. Çünki bu reallıqda diri mətn yaratmaq da olmaz, heç buna ehtiyac da yoxdur. Əsas demək istəyim də odur ki, bir əsr ərzində; yəni 1890-1990-cı ilə qədər Azərbaycan ziyalısı hansı sistem xətlərini keçib və necə sınıb, yaxud öz üzünü necə saxlayıb. Bu əsəri siyasiləşdirmək, çirkaba batırmaq olmaz. Yaxud da Orxan Fikrətoğlunun tele, ictimai-siyasi, ədəbi həyatını bu romanla qarışdırmaq yalnışdır, çünki əsər əbədi yaşar bir işdir, Orxan Fikrətoğlu və televiziya isə bu gün var, sabah yoxdur. İdeoloji pardiqmadan baxanda isə qoyduğum mərhələli problemlər Azərbaycan taleyində əsrlər sonra da təkrarlanacaq. - Qəribədir ki, əsərdə ustada (baş qəhrəman) verilən əlyazma üçüncü səhifədən başlayır. Əlyazma kitab deyil ki, titul vərəqi olsun və üçüncü səhifədən başlasın, bu niyə belə olur? Sual içindən sual doğur deyə, ard-arda istərdim ki, bir məsələyə də aydınlıq gətirək, roman bir əsr ərzində baş verən hadisələr, əsərin sonu bir anın insan həyatındakı böyük rolunun açılışı ilə bitir, romanı bu sərt və keçidsiz gerçəkliklə tamamlamanız nə ilə bağlı oldu? - Əlyazma ona görə üçüncü səhifədən başlayır ki, yazının əvvəlki iki səhifəsi əsərin içində yoxdur. Əslində, bu yazıların heç biri “Ölü mətn”in əlyazması deyil, ölü mətnin absurdunu yaşayır qəhrəmanlar. Bütün bunlar bir müəllimin – mənim Bakı Slavyan Universitetinin pəncərəsindən baxıb futbol oynayan gəncləri görüb, özünün uşaqkən necə futbol oynadığını xatırlamasıdır. Ömür andır. Anısa yaşadın bitdin. Qəhrəman əsərin sonunda özünə doğru qaçır və başa düşür ki, o heç vaxt özünə çata bilməyəcək. Bu post-sufi məqamdır. Sufilik özünü anlamaq deyil, sufilik özünü dumanın içindən seçib tanımaqdır. Sufi Allahı anlamır, sufi Allahı tanıyır. “Leyli və Məcnun” adlı əsərlərin içində ən çox sevdiyim Buxarinin yazdığıdır. O yazır ki, “Məcnun Leylini xatırlayırdı, çünki o onu üç dəfə öpüb, üç dəfə qoxlamışdı”. Fərid, sevginin dərəcəsinə bax ki, sevgilisini necə dəfə qoxladığını və öpdüyünü xatırlayır. Sufi unutmur, yaddaşı ilə yaşayır. Bu romanda ancaq hiss etmələr var, siyasiləşmiş murdarlıq yoxdur, ona görə də əsər təmizdir. Əsəri ona görə siyasi müstəviyə gətirmədim, həmin təmizliyi qorudum. Əlifba problemin də yazdım. Bu roman Türkiyədə çap olunacaq. Əsər türk mühiti üçün düşünülmüş əsərdir, bu gün Azərbaycanda da türkçülük ştrixinin daha qabarıq üzə çıxması prosesi gedir. Turançılığın ideyası bizim mədəniyyətdən doğub. Əli bəy Hüseynzadə düşüncəsi əla düşünülmüş konsepsiya idi, amma güc deyildi. Daha doğrusu, gücə çevrilmədi, ancaq hər vaxt çevrilə bilər. Bilirəm ki, bu roman qərbdə qəbul edilməyəcək. Bunun da öz səbəbləri var, çünki mən dini, mədəniyyəti alçaldıb, oyunbazlıqlar