Natiq Məmmədli İsi Məlikzadənin “Dədə palıd”ından danışır
19.07.13
“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı, “Kaspi” qəzetinin baş redaktoru və əməkdar jurnalist Natiq Məmmədlidir. Natiq Məmmədlinin ən sevdiyi əsər İsi Məlikzadənin “Dədə palıd” povestidir. - Natiq müəllim, İsi Məlikzadənin “Dədə palıd” povesti niyə çox sevirsiz? - Əvvəla onu deyim ki, İsi Məlikzadənin qələmi insanın ən həzin duyğularından tutmuş ən mürəkkəb psixoloji məqamlarına qədər bütün hisslərini, duyğularını, gərginliyini ifadə edə bilir. Təsadüfi deyil ki, əsərlərinə ən çox film çəkilmiş müəlliflərdən biridir. İsi Məlikzadə yazdıqlarını həm də ekranlaşdırır. Bundan başqa, onun bütün hekayələrində, bütün povestlərində özümdən nəsə görürəm. Sanki İsi Məlikzadə mənim hər zaman oxumaq istədiyim, hər zaman gözlədiyim mətnləri çoxdan duyaraq yazıb. Bu baxımdan onun bütün əsərləri arasında ciddi fərq qoymuram, amma qəlbimin dərinliyində “Dədə palıd” povestinin xüsusi bir yeri var. Bu əsər həm məzmun, həm sujet baxımından tamam fərqli əsərdir. “Dədə palıd” acı reallıqları bədii boyalarla təsvir edən mükəmməl bir povestdir. - O dövrün ədəbiyyatında işçi rejimə etirazını bildirən obrazlarla yanaşı özünü işə həsr etmiş obrazlar da rastımıza çıxırdı. Məsələn, Əkrəm Əylislinin “Ömür tez keçdi qardaş” adlı kino-povestinin qəhrəmanı olan qadın zavoddan evə getmir ki, birdən zavod yanar. Yəni o qadın özünü sosrealizmə, quruluşa həsr edən obraz idi. “Dədə palıd” əsərində də Bağır meşədən evə getmir, dirrik eləyir, bostan əkir, meşəni qoruyur, işini həyatının əsas qayəsinə çevirir. Bu cür obrazlar barədə nə deyə bilərsiz? - Əvvəla onu deyim ki, İsi Məlikzadənin əsərləri 60-cı illər estetikasından qabağa getmiş əsərlərdir. Mən onun əsərlərini həmin dövrün meyarları ilə ölçməzdim. Bu əsəri müzakirə ediriksə, gəl birinci əsərin bədii kompozisiyasından danışaq. Əsərdə üç konflikt xətti var. 1. Meşənin müdiri İdrisov və harınlamış restoran sahibi Piti Namaz. 2. Bağırın qızı Nazlı, o Nazlı ki, şəhərdə kirayədə qalmaqdan bezib ərindən ayrılıb atasının yanına gəlib, ailəsi dağılmaq təhlükəsi altındadır. Bağırın kürəkəni Müzəffər və nəvəsi qızı Tünzalə. 3. Nurcabbar, o Nurcabbar ki, meşədə çalışır, ziyalı obrazıdır, nağıllar yazır və bütün nağıllarının qəhrəmanı Dədə palıddır. Və bir də evini Piti Namaza satmayan meşədə çalışan zəhmətkeş Bağır. İlk iki xətt sosial müstəvidə Bağır və Nurcabbar xəttinə qarşı dayanır. Yazıçı Dədə palıdı simvollaşdıraraq onu müqəddəs dəyər kimi təqdim edir. Bağır və Nurcabbarı isə həm Dədə Palıdın, həm də Bağırın yaşadığı evin, – sonradan satmağa məcbur olur, – bir sözlə, dəyərlərin müdafiəçisi kimi göstərir. Yazıçı bu dəyərlərin müdafiəçilərinin nə qədər gücsüz, müəyyən məqamlarda çarəsiz və qətiyyətsiz olduğunu canlandırır. “Dədə Palıd” povesti 1979-cu ildə