“Cırtqoz olmayan gənc yazara münasibətim çox yaxşıdır” - MÜSAHİBƏ
05.07.13
- İlk sualımız müasir ədəbiyyatla bağlıdır. Gənc yazarlardan kimləri oxuyursunuz və onlara münasibətiniz necədir? Sizcə, müasir ədəbi proseslər hansı istiqamətdə gedir?
- Gənc yazarların cırtqoz olmayanına münasibətim çox yaxşıdır. Döyüşkən, inadkar, dönməz imzaları həmişə xoşlamışam. Amma o yaradıcı şəxslər ki, iddiası ilə imkanları üst-üstə düşmür, onları anlamaqda müdam çətinlik çəkirəm. Bu ona oxşayır ki, “Bərdaşt” oxuya bilmədiyin halda, “Mənsuriyyə”dən dəm vurasan. Onların arasında hətta Nobel mükafatını Azərbaycana gətirəcəyinə əminliklə vəd verənlər də vardı. Düzü, o vaxt bunu oxuyanda ən azı o cür ali mükafatı heç olmasa qələm dostumuzun simasında Azərbaycanda görmək xoşbəxtliyinin, axır ki, bizlərə də nəsib olacağına ürəkdən sevindim. O gəncləri üç ildi heç MKM-in həndəvərinə düşməyə qoymurlar. Amma daha o gənclərin də səsi gəlmir.
Sualın növbəti hissəsinə gəldikdə, deyim ki, əvvəlki, yəni 70-80-ci illərdəki həvəsim olmasa da, dəyərli yazıları tapıb oxuyuram. Natiq Məmmədli, Aqşin Yenisey, Alpay Azər, Ayxan Ayvaz ümid bəslədiyim nasirlərdi. Vüqar Səfərovun “Tablo” hekayəsindən xoşum gəldi. Amma bir məsələ var ki, bəzən bir yazını oxuyub yaxşı bir nasirin gəldiyinə sevinirsən, növbəti yazıda bir də baxırsan, hər şey alt-üst oldu. Bu səbəbdən bəzən böyük məsuliyyətlə dediyin söz də sənə xəcalət çəkdirir.
Müasir ədəbi proses isə hiss etdiyim qədər, eninə inkişaf edir. Boyartımı zəifdir.
- MKM-dən söz düşmüşkən, bildiyimizə görə, MKM-ə siz də romanınızı təqdim etmişdiniz. Ümumiyyətlə, MKM haqqında fikirlərinizi bilmək istəyərdik. Bu müsabiqə ədəbi proseslərə təkan verirmi?
- Birinci MKM hamını, bütün ədəbiyyat adamlarını hərəkətə gətirmişdi. Bu, fakt idi. Xalq yazıçıları belə əsər təqdim etmişdilər. Gərək ki, 85 yaşlı bir qocaman nasirimizin də orda əsəri vardı. Uzun illərin durğunluğundan sonra birdən-birə ədəbi müsabiqə, özü də milli kitab adıyla. Əksəriyyətini çaşdıran da elə bu oldu. Yabasını götürən ləngimədən, birbaşa xırmana gəldi. Bu mənim nəzərimdə həm də kəndlilər arasında uşaqlıqda gördüyüm günəmuzd taxıl bölgüsünü xatırladan çox təntənəli və unudulmaz bir mərasim olmalı idi. Eyzən o cür olmasa da, təxminən ona oxşar bir mənzərə yaranmışdı. Cəmi iştirakçılar obyektiv, ədalətli, hər kəsə layiq olduğu qiyməti verən bir müsabiqə keçiriləcəyini gözləyirdi.
Digər mühüm amili də nəzərdən qaçırmayaq ki, təşkilatçı Nigar Köçərli ədəbiyyat adamı deyil, münsiflər heyətinə cəlb etdiyi şəxslərin də bir çoxu başqa sahənin təmsilçiləri idi. Yəni tək bu faktın özü göstərirdi ki, Nigar xanım maraqlı tərəf kimi çıxış etmək iddiasında olmayacaq. İndi də böyük sayğılarım olan bu xanım haqda da hamıdan daha çox irəli gedərək o sözü mən demişdim ki, axır ki, ölünü yerdən götürən tapıldı. Amma çox təəssüf! Nigar xanım, bəlkə, “o ölünü” yerdən adınalayiq və lap təkbaşına da götürə bilərdi, çünki o hansı yükün altına girdiyini, məncə, bilməmiş deyildi.