etməmişəm. - Romanınızı hətta əvvəl-əvvəl əski əlifbada çap etdirmək istəyirdiz. Əski əlifbaya bu dərəcədə önəm verməyiniz nə ilə bağlıdır? - Bu gün öyündüyümüz məntlərin çoxu əski əlifbada yazılıb. O əlifbadan bizə nə verilibsə biz onu dəyər sayırıq, amma verilməyənlər də var axı. 78 nəfər Şirvani təxəllüslü türk-islam alimimiz, mütəfəkkirimiz var. Onların nə etdiklərini, nə yazdıqlarını mən Yəhya Bakuvini araşdırarkən tapdım və dəhşətə gəldim. Mirzə Ələkbər Sabirin nəsri əski əlifbada qalıb hələ. Böyük bir fəlsəfə, mədəniyyət o əlifbada səssizcə yaşayır. Bizdə Qərbdəkindən fərqli olaraq alimlərin, filosofların görünməməyi də, həmin əsərlərin ortalıqda olmamağı ilə bağlıdır. Romanda isə əski əlifba olmadan yeni əlifba adı ilə onların yad mədəniyyət içində keçirdiyi dəyişim üzə çıxır. – Romanın adı niyə bəs “Ölü mətn”dir? - Romanın adının “Ölü mətn” olması sovet dövründə, əski əlifbadan sonra bizə sırınan ədəbiyyatın, o yad dildə yazılanların ölü mətn olması problemi ilə də bağlıdır. Biz əski əkifbada olanların bir qismini ağlımızla başa düşmüşük, qəlbimizlə anlamamışıq. Romanda belə bir cümlə var ki, siz diri mətləbləri də ölü mətnlə öldürdünüz, halbuki ölü mətləbləri də diriltməliydiniz. Həm də əsərin adının “Ölü mətn” adlanmağının başqa bir səbəbi var. Kamyunun “Yad” romanın qəhrəmanı Merson da içinə qovulmuş insandır. Avropa nəsri iki əsrdir insanı içinə qovub, bizdə də vəziyyət bu cürdür. Tənhalaşmış insanın cəmiyyətə çıxmaq vaxtı gəlib, daha insanın uzaqlaşıb öz içini araşdırmaq vaxtı deyil. İçindən başqa heç yanı tanımayan insanın cəmiyyətə deməyə sözü yoxdu. Ona görə də insanı içindən azad etmək lazımdır, insan insandan qaçmamalıdır, insan insana yaxınlaşmalıdır. Bəsdir insanın sınma anından yazıldı, ədəbiyyat həyata kömək olmalıdır. Qəhrəmanlıq ortada olmaqdır, qaçmaq qəhrəmanlıq deyil qaçaqlıqdır. Lev Tolstoydan sonra səngərdə ruhini dəyişən əsgərin halını heç kəs yazmadı, ruhunu içinə qapamağı yazdılar. İnsan gərək ilan qabığını dəyişən kimi ruhunu dəyişsin. Tolstoy dinlərin elə dövründə yaşayırdı ki, dinlərin vəhdədini birləşdirib yaşayırdı. Bu gün biz bunu yaşaya bilmirik, ona görədə iki əsrdir ölü mətn yaradıcılığı ilə məşğuldur bəşəriyyət. Bu gün dinlər, fəlsəfi məktəblər krizdədir. - Romanda gəncəli İbrahim və İsmail münasibətləri var, bunlar sovet-faşizm gerçəkliyində üz-üzə qoyulur. Bu hadisələr nə dərəcədə realdır? - XX əsrin Böyük Cahan Savaşı eyni şəhərdən, eyni mədəniyyətdən çıxmış insanların ayrı-ayrı ideologiyalarda vuruşmaqları və həmin ideologiyaların isə heç birinin xalqa xidmət etməməyi problemini üzə çıxardı. Onlardan biri rus əsgəridir, digəri almanlara xidmət edir. Bir məsələni də deyim