yazılıb, elə vaxtda ki, bu reallıqları bədii dillə ifadə eləmək xüsusi bir cəsarət və incəlik tələb edirdi. Dədə palıd və ev, əslində, Azərbaycanın simvoludur. Yazıçının fikrincə, bu şər cəmiyyətində bu dəyəri, vətəni müdafiə edən adamlar yorulmuş, taqətdən salınmış adamlardır. Povestdə çox mükəmməl şəkildə Dədə Palıdın quruma səhnəsi təsvir olunub. Dədə palıd axırda özü bezir və qurumağa başlayır, sanki təbiət də olanlara protest edir. İnsanların acizliyindənmi, zamanın labüdlüyündənmi öz-özünə quruyur palıd, sanki ev də öz-özünə satılır. Bağır da, Nurcabbar da öz-özünə təslim olur. Çünki şər cəmiyyətində xeyirxahlıq və dəyər mübarizədə məğlubiyyətə məhkumdur və bu reallıqda hər şey elə belə də olmalıdır. Son məqamda əsərdə gələcəyə yönəlik incə bir mesaj var. Dədə palıdın yerində restoran tikən, evin satıb vətənini dəyişən adamlar, eyni zamanda gələcəyin qurucuları, arzularını reallaşdıran adamlardılar. O gələcəkdə nə Bağıra yer var, nə də Nurcabbara. İsi Məlikzadə bu əsərdən üç il əvvəl “Quyu” povestini yazmışdı. Həmin əsərdə quyu qazıldıqca insanların mənəviyyatı görünür, iç üzü açılır. Hər şey ifşa olunur, quyunun qəhrəmanını adı da Umuddur, yəni Ümid. O qorxaq cəmiyyətdə, susan cəmiyyətdə öz yerini görə bilmir. “Quyu” əsərində qoyulmuş ideya “Dədə palıd” əsərində davam edir. Quyunu qazan adamlar sonradan Dədə palıdı da kəsirlər, evlərini də satırlar. Həmin dövr ədəbiyyatında bu xətt davam elədi. Mövlud Süleymanlının “Dəyirman” povestində biz bunu gördük, quyunu qazan, Dədə palıdı kəsən adamlar, sonradan dəyirmanı murdarlayırlar, kababxanaya çevirirlər. - İsi Məlikzadənin “Evin kişisi”, “Küçələrə su səpmişəm”, “Dədə palıd” və başqa əsərlərində qəhrəmanların mübarizəsi məğlubiyyətlə başa çatır. Sizcə, İsi Məlikzadə niyə daha çox məğlub qəhrəmanlar yaradırdı? “Dədə palıd” əsərində məğlub qəhrəmanlar daha qabarıqdır. -İnsan nəyə görə ümid edir, insan ona görə ümid edir ki, nəyinsə dəyişəcəyinə inanır. Sənin qaldırdığın məsələnin davamı kimi deyim ki, bu qəhrəmanlar vuruşmurlar, amma hamısı da kişi obrazlarıdır. Ümumiyyətlə, onun yaratdığı müsbət qəhrəmanlar ləyaqətli, ancaq cəmiyyətdə özlərinə yer tapa bilməyən kişilərdir. Şər cəmiyyətində kişilərə yer yoxdur, birinci növbədə qarşıya qoyulan məqsəd vicdanlı adamların sındırılmasıdır, cəmiyyətin kişilərini sındırmaq, cəmiyyətin dayaqlarını məhv eləmək deməkdi. Yazıçı işarə edir ki, geni zədələnmiş kişilərdən uğurlu gələcək gözləmək olmaz. İsi Məlikzadə bu mövzudan sapsaydı, onda romantik görünərdi, bu da onun üslub və ideyasına yaddır. Onun qəhrəmanları döyüşmək üçün yaradılmayıblar. - Dədə palıd həm də şair Nurcabbarın yaratdığı mif idi, çünki o nağıllarını – yazılarını həmin palıddan ilham alıb yazmışdı, ona görə də palıdı kəsən kimi o gedib öz əlyazmalarını yandırır. - İsi Məlikzadənin yaratdığı obrazlar