Ceyhun Musaoğlu: “Yazıçı kütlədən qaçmalıdır ki, kütlə onu öz səviyyəsinə endirməyə çalışmasın” - MÜSAHİBƏ
10.07.13
Yazar Ceyhun Musaoğlunun müsahibəsi.
- Ceyhun müəllim, bildiyimizə görə, ixtisasca jurnalist deyilsiz. Jurnalist peşəsinin isə peşəkarısız. Ümumiyyətlə ixtisasınız üzrə nə vaxtsa işləmisiniz? - 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin axşam şöbəsinə iki “5”-lə qəbul olundum. Akademiyada 2 il təhsil alandan sonra hərbi xidmətə çağrıldım. Həmin dövrdə ordudan təxris olunmaq müvəqqəti dayanmışdı. 4 il Azərbaycan ordusunda hərbi xidmət keçdikdən sonra yarımçıq qoyduğum ali təhsilimi davam etdirdim. Hərbidə olduğum illər atəşkəs dövrünə düşsə də, müharibədən fərqlənmirdi. Güllə səsləri, əsgər ölümləri beynimdə dəyişikliklərə səbəb oldu. Ali məktdəb dərslərinə marağım qalmamışdı. Dərslərə hazırlaşmağa nə vaxtıım vardı, nə də yaşım imkan verirdi. Amma müəllimlərim mənə hörmət edirdilər, çünki birinci-ikinci kursda çox yaxşı oxumuşdum. Həmin dövrdə heç kimi olmayan mən harada işləyə bilərdim ki?! Dövlət Neft Şirkətinə də ixtisası üzrə yüksək biliyi olanları işə götürürdülər. İşə düzəlmək üçün tanış da vacib idi. Vəzifədə olan qohumum yox idi. 1997-98-ci illərdə “Günaydın” qəzetinə - Şahvələd Çobanoğlunun yanına gəldim. Həmin dövrün qəzetlərini oxuyurdum, siyasi proseslərdən xəbərim var idi. Orta məktəbdə həmişə yaxşı inşa yazmışam. 2 il pulsuz işlədim. Nə yaxşı ki, jurnalsitikaya Şahvələd Çobanoğlunun müəllimliyi ilə gəlmişəm. Beləliklə yavaş-yavaş jurnalistə çevrildim. Bir növ işsizlikdən jurnalsit olmuşam. Sevinirəm ki, nə yaxşı mən bu peşəni seçmişəm. Görünür, taleyim jurnalistika ilə bağlıymış. - Mətbuatda maraqlı publisist yazılarla çıxış edirsiniz. Bu qədər sözü haradan tapırsınız? - Əslində sözü tapmırsan. Az sayda sözlə də möhtəşəm fikir işlətmək olar. Məsələn, Nazim Hikmət sevgilisinə belə deyib: “Sən mənim məmləkətimsən”. Ona qədər sevgililərinə belə deyərdilər: “Dünyada iki varlığı sevirəm, səni və vətənimi”. Gördüz nə qədər söz işləndi. Nazim isə cəmi iki sözlə həmin iki varlığı birləşdirib bir elədi. Əsas fikirlərdir. Beyin quruluşu da bu məsələdə əsas rol oynayır. Beyin quruluşumdan xəbərim yoxdur, Allahın yaratdığıdır. Bir qədər mütaliəli adamam, çox oxuyuram. Hər gün 50-60 səhifə oxumasam o günü bitmiş hesab etmirəm. Təbii ki, çatdıra bilmirəm. Yollarda, metrolarda, parklarda oxuyuram. Yanımda gəzdirdiyim çanta kitablarla doludur. Birinci oxumaqdır, sonra yemək. - Marsel Prust yazıçı olduğu üçün özünü dəli sayırdı... Nə qədər haqlıdır? - Çoxluqdan fərqlənən hər bir insana dəli damğası vurmaq olar. Çünki dəlilər görünüş və düşüncələrinə görə çoxluqdan fərqlənirlər. Hələ müəyyənləşdirə bilməmişik ki, normal insan bizik, yoxsa onlardır. Tibbə görə insan beyninin quruluşu, hərəkətləri adi vəziyyətlərdə normaldır, əksi olanda – qeyri-ixtiyari qışqırmaq, atılıb-düşmək anormallıqdır. Bunu bir qrup tibb adamı müəyyənləşdirib. Bəlkə anormal bizik, normal insanlar anormaldır, dəlilər ağıllıdırlar, bəlkə də onlar daha düzgün həyat tərzi keçirirlər. Heç kəsi veclərinə almırlar, düşüncələri tamam fərqlidir, tamam başqa şeylərdən danışırlar. Bəlkə də onların danışdıqları daha həyatidir, nəinki bizim danışdıqlarımız. Bəlkə də biz daha çox