ki, mənim nəslimdən olan insanlar Şamaxıda öldürülüb. Babam da sürgündə olub. Bir dəfə bulvarda babamın əlindən tutub gəzəndə onun üzünə durmuş bir adamla görüşüb-öpüşdü. Babamın görüşdüyü kişisə qorxusundan titrəyirdi. O adamın yanından uzaqlaşandan sonra soruşdum ki, baba, bu kişi kimdir, niyə belə eləyir? Babam dedi ki, “bu məhkəmədə mənim yalandan üzümə duran adamdır”. Bu cür eyni mədəniyyətdən olan adamları sovet dövrü üz-üzə qoyurdu. Əsərdə bu cür adamların sufi sevgisiylə bağışlanma anını təsvir etmişəm. Romanda bu cür dəyişimlər, üzünü itirən insanların obrazları var, məsələn, başqa bir məqam da var ki, qəhrəman Rusiyadan ölü adı ilə tabutda qayıdır. Çünki bu gerçəklikdə Rusiyadan ruhaniyyatı diri qayıtmaq mümkün deyil, özüm də orda 10 il yaşamışam və bilirəm. Orda kim olursan ol, ikinci dərəcəlisən. - Əsərin finalı qəribə bitir, situasiyadan asılı olaraq çevrilmələr xatırlamayla sona çatır. Sanki bu uşaqlığı xatırlama elə uşaq olub yox olmaqdır, ya da insanın ancaq xatirələrindən ibarət olması. - Mənim üçün əsərin ən ağır və lazımlı məqamı da məhz həmin final hissəsidir. Əsərin əvvəlində qəhrəman balıqçıya, barmenə, oğruya çevrilir. Bütün bunlar çevrilmələr və insanın özünə var olmasını sübut etməsidir. Bu roman bir əsr ərzində xalqın yaşadığı nağıldır. Mənə belə gəlir ki, bugünkü Azərbaycan oxucusuna böyük mətn lazım deyil. Mən epoxal düşünən adam deyiləm, daha çox bir anın bir düşüncənin yazıçısıyam. Ona görə də bu insanlara bircə anını göstərməlisən ki, indiki halətdə, bir anın içində dərk etsin özünü. Onsuz da biz özümüzü tarixin sınağında dərk etməmişik. Onu da deyim ki, bu əsər artıq mənim ikinci romanımdır. Bundan başqa “Yeddi” adlı romanım da var. “Yeddi” romanı isə post-hürufi roman idi. Orda da yeddi görk, yeddi dəyişim, yeddi ölüm, yeddi doğuluş var. Bunlar mənim ədəbiyyatla zikrimdir. - Romanın sonunda qəhrəman özünə doğru qaçır, amma çata bilmir. Bu bədbinlik nədən doğur bəs? - Yox, ümumiyyətlə, insanın özünə çatması mümkünsüzdür. Gecənin gecə, gündüzün gündüz olması da bizim təfəkkürümüzdür. Mütləq həqiqət yoxdur. Bir günü iki dəfə yaşamaq olmaz, bir çayda iki dəfə çimmək olmaz. Əminəm ki, bugünkü Azərbaycan ziyalısı mənim yazdığım qəhrəmanın vəziyyətindədir: şaşqın, müəyyən ideoloji, ruhani sferada oturuşmamış, keçmişini, bu gününü və gələcəyini vəhdətdə görə bilməyən, sınıq xatirələrlə, ideoloji havalarla sayıqlayan biridir. Bizim hansı yazıçımız yüz il sonranı göstərə bilib? Hamımız keçmişimizlə yaşmağa məhkum olmuşuq. Olan oldu. Vəssalam. Bəs bundan sonra nə olacaq və nə olmalıdır? Bax bunu deyən yoxdur. Ona görə də nə yazılsa ölü mətndir. Ədəbiyyat həm də gələcəyə güzgü tutmalıdır. /kulis.az/
|