Təkcə “Karamazov qardaşları”nı xatırlamaq yetər
18.07.13
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, Səlim Babullaoğlu Mütərcim Nəşriyyatının təsisçisi və rəhbəri, "Mütərcim" jurnalının baş redaktoru, alim Telman Vəlixanlını 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Telman müəllim! Bir alim üçün öz 50 yaşını və bu əlli illik ömür içində yorulmaz yaradıcı və təşkilati fəaliyyətinin bəhrəsi olan jurnalın, əslində övladının 20 yaşını eyni vaxtda qeyd eləməkdən gözəl tale arzulamaq olmaz. Bu o deməkdir ki, Siz ömrünüzün aşağı-yuxarı yarısını sərf etdiyiniz bir ləyaqətli işi də artıq böyüdüb başa çatdırmısız. Bu gün müstəqilliyimizin yaşıdı olan “Mütərcim” jurnalı milli ədəbiyyat tariximizin olduqca işıqlı səhifəsi, danılmaz və dəyərli faktıdır. İş elə gətirib ki, son 15 ildə tərcümə işinin vəziyyəti haqda ətraflı məruzə eləmək mənim öhdəmə düşüb, həmin məruzələr vaxtı “Mütərcim”in işi ilə bağlı kifayət qədər danışmalı olmuşam, indi özümü təkrar etmədən, əminliklə yalnız bir şeyi qeyd eləmək istəyirəm. On illər keçəcək, vaxt gələcək, bu dövrü tədqiq edən həmkarlarımız tərcümə məsələləri ilə bağlı günümüzün səhnəsini canlandırmaq istəyəndə, orda “Mütərcim” jurnalının nə qədər önəmli yer tutduğunu, bu illər ərzində tərcümə nəzəriyyəsi, tərcüməşünaslıqla bağlı dərc olunan materialların ən böyük kütləsinin məhz Sizin rəhbərlik elədiyiniz, təsisçisi olduğunuz jurnalın üzərinə düşdüyünü minnətdarlıqla xatırlayacaqlar. Sizi, çağımızın tanınmış, istedadlı elm adamını, türk-slavyan etno-mədəni əlaqələrinin dəyərli tədqiqatçısını, bir çox fundamental ədəbi və elmi əsərlərin tərcüməçisini (təkcə “Karamazov qardaşları”nı xatırlamaq yetər), pedaqoqu, elm və ədəbiyyat təşkilatçısını, müasir Azərbaycan elminin dünyanın bir çox ölkələrində dəyərli təmsilçisini, nəhayət “Mütərcim” jurnalının təsisçisini və rəhbərini 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, Sizə çoxlu şəxsi və yaradıcılıq uğurları arzulayıram. Qoy, “Mütərcim”in 50 yaşını qeyd eləmək həm Sizə, həm də bizə nəsib olsun... Dostluq və həmkarlıq duyğusuyla...” Telman Vəlixanlını Mütərcim Nəşriyyatının icraçı direktoru Əliş Mirzallı da təbrik edib. Təbrikdə deyilir: "Tanınmış rus filosof-pedaqoqu İ.M.İlyinskinin sözüdür: «Keçmişi oxumaq, bu günü yaşamaq, gələcək üçünsə yaratmaq gərəkdir.» Sanki professor İ.M.İlyinski bu sözləri öz həmkarı, ədəbiyyatşünas-alim, naşir-tərcüməçi, professor Telman Vəlixanlı haqqında demişdir. Bu günlərdə 50 yaşı tamam olan Telman Vəlixanlı üçün keçmişdən dərs alaraq bu günü yaşamaq, gələcək üçün yaratmaq həyat amalıdır desək, yanılmarıq. O, türk-slavyan etno-mədəni əlaqələrinin görkəmli tədqiqatçısı kimi, artıq neçə illərdir ortaq ədəbi, mədəni dəyərləri öyrənir, qarşılıqlı ədəbi təsirlənmələri araşdıraraq bugünkü oxuculara təqdim edir. Telman Vəlixanlı bir yandan klassik rus ədəbiyyatından bədii tərcümələr edərək, bu zəngin söz xəzinəsini milli ədəbiyyatımızın faktına çevirir, digər yandan müasir Azərbaycan ədəbiyyatının MDB məkanında sistemli təbliğatı