Əli Şirin Şükürlü - İran nüvə düzəldir
12.07.13
təqvim – dəyişən hadisələr
gözüm təqvimə sataşır – masanın üstündəki: dekabr ayı – niyə, axı iyuldu indi?
tez də xatırlayıram o keçən ilin təqvimidir; dekabr ayında qalıb.
il bitəndən sonra ən azı bir il saxlayıram köhnə təqvimi – adətimdi.
yeni təqvimə baxıram: 06.07.2013 – şənbə günü. dünən cümə günü, ayın beşi idi. 5, 6-nı əvəz edəndə yuxudaydım. gör nə qədər hadisə baş verib mən yuxudaykən.
geydiyim paltarlar köhnəlib “bir gün” də. diş fırçasını dəyişmək lazımdır, vaxtı keçib. kandardakı lampalardan biri yanmır...
az sonra xəbərləri izləyirəm internetdə. gör nələr baş verir bir gündə, necə dəyişir hadisələr, xəbərim olmur.
zaman ki var a zaman – dəyişməsidir hadisələrin.
yaxşı ki, dəyişir hadisələr. yoxsa donardı zaman. elə məkan da – hadisələrlə birgə içində olduğumuz, - zamana perpendikulyar. şəkiləbənzəyərdi. biz də şəkildən boylanardıq indi.
saata nəzər salıram – masanın üstündəki; günortaya az qalır. yarısı ötüb keçdi bir günün də.məndən xəbərsiz hadisələr baş verir yenə hardasa.
üzümə təbəssüm qonur: nə yaxşı, hadisələr şəkilə dönməyib, dəyişir hələ də. xəbərim olmasa da, mən də varam hələ dəyişən bütün hadisələrin içində.
... – 06.07.2013
üçbucaq
xatirələri yığdım bir yerə blyard daşları kimi. alınan üçbucağın üç tərəfi və üç tərəfi birləşdirən üç nöqtə; S – sən, M - mən, O – o.
... dağılar üçbucaq əvvəl-axır. dağılarsa, diyirlənər xatirələr hərə bir tərəfə blyard daşları kimi.
diyirlənərsə xatirələr, hər xatirə bir hadisə daşıyar özüylə.
hər xatirə bir hadisə daşıyarsa, hadisələr üz alar hərə bir tərəfə.
üz alar düz xətt boyunca, üstündə ard-arda üç nöqtə; S, M, O – sən, mən, o.
... – 02.07.2013
asılı olmayan hadisələr
bir-birindən asılı olmayan hadisələr var və biri o birinə səbəb ola bilməz bir-birindən asılı deyilsə.
baxaq:
qarabağı itirdik gözgörəsi.
cövhər dudayevi güllələdilər çeçenistanda.
səddam hüseyni asdılar deyəsən iraqda.
livanda qəddafini qətlə yetirdilər biabırcasına.
suriya hökuməti əldən vermir hakimiyyəti.
iran nüvə düzəldir.
amerika zəncir çeynəyir qəzəbindən.
bir yeniyetmə qız rəqs eləyir inaqurasiyada.
on bir yaşlı qız cihada qalxır fələstində.
bir körpə doğulur – milyonçu.
bir uşaq ölür acından.
və sairə. kifayətdir, məncə. bir-birindən asılı olmayan hadisələr var – deyilmi?
bir-birindən asılı olmayan hadisələr çoxluqlardı riyaziyyatda; bir biri ilə kəsişməyən, yəni ortaq elementi olmayan.
amma, bu yerdə təəssüf, həyat riyaziyyat deyil təkcə.
həyatda bir biri ilə kəsişməsə də, bir birinin içindədir bütün hadisələr.
... – 03.07.2013
|