Elvin Bakiroğlu - Gecə, Lampa və Mən
05.09.13
gecə açmış gözünü bir dənə lampa və mənəm, yanacaq mənlə qoşa sübhə qədər, dinməyəcək. elə bir keşik çəkir tərpənə bilməz, əminəm, ya da söndürüb yandırım onu diksinməyəcək.
alışıb xeyli mənim təkliyimin cütlüyünə, o da bir xeyli sevinmiş, məni tapmış gecələr. çatır imdadıma tez şeirdə düşsəm düyünə, ya da çaşdırsa məni sözlə bağlı bilməcələr.
bu adi lampa deyilsə, deməli canlıdı bu, qızdırır həm otağı, həm də elə canımızı. həmi nur verir, həm yanır, isidir ömrü boyu, həm də təsvir eləyir hiss və həyəcanımızı.
hamı yatmış biz isə lal-dinməz oturmuşuq, qalmışıq tək başına lampa da mən də hər gecə. bəzən olmuş ki saatlarla üz-üzə durmuşuq, o tavandan asılıb mənsə divandan beləcə.
onu mən tək qoyuram, hər səhər çıxıb gedirəm, ürəyim onda qalır, bir Allah şahiddi. şüşədəymiş necə ki canı divin, zənn edirəm, mən də öz canımı bu lampaya verdim getdi.
elə bir keşik çəkir tərpənə bilməz, əminəm, ya da söndürüb yandırım onu diksinməyəcək. gecə açmış gözünü bir dənə lampa və mənəm, yanacaq mənlə qoşa sübhə qədər, dinməyəcək...
Avanqard.net
|