danışığımızı ütüləyirik - bunu demək olmaz, onu danışmaq olmaz. Çox düşünürük, lazım olan həqiqəti ortalığa çıxara bilmirik. Vaxtilə güclü şair və jurnalist İlyas Ərnəfəs bizə görə anormal adamdı. “Azərbaycan” Nəşriyyatının qarşısını özünə məskən seçir. Belə deyirlər ki, o, artıq bizlərdən deyil, bizim kimi deyil. Amma mən heç vaxt ona dəli demirəm. Hərdən onunla həmsöhbət oluram. Daha doğrusu o, danışır, mən dinləyirəm. O qədər maraqlı danışır ki, rabitəsiz, qırıq-qırıq, ordan-burdan... Onun fikirlərini bir yerə yığanda görürsən ki, mən heç vaxt belə düşünməmişəm, o cür fikirləşməmişəm. Bəlkə də ona görə yazıçılara dəli deyirlər ki, onlar başqalarının düşündüyü kimi düşünmürlər. Bu dəlilik mübarək dəlilikdir, qoyun bütün yazıçılara dəli desinlər. Çünki yazıçıları fərqləndirən cəhətlər bütövlükdə onları dəli kimi göstərirsə, qoy onlar əbədi olaraq dəliliklərinə davam etsinlər. Prustla tamamilə razıyam, yazıçılar dəlidir. Bizim prizmamızdan Kafka normal adam deyil. Markes kimi düşünən adam necə normal ola bilər? Nələr yazırlar, nələr yaradırlar onlar. Van Qoq tamam başqa adam idi, güllələyərək özünü öldürdü, bundan əvvəl isə qulağını kəsmişdi. Qeyri-adi bir adam idi. Salvador Dali heç kimə bənzəmirdi. Yaratdıqları isə ilahi idi. Bu adamlar normaldan dəfələrlə üstündür. Yüz qat normaldırlar deyə, bizim gözümüzdə dəli kimi görünürlər. - Ətrafda olan hər şey sürətlə dəyişir deyirlər: əxlaq, həyat, insan, ənənələr, dəyərlər... Həqiqətdə nə dəyişir? - Babamla atam eyni deyil, atamla mən, mənimlə də övladım eyni deyilik. Sadəcə olaraq dəyişən insan təfəkkürüdür, beynidir. Yeni insan tipi yaranıb, o da yeni texnologiyalar yaradır. Yeni insan tipinin yaranmasının səbəbi dünyadakı ekoloji tarazlığın pozulması və informasiya bolluğudur. Əvvəllər dağ başında yaşayan çoban heç bir informasiya ilə təmin olunmurdu, çirklənmiş atmosferdən qidalanmırdı, dağların başından süzülüb gələn bulaq suyu içirdi, tər-təmiz yeməklər yeyirdi və onun beyni tamam başqa cür işləyərdi. Hər şeydən – bütün sivilizasiyalardan uzaq fərqli insan tipi idi. Artıq bu gün kəndlər yoxdur, hamı şəhərlərdə yaşayır. Ən ucqar dağ başında informasiya, kompüter var, bu gün biz həmin unudulmuş yerlərdən informasiya alırıq. Dünyanı idarə edənlər bunu qəsdən belə ediblər. İnsan beynini sıradan çıxarmaq, insanı yormaq, onun enerjisini oğurlamaq dünyanı idarə edən qüvvələrə lazımdır. Bu mənada mənəviyyat, tərbiyə dəyişib deyirlər, dəyişikliyi bu cür yozmaq düzgün deyil. İnsan həmişə tərbiyəlidir. Tərbiyə və əxlaqı sivilizasiyanın dəyişməsilə ölçmək düzgün deyil. Mental dəyərlər dəyişə bilər. Avropalı toyunu otuz nəfərlə edir, sakit və rahat keçirir. Bizim toylara 500 nəfər çağırıb minlərlə pul xərcləyirsən. Toy bitir, məlum olur ki, qazanan sarayın sahibidir. Başlayırsan bu ənənənin əleyhinə danışmağa. Və nümunə axtarırsan. Nümunə isə Avropanın mərasim ənənələri. Mental dəyərlərin dəyişməsi bəzən vacibdir. Ümumiyyətlə dünyanın toxunulmamış dəyərləri var ki, o bütün millətlər üçündür. Bu dəyərlərə xidmət etmək, öz xalqının ənənələrinə xidmət etməyə bərabərdir. Fərqi yoxdur, o almanın dəyəridir, ya da ki azərbaycanlının. Alman da azərbaycanlı kimi öz atasına hörmət edir. Fransız da ağsaqqala, ağbirçəyə diqqət ayırır. Ən böyük