Gənc yazarlar Kamal Abdullaya dəstək oldu
16.07.13
Bir qrup gənc yazar Kamal Abdulla ilə bağlı bəyanat verib. Həmin bəyanatı təqdim edirik:
Bu günlərdə, Azərbaycan Slavyan Universitetinin rektoru, professor, görkəmli yazıçı Kamal Abdulla haqqında mətbuat səhifələrində, müxtəlif web saytlarda onun bir ictimai-siyasi xadim kimi nüfuzuna, bir yazıçı kimi ədəbi mühitdəki mövqeyinə xələl gətirə biləcək məlumatların yayıldığının şahidi olduq. Kamal Abdullanın hansısa gənc bir yazarı ölümlə hədələdiyi, müxtəlif üsullarla təzyiq etdiyini eşitdik.
Biz Kamal Abdullanın Azərbaycan ədəbiyyatında, ədəbi mühitində sahib olduğu mövqeyə inanır, yaxşı bilirik ki, bizim tanıdığımız Kamal müəllim heç kimi, xüsusi ilə ədəbiyyata həvəs göstərən hansısa bir gənc yazarı ölümlə hədələməz, əksinə ona əlindən gələn qədər qayğı, diqqət və kömək göstərər.
“Kamal Abdulla məni ölümlə hədələyir”,-deyən gənc yazarımız dediyi sözün nə qədər məsuliyyətli olduğunun fərqindədirmi? Sabah ölkənin hüquq-mühafizə orqanları bu işlə maraqlansa, ciddi araşdırmalar aparsa və bəlli olsa ki, bütün bu “hədə-qorxu” gənc dostumuzun xəyal ürünüdür və əgər o zənglər olubsa belə bunu bu məsələlərin təşkilatçıları, qurucusu olan şəxslər edib, onda necə olacaq və baş verənlərə görə kim cavab verəcək?
Biz- ölkəmizin üç gənc yazarı şair dostumuzun heç bir təxribata uymadan, yaşca atasından da böyük olan, ağsaqqal bir yazıçıya qarşı başladığı səhv hərəkətlərə son qoymağını çox istəyirik.
Hörmətlə:
Kəramət Böyükçöl
Ayxan Ayvaz
Mövlud Mövlud
/qafqazinfo.az/
|