Amma o mətbəxin elə öz içindən gələn ağlasığmaz ittihamlar, qeyri-obyektiv yanaşma və ədalətsizlik tərəzinin gözünü bircə anda əydi. İndi mən durub görünən dağa nə bələdçilik edim? Bir onu əlavə edə bilərəm ki, son zamanlar dəb halını almış bir çox müsabiqələr, bura “Azadlıq” radiosunun keçirdiyi müsabiqə və roman müzakirələrini də daxil edərdim, məndə ədəbi yox, daha çox siyasi düşüncə mərkəzlərinin hazırlayıb həyata keçirdiyi bir proyekt görüntüsü yaradıb.
Kim məni inandıra bilər ki, necə olur, Əfqanıstan haqda yazılmış bir xatirə əsəri MKM-in birinci mükafatını qazanır, Qarabağ hadisələri fonunda cərəyan edən romansa heç üçlüyə də düşmür? Burda söhbət bir müəllif olaraq nə Zakir Sadatlıdan, nə Azad Qaradərəlidən, konkret olaraq isə onların heç birinin istedadından getmir, Əfqanıstan və Qarabağdan gedir… Unutdurmağın bir və əlahiddə yolu da budur.
Mən ikinci səhvimi, yəni “Qiyamçı”dan sonra MKM-ə yenidən əsər təqdimini (“İkinci oğul”) Nigar xanıma olan inam və etibarıma görə etdim. Bu addımıma görə sonralar özümü az qınamadım. Amma görün, nəticədə ortaya nə çıxır?
Gərək yazmayasan ki, qonorar verəni yoxdu, yazdığını kitab halına salmayasan ki, çap edəni yoxdu, müsabiqələrdə iştirak etməyəsən ki, başdan-başa saxtakarlıq və ədalətsizlikdi. Və əgər qələm-kağıza da ömrün yeniyetmə çağlarından, yəni özün də hiss etmədən könül vermisənsə, onda bu yaşda təzədən nə eləməlisən? Durub sənət dəyişəsən, ya xarakter? Bir sözlə, mən bilən, Azərbaycanda yazıçı və yaradıcı olmağın cəzası budur. İfaçı olmalısan. Onda adama ad da verirlər, ev də hədiyyə eləyirlər, əlindən tutub yuxarı başa da keçirirlər. Digər ənam-bəxşişlərin də öz yerində.
- Azərbaycan və dünya ədəbiyyatından hazırda kimləri oxuyursunuz və hansı kitabların oxunmasını məsləhət görürsünüz?
- Açığını deyim, artıq mən də əvvəlki adam deyiləm, gecə-gündüz oxuyam. Buna heç səhhətim də imkan vermir. Uzun illər məni qarabaqara izləyən bir kabus yaxamı namərdcəsinə ələ keçirib. Amma o var ki, daha o vaxtkı kitab acı da deyiləm. Yalnız lazım olanları oxuyuram. Məsləhətə gəldikdə, deyərdim, nə oxuyursunuz, oxuyun, bircə zövqünüzü korlayan şey oxumayın.
- Öz yaradıcılığınız nə yerdədir? Hansı işlərlə məşğulsunuz? Yaradıcılığınızda nə yeniliklər gözlənilir?
- Köhnə, yarımçıq yazılarım var ki, bu gün də oxucuya yeni nəsə deyə bilər, onları təzədən işləyirəm. Bir neçə yeni hekayəm var. Haqqında bayaq bəhs etdiyim o ağrılara görə vətəndən baş götürüb gedən və geri qayıtmaq istəməyən talesiz bir mənəviyyat adamı haqda povest yazıram. Başqa elə bir qəhrəmanlığım yoxdur.
- Adətən, yazarlar tərcümə işi ilə də məşğul olur. Sizin tərcümələrinizə rast gəlməmişik. Tərcümələriniz olubmu? Olmayıbsa niyə?