dəyər qanunlara hörmətlə yaşamaqdı. Bu mənada avropalılar çox qabaqdadı. Onlar ona görə rüşvət verib, rüşvət almırlar ki, birincisi qanunla yasaqdı, ikincisi qürurlarına sığıdırmırlar kiminsə pulu ilə yaşamağı. Bax onlar üçün həyat gözəldi. Biz isə həmişə həyatı lənətləyirik. Yox, həyat dünən də gözəl idi, bu gün də gözəldi. Pis olan xislətdi. Min il sonrakı dünya da gözəl olacaq. Yetər ki, sən orda başqasının azadlığına toxunmadan rahat yaşaya biləsən. Qardaşım, sən gedib zavod açırsan, sonra da mazut yandırıb tüstüsünü şəhərə verirsən və insanlar boğulurlar. Gedib restoran açırsan, səhərə qədər çalıb - oynayıb, sonra da fişəng atırsan və insanlar yata bilmirlər, onların rahatlığını pozursan. Dünyanın dəyişməsinin bu məsələlərə heç bir dəxli yoxdur. Sən özünü çox tərbiyəsiz aparırsan, başqalarının azadlığına toxunursan, yuxusunu əlindən alırsan... Bəlkə biri səhər tezdən durub işə gedəcək, bəlkə də biri işdən dincələmək üçün həmin saat evinə gəlib? Bütün bunları düşünmədən günahı dünyanın üzərinə atırlar. Tez-tez deyirlər ki, zəmanə dəyişib, uşaqlar bütün günü bardadırlar. Qardaşım, valideyinin özü o uşağa nəzarət etməlidir ki, bara getməsin. Heç kəs zamanın, dövranın dəyişməsindən gileyli olmamalıdır. Biz özümüzdə düzgün yaşamaq tərzini formalaşdırmağı bacarmalıyıq. Düzgün yaşamaq tərzi çox asandır. Başqalarının azadlığına toxunmadan yaşa, küçənin ortasında siqnal vermədən, avtomobili möhkəm sürmədən, insanların üstünə çıxmadan, qışqıra-qışqıra danışmadan, söyüş söymədən, başqalarının xətrinə dəymədən yaşamaq lazımdır. Beş-altı oğlan meşədə, yanlarında kimsə, xüsusi ilə xanım olmayanda söyüşlə danışa bilərlər, hətta bu danışıqlarından ləzzət də alarlar. Elə əksər lətifələr söyüşlədi. Amma başqalarının yanında onlar bunu edə bilməz. İnsan mütləq başqalarına görə yaşamalıdı. - Ceyhun müəllim, bir çox yazıçı deyir ki, kütlə arasında olanda ağlımı itirirəm. Bukovski də belə fikirləşirdi.. - Yazıçı kütlənin içərisində ola bilməz. Mən yazıçı deyiləm, adi jurnalistəm. Amma yaş ötdükcə diskussiyaları sevmirəm. Yaşım artdıqca insanlarla danışmağı, ünsiyyət qurmağı bacarmıram. Artıq dünyada gizli həqiqət yoxdur, deyəsən, hər şey açıqdır, bütün həqiqətlər aydındır. O həqiqətlərdən bir çoxunu bilirəm. Fikirləşirəm ki, diskussiyaya girdiyim adam mənə hansı bilmədiyim, gizli qalmış həqiqəti açıqlayacaq ki, onunla ünsiyyətə girdiyim üçün sevinim və öyrəndiyimə görə ona minnətdarlıq edim?! Əksinə mənim vaxtım gedəcək, eşitdiyim şeyləri yenidən eşidəcəm. Məsələn, Dostayevski kütlə ilə nə söhbət edəcəkdi? Cek London Şimalda qızıl axtarmağa gedəndə çox sevinərmiş. Ona görə ki, yazıçı orada susurdu, çünki şimal çox soyuq idi və danışmaq mümkün olmurdu. O deyirdi: “Mən susandan sonra böyük əsərlər yazmağa başladım”. Böyük adlar daha çox susurlar, susub gülümsəyirlər. Onları çox danışan görmək mümkün deyil. Məsələn, Ekoya mühazirə oxuması üçün yalvarırlar. Eko da gəlib beş-on dəqiqə oxuyub gedir. Həqiqətləri çox olan adamlar həmişə kütlədən qaçırlar. Kütlə yatmaq durmaq və yemək istəyir. Amma yazıçı onu istəmir, o heç bilmir ki, nə vaxt yedi. Beynində yazdığı əsərlər haqqında o qədər düşüncələri olur ki, yediyinin fərqini, dadını belə bilmir. Bir dəfə Reyqan Markesi andiçmə mərasiminə