ilə məşğul olur. Bu yöndə dəyərli filoloji araşdırmaları, məqalə və resenziyaları nüfuzlu xarici mətbuat orqanlarında, elmi toplularda nəşr olunur. Azərbaycan-rus ədəbi dialoqunun bu günü və perspektivləri, iki xalq arasında humanitar əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görür. Telman Vəlixanlının həm elmi, pedaqoji, həm də tərcüməçi, naşir, redaktor kimi fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, doğrusu hansı məqama üz tutmağı müəyyənləşdirməyə çətinlik çəkirsən. Onun bu sahələrin hər birində öz sözü, öz imzası var. Telman Vəlixanlı ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan alimlərimizdəndir. Əsərləri Rusiya, Ukrayna, Bolqarıstan, Latviya, Qazaxıstan, Gürcüstan, Türkiyə, Almaniya və s. ölkələrdə mütəmadi nəşr olunur. Monoqrafiyaları Rusiya və Türkiyədə çap edilib. O, bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda əsas məruzəçi kimi ölkəmizi ləyaqətlə təmsil edib. Telman Vəlixanlı sözün əsl mənasında gözəl müəllimdir. Ucqar dağ rayonunda orta məktəb müəllimliyindən ölkənin ən nüfuzlu ali məktəblərindən olan Bakı Slavyan Universitetinin professoru vəzifəsinə qədər şərəfli yol keçib. Neçə illərdir BSU-nun Məktəb-Lisey Kompleksinə rəhbərlik edir. «Ömrünü gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridir» ifadəsini Telman müəllimə şamil etsək, heç də yanılmarıq. Məhz onun təşəbbüsü ilə bu unikal təhsil ocağında əvvəlki müəllim nüfuzu, tədris nizam-intizamı saxlanılmaqla, ən yeni təhsil innovasiyaları, təlim texnologiyaları uğurla tətbiq olunur. Telman müəllim öz ali və orta məktəb təcrübəsini milli dərsliklərin hazırlanması istiqamətində də sınayır. O həm alim, həm də pedaqoq kimi yeni dərsliklərin yaradılmasında yaxından iştirak edir. Professor Telman Vəlixanlı istedadlı naşir, təcrübəli redaktordur. Onun rəhbərlik etdiyi «Mütərcim» nəşriyyatı ölkəmizdə yaranan ilk özəl nəşriyyatlardandır. Bu il 20 illik yubileyini qeyd edən nəşriyyat respublikamızda, onun hüdudlarından kənarda kifayət qədər nüfuz qazanmışdır. Beynəlxalq kitab sərgi-yarmarkalarında ölkəmizi uğurla təmsil edən nəşriyyat bir sıra xarici ölkə yaradıcı birlikləri, universitetləri, nəşriyyat və kitabxanaları ilə sıx əməkdaşlıq edir. Azərbaycanda bədii tərcümə işinin böhran yaşadığı bir dövrdə Telman müəllimin təsis etdiyi və baş redaktoru olduğu «Mütərcim» tərcümə dərgisi uzun illər bədii tərcümə işinin ağırlığını öz çiyinlərində daşımışdır. O, baş redaktor kimi respublikanın peşəkar tərcüməçilərini «Mütərcim» jurnalının ətrafına toplamış, hələ indiyə qədər dilimizə çevrilməmiş bir çox ədəbi şedevrlərin Azərbaycan dilinə çevrilməsinin təşəbbüskarı olmuşdur. Sovet hakimiyyəti illərində qadağan olunmuş və ya dilimizə çevrilməmiş bir çox əsərlər məhz bu dərgidə ilk dəfə Azərbaycan oxucusuna təqdim olunmuşdur. Sovet dövründə rus dili vasitəsi ilə dilimizə çevrilmiş bir çox əsərlər yenidən orijinaldan tərcümə edilərək dərc edilmişdir. Telman müəllimin peşəkar jurnalist, bacarıqlı tərcüməçilik fəaliyyətinin nəticəsidir ki, jurnal bugün