- İş orasındadır ki, mən heç şeir də yazmıram. Bu günəcən dram əsəri qələmə aldığımı da görən olmayıb. Qulpundan yapışdığım işi az-çox yarıda bilsəm, igidlik eləmiş olaram. Həm də adına tərcümə deyib elə-belə baxdığımız o iş böyük bir məktəb, sənətdir axı… Bu yaxınlarda ölkəcə məşhur bir “ziyalının” adının altında qara şriftlərlə yığılmış düz on yeddi titul oxudum. Məlum oldu ki, bu adam respublikadakı bütün yaradıcılıq ittifaqlarının üzvü, bütün mükafatların laureatıdır, professor, tərcüməçi, şair, postmodernist, esseist, jurnalist, publisist… Ta nələr, nələrdi?! O şəxsin on səkkizinci, amma unutduğu çox vacib bir titulunu da mən tapıb yerinə qoydum: aferist! İnsan bəlkə də, ömrünü hər hansı bir sənətin kamil bilicisi olmadan da başa vura bilər və bundan elə də böyük ziyan görməz, amma hər şeyin olub tək sifətin olmasa, xəcalətin dünya ilə bir olar… Söz düşmüşkən, publisist yazılarımdan ibarət “Mən Qarateli sevirdim” adlı kitabım var. Ədəbi aləmdə gözlədiyimdən də yaxşı qarşılandı, amma vallah, mən bir dəfə də özümə publisist deməmişəm. Adımdan əvvəl, ya sonra yazıçı sözünü məcbur qalıb işlədəndə indi də xəcalət çəkirəm.
- Bəs hansı əsərlərin dilimizə tərcümə olunmasını məsləhət görərdiniz?
- Əslində bu sualın cavabını o adam verə bilər ki, şedevrlərin yarandığı ingilis, ispan, portəgiz, alman, fransız, yapon, çin dillərindən heç olmasa birini bilmiş olaydı və tutaq ki, “Qumluqdakı qadın” əsərinin bizim dildə orijinalda olan effekti vermədiyini tam aydınlığı ilə görəydi. Mən və mənim tanıdığım çox böyük bir nasir ordusu, təəssüf ki, o imkandan məhrumuq.
- Bildiyimizə görə, mətbuat xidməti vəzifəsini də icra edirsiniz. Yaradıcılıq və mətbuat xidmətində çalışmaq...
- Bu, çox xoşdur. Bütün mətbuat məni jurnalist kimi tanıyır. Hərçənd mən onların Birliyinin heç üzvü də deyiləm. On beş ilə yaxındı ki, pis-yaxşı bu vəzifədə çalışıram. Tək-tük, çox yaxın olan mətbuat işçiləri var ki, mənim yazıçı olduğumu yalnız onlar bilirlər. Vacib olan bu deyil, odur ki, şəhərin bu basabasında dostlarla yığılmağa bir yerim, jurnalistlərlə həmsöhbət olmağa bir odam, qələmlə dərdləşməyə bir hücrəm var. Səhər obaşdan, şəhər hələ yuxuda ikən o sakit hücrəyə can atmağın bir özgə feyzi var. Üstəlik onu biləsən ki, ora nəsə yazıb-yaratmağa gedirsən. Mən ora bircə saat da iş yerim kimi baxmadım. Hər şeydən bezəndə ora üz tuturam.
- Ümumiyyətlə, ədəbiyyat deyəndə siz hansı istiqaməti nəzərdə tutursunuz? Bəzən deyirlər ki, bu kitabda açıq-saçıq səhnələr çoxdur, bu ədəbiyyat deyil, yaxud bu roman ədəbiyyat sayılmır. Bunu necə müəyyən etmək olar?
- Şəxsən bu, mənim ən yaralı yerimdi. Dostlarla davam da həmişə bunun üstə düşür. Bəzilərinə elə gəlir, açıq-saçıq yazmaq, əsəri söyüşlə doldurmaq bir məharətdir. Hətta fəxrlə deyirlər: “Nə var açıq yazmışam e”. Hətta yaşı altmışı keçən qələm dostlarımdan bəziləri sosial şəbəkələrdəki yeniyetmələrlə sanki yarışa girib ki, görək kim daha çox vulqar söz, jarqon və arqo işlədə bilər. Qadın yazarlarımızın da dilində o qisim ifadələrə rast gələndən sonra bir daha əmin oldum ki, heç olmasa nəşriyyatların nəzdində hansısa formada bir nəzarət mexanizmi tapılmalıdır. Hansısa qurumları yenidən diriltmək həvəsində olmaq kimi çıxmasın, bu, dil komissiyası formasında da ola bilər. Kimsə buna bir cavabdehlik daşımalıdır. Yoxsa dilə bu qədər laqeydlik, barmaqarası münasibət bizlərə yaxşı heç nə vəd etmir. “Hər şey ədəb-ərkanında gözəldi” deməklə nəyəsə nail olmaq mümkün deyil.
- Maraqlıdır, bir ədəbiyyat adamı kimi kitaba marağı daha da artırmaq üçün nə təkliflər edərdiniz? Adətən, oxucu qıtlığı olduğunu deyənlər çoxdur.
- Bu, dövlətin yerinə yetirməli olduğu bir işdