Kürçaylı Məmmədov - Səndən bir parça tapa bilmədim
08.07.13
***
Səndən bir parça tapa bilmədim yaşadığım şəhərdə. Dəniz də, axşam da, işıqlar da bəhanədir səni xatırlamağa... Xatirələrinin istisinə qızınmaqdı işdən sonrakı yaşamaq, Bir az bu yağışlı şəhərin yağışında yuyunmaqdı, bir az dənizi yoluxmaqdı, Anamın rayondan göndərdiyi yeməklərin elə zənbildə qalmasıdı, Kirayə qaldığım evin qoca sahibəsinin sənə yazdığım şeirləri dinləyib gözlərinin dolmasıdı səndəki uzaqlıq. Bir də sübhədək qucaqlamaq var yuxusuzluğu, Sığal çəkmək, ovutmaq var başını çiynimə qoyan uğursuzluğu...
25.05.2013, Lənkəran
***
Eynidir səni xatırladığım gecələrin hamısı, Həminkidi otağımdakı səssizlik, sənsizlik həminkidi taleyimdə. Qapımı da döyən yoxdu ki, səndən danışım bir az, varlığından, yoxluğundan danışım. Soruşum ki, unutmaq necə olur? Rəngi, ölçüsü, özü...
23.05.2013
***
Uzaqdakı yaxınlarımıza vurulduq, xoşbəxt olduq uzaqların yaxın təsəllisinə. Bir az darıxdıq, ən uzaq gecələrdə itirdiklərimizə, Bir az öyrəşdik, ovunduq ayrılıq nəğmələriylə. Dənizə dərdimizi söylədik, yatmayıb sübhədək gecəyə söykəndik, Səhər açılınca günəşi qarşıladıq yuxulu gözlərlə... Yad şəhərlərdə doğma axtardıq uzaqlarımızdakı yaxınlardan danışmaq ücün, Yoxdu heç kim, tək qaldıq... Ovutmadı kimsə adamsızlığımızı, Uzaqdakı yaxınlarımızın varlığı qədər, Vurulduğumuz qədər onlara...
02.06.2013
|