də öz fəaliyyətini uğurla davam etdirir, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsi, həmçinin milli ədəbiyyatımızın dünya dillərinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Telman Vəlixanlı özü də peşəkar tərcüməçidir. Onun tərcüməsində dahi rus yazıçısı F.Dostoyevskinin «Karamazov qardaşları» romanı ən uğurlu layihə və tərcümələrdən biri kimi dəyərləndirilir. Təsadüfi deyil ki, bu tərcümənin nəşri respublikanın əsas mədəniyyət hadisələrindən biri kimi qiymətləndirildi. Son iyirmi ilin dostoyevskişünaslığına nəzər salanda burada iki şəxsiyyətin adı ilə bağlı olan mərhələləri görə bilərik. Birinci mərhələ professor Məmməd Qocayevin adı ilə bağlıdır ki, məhz onun F.Dostoyevski yaradıcılığından bəhs edən silsilə məqalələrinin, bu dahi rus yazıçısının sovet dövründə Azərbaycan dilinə çevrilməmiş bir neçə əsərinin tərcüməsinin işıq üzü görməsindən sonra respublikada Dostoyevski yaradıcılığına, Dostoyevski irsinə maraq gücləndi. İkinci mərhələ isə professor Telman Vəlixanlının adı ilə bağlıdır. Dostoyevskinin şah əsəri olan «Karamazov qardaşları» kimi irihəcmli və kifayət qədər tərcüməsi çətin olan bir romanı Azərbaycan dilinə məhz Telman müəllim kimi rus və Azərbaycan ədəbiyyatlarının mahir bilicisi olan bir tərcüməçi edə bilərdi. Roman nəşr olunduqdan sonra respublika və keçmiş sovet məkanı mətbuatında tərcüməyə dair çoxlu rəylər, məqalələr dərc olundu. Bu faktı xüsusilə qeyd etmək lazımdır ki, tərcümə Azərbaycanda Yazıçılar Birliyinin Tofiq Bayram adına tərcümə mükafatına, Mədəniyyət və Turizm Nazirliyinin «Qızıl kəlmə» ədəbi mükafatına layiq görüldü. Beynəlxalq Tərcüməçilər Assosiasiyasının Moskvada keçirilən birinci konfransında təsis olunan ən uğurlu tərcümə müsabiqəsinin ilk qalibi də məhz «Karamazov qardaşları» romanının azərbaycancaya tərcüməsi elan edildi. Telman müəllim Azərbaycan şair və yazıçılarının yaradıcılığının dünya dillərində işıqlandırılması, milli ədəbiyyatımızın beynəlxalq aləmdə təbliği sahəsində də uğurla fəaliyyət göstərir. Uzun müddət nüfuzlu «Literaturnaya qazeta» üçün milli ədəbiyyatımız haqqında materiallar hazırlayan Telman Vəlixanlı müasir Azərbaycan ədəbiyyatı, müasir ədəbi prosesin rusiyalı oxuculara çatdırılmasında da mühüm rol oynayır. Almatıda nəşr olunan «Noveyşaya zarubejnaya literatura» adlı külliyyatda «Azərbaycan ədəbiyyatı» oçerkini o qələmə almışdır. Hər bir insanın həyatında onun gələcək fəaliyyətinə yön verən mərhələlər olur. Həmin mərhələlərdə insan keçdiyi həyat yoluna nəzər salır, gələcək addımlarını müəyyənləşdirir. Bu mənada professor Telman Vəlixanlı yarım əsrlik ömrünə, keçmiş həyat yoluna qürurla baxa bilər. Onun bir söz adamı kimi yaşadığı ayları, illəri gözdən keçirərkən Lev Tolstoyun məşhur «Yaradıcılıq üçün çox şey lazımdır, ancaq ən əsası ürəkdə atəşdir» ifadəsi yada düşür. Bütün ömrünü ədəbiyyata, sözə həsr etmiş Telman Vəlixanlını 50 illiyi münasibəti ilə təbrik edir, ürəyindəki atəşin həmişə gur yanmasını diləyir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq". /kulis.az/
|