ümumiləşmiş bədii tiplərdir. Piti Namaz kimdir? Fürsətcil biridir, o dövr üçün qabiliyyətli adamdır, restoran açıb, rayonda ən yaxşı pitixananın yiyəsidir. Sosrealizmin tüğyan elədiyi dövrü nəzərə alsaq, Piti Namaz dırnaqarası Sovet “sexovşik”lərinin, Sovet rejiminin gizli iqtisadiyyatında özünə yer etmiş bosslarının ümumiləşmiş obrazıdır. Amma o tək deyil, o vaxt Azərbaycan Piti Namazlarla dolu idi, ola bilsin ki, adları fərqli idi, amma çox idi. Və yaxud da İdrisov özü, tipik Sovet məmuru və feodalı idi. Bəs Nurcabbar kimdir? O uğursuz yaradıcı bir insandır, öz faciəsini yaşayan adamdır, qiyməti verilməyən, küncə sıxışdırılan, meşəyə qaçan yaradıcı bir adamdır. Nurcabbarlar da çox idi, ədəbi mühitdə. İsi Məlikzadə əsərlərində bu cür ümumi tiplər yaradırdı. Dədə Palıd da belədir, o təkcə ağac deyil, o həm də bir simvoldur. Özü də bu Dədə Qorqudu baş-ayaq edib, nə bilim olub-keçənin başına oyun açıb yaradılmış simvollardan deyil, yaşanılmışdı, realdı. Həmin Dədə palıd obrazında Azərbaycanı görə bilərikmi, görə bilərik. Bağırın simasında evini qoruya bilməyən Azərbaycan kişisinin yaşantılarını görə bilərikmi, əlbəttə, görə bilərik. Əsərin axırında belə bir cümlə var: “Övlad necə amansız olarmış, fələk”. Bağır evini qızı Nazlıya görə satır . O evini satmasa qızı boşanacaq. Övladının qurbanına çevrilmiş valideynlərin taleyi var bu əsərdə. İsi Məlikzadə güclü qəhrəman yaratsaydı, pafoslu qəhrəman yaratsaydı, biz bu əsəri müzakirə eləməzdik. Nurcabbarı da Dədə palıdı kəsərək mifini, ideyasını dağıdırlar, dəyərini əlindən alırlar. Əgər dəyər yoxdursa, onun haqqında yazılanlar nə qədər inandırıcıdır və kimə lazımdır?! - Povestdə bir “rels”in üstündə olan qəhrəmanlar Nurcabbarla Bağırdır. Amma onlar da bir-birini anlamır. Nurcabbar daim öz dərdini Kür çayına danışır. Bu vicdanlı adamlar belə bir-birini başa düşmürlər, ruhən yaddırlar. Bu məqama fikir vermisinizmi? - Ziyalının sözünü kütlə eşitmir. Nurcabbar Bağıra deyir ki, sən bilirsən mən nə yazıram? Bağır deyir ki, hə, şeir yazırsan. Nurcabbar deyir, yox, mən nağıl yazıram. Bağır ona üz tutur ki, əşi ikisi də bir şeydi də. Nurcabbar Bağıra bir sual da verir, deyir, sən heç kitab oxumusan? Bağır cavab verir: “Kitab oxumaq mənim nəyimə lazımdı”. Müəllif kütlə ilə yaradıcı insanın münasibətini, kütlənin hətta öz yanında dayanmış istedada qarşı etinasızlığını göstərir. Ona görə də Nurcabbar kimi düşünən beyinlər öz dərdini Kürə danışır, yazdıqlarını da sandığa yığır. Bu gün elə 500 tirajla çap olunan kitablar da sandığa yığılmış kitablardır, bugünkü kitablar oxucuya çatırmı, yox çatmır. Yaradıcı adamın faciəsi nədir? Oxucusunun olmamağı və onu lazım olan adamların dinləməməyi. Nurcabbarı da dəli hesab edirlər, hətta Bağır kimi müsbət obraz da onu ağıldankəm sayır. Yəni, millət öz öndəgedəninin qədrini bilmir. Ona