dəvət edir. Markes ona məktub gətirənlərə deyir ki, “gedin menyunu gətirin”. O menyuya baxıb deyir: “Bu yeməklərə görə buradan Amerikaya getməyə dəyməz”. Yazıçı kütlədən qaçmalıdır ki, kütlə onu öz səviyyəsinə endirməyə çalışmasın. - Bir az da bədii yaradıcılığınız barədə danışardınız. - Mətbuatda gedən məqalələrimi bədii yazılar hesab edirəm. Bir kitabımı hazırlamışam, düyməni vurmaq lazımdır ki, çıxsın. O gün bir tədbirdə dedim ki, mən heç vaxt nəşr olunmayacaq kitabın müəllifiyəm. Hərdən mənə elə gəlir ki, o kitab heç vaxt nəşr olunmayacaq. Tamam qeyri-adi bir kitabdır, içərisindəki yazılar təbii ki özümünkülərdir. Üz qabığı, adı, qiyməti çox fərqlidir. Bir romanım var, yarımçıq qalıb, yaza bilmirəm. Beynim hələ o səviyyədə inkişaf etməyib, çox güman ki, mən heç yazıçı da ola bilməyəcəyəm. İnanıram ki, məndən yazıçı olmaz. Bilmirəm, bəlkə də yanılıram. Elə yazıçılar var ki, 40-45 yaşlarından sonra ilk əsərlərini yazıb şöhrət qazanıblar. Yazıçı olmaq üçün jurnalistikadan getmək lazımdır, qəzetçi olmamaq lazımdır, kompüterin qabağından kənara çəkilmək lazımdır. Əksər hallarda hansısa əsərimin hansısa hissəsi olmağa layiq bir mətni köşə yerinə mətbuat orqanlarına satıram. “Facebook” yazıçı ola biləcək insanları yeməklə məşğuldu. Orda elə statuslar yazılır ki, üzərində bir az da işləsələr maraqlı hekayə alınar. “Facebook”suz isə mümkün deyil. Hamı ordadı. Görünmək, tanınmaq, oxunmaq istəyirsənsə virtual dünyadan kənarda qala bilmərsən. Peşəm jurnalistikadı. Yazıçılıq adama qazanc gətirmir, jurnaistikaylasa yaşamaq mümkündür. Azərbaycanda o qədər də inkişaf etmiş ədəbi mühit də yoxdur. O ədəbi mühit lazımdır ki, sənin kitabın çıxa və hamı ondan danışa, diskussiyalar aparalar. Televiziyalardakı şoular bizi itələyib dərənin dibinə atıb. Qeyri-ədəbi mühitdə nəsə yaratmaq mümkün deyil. Nəinki dünyanı, heç Türkiyəni silkələyəcək əsərlər ortaya çıxara bilmirik. Birincisi bunun üçün ədəbi mühit yoxdur, ikincisi insanların başı çörək qazanmağa qarışıb, üçüncüsü yazıçıya qiymət vermirlər. Uzun illər keçməsinə baxmayaraq, yazıçı yazıq obrazında qalıb. Bəzi ölkə yazıçıları var ki, öz ölkələrində yox, digər yerlərdə gedib məşhurlaşdılar. Çünki, orada ədəbi mühit vardı, yazıçıya hörmət var idi. Markes “Gəzdiyim gözəlçələr” kitabını yazdı, çox zəif əsərdir. Amma əsərdə Markesin gəzdiyi gözəlçələrdən söhbət getdiyi üçün mətbəə başa düşdü ki, dünyanı maraqlandıracaq. Ki, görəsən, Markes kimlərlə oturub durub, kimlərlə yatıb? Kitab ilk nəşrindən sonra 10 dəfə tirajlandı, İranda qadağan olundu. Nəşriyyat pul qazandı. Yazıçıya da yüksək qonorar çatdı. Bizdə isə nəşriyyat deyir ki, “Gəl, kitabı pulsuz buraxım, birincini mən satım. Əgər alınsa, bazar onu istəsə, ikinci buraxılışda sənə 10 faiz verərəm”. Qardaşım, satış 5 manatdır, kitab isə 1000 tirajdır. Onun da 500 ədədi satılsın, bunu 5-ə vuranda nə qədər edir? Eh, hesablamağa dəyməz... - Amma yaşamağa və işləməyə dəyər? -Bizim yaşamamağa və işləməməyə haqqımız çatmır. Yaranmısansa yaşamalısan. Yaşayırsansa işləməlisən. İnsan şərtlər altında doğulub. Onsuz da onun azadlığı doğulduğu gündən əlindən alınıb. Buna etiraz edə bilmərik, çünki Yaradanın hökmüdü. Heç olmasa, ailə, mühit, iş yeri, quruluş azadlığımıza toxunmsın. /olaylar.az/
|