görə də tarixin hər dönəmində biz periodik olaraq eyni səhvləri təkrarlayırıq. Bu səbəbə görə də həmişə də Piti Namazlar gəlib bizim Dədə palıdımızı kəsəcəklər, evimizi də əlimizdən alacaqlar v s.. - Bağır təzyiqə bilavasitə Piti Namaz və İdrisov vasitəsiylə məruz qalır, amma qızının evi olmadığına görə ailəsi dağılması məsələsi meydana çıxanda evini satmağa razı olur. Ümumiyyətlə, namərdliyin ən murdar göstəricisi özünü göstərir: qürurlu adamları məişət müstəvisində sındırırlar. İsi Məlikzadənin bu əsərinin mənə elə gəlir ki, əsas mesajlarından biri də məhz bu insanların öz məişət problemləri ilə sındırılması, bəşəri dəyərlərin güzəran qayğılarına məğlub olması faktıdır. -Bu sualın kökünü ictimai maraqlarda axtarmalıyıq. Bağırın qızı elə bilir ki, atasının evini satıb kooperativdə bir otaqlı ev alsa, məişət problemi həll olunacaq və xoşbəxt olacaq. Amma unudur ki, o şəhərdə başqa bir İdrisovun, – ola bilsin ki, başqa soyadda – təsiri altına düşəcək. Yazıçı bu yığcam əsərdə o qədər şeylər toxunub ki, ümumiləşdirmələr açıldıqca mahiyyəti çox yerə bağlamaq olur. Burda söhbət təkcə evin satılmasından getmir, söhbət cəmiyyət üçün yararlı adamların təklənməsindən gedir. Axırda Bağır evini satmağa razı olub qızına deyir: “Neynək, mən gedib meşədə yaşayaram”. Yəni cəmiyyət ağıllı adamları, heyvan kimi meşəyə ötürür, onlara cəmiyyətdə yer vermir. Sovet dövründə belə bir əsərin yazılması, bu ideyaların yayılması çox çətin məsələ idi. Bu gün də belə real hadisələrdən yazmaq lazımdı, reallığı qoyub yalandan tarixi baş-ayaq etməklə, Dədə Qorqudu böyrü üstə qoymaqla yaranan qurama yazıçılar kimə lazımdı? Bunlar həyat hadisələridir, yaşanılmışdı, ona görə də insana təsir edir və yaşayır. -Əsərin sonunda “axırı olmayan qəhrəmanlar” barədə düşünməli oluruq. Bağır bundan sonra meşədə tək necə yaşayacaq? Artıq Dədə palıd kəsilib, o boyda mifi dağılmış Nurcabbar nədən yazacaq? Yazmayacaqsa onun bundan sonrakı taleyi necə olacaq, yaxud Bağırın qızı Nazlı alacağı evdə xoşbəxt olacaqmı? -Müəllif əsərin axırında üç nöqtə qoyur, yəni bu hadisələrin gələcəkdə də olacağına aşkar işarələr edir. Ona görə də bu faciələr hələ davam edəcək, hələ bu cür hadisələr çox yaşanacaq. Qəhrəmanların axırı isə heç kəsə lazım deyil, çünki onların reallıqları bəllidir, yaşayacaqlarsa da belə yaşayacaqlar. Necə yaşamaqlarının fərqi yoxdu, onsuz da neyləsələr bu gerçəklikdə yaşayacaqlar, faciə məhz budur. - Bu cür təmiz ideyalardan yazmaq yazıçının hansı üstünlüyündən xəbər verir? - Belə təmiz ideyaları yazmaq çox çətin məsələdir, ürək məsələsidir. Belə bir misal var, bariton səsə malik müğənni əgər kinlidirsə, onun səsinin çalarları heç vaxt gözəl, ürəyəyatımlı ola bilməz. Bunu ədəbiyyata da şamil etmək olar. Görünür, onun gözəl ürəyi vardı ki, bu cür kinsiz, canayatımlı əsərlər yazırdı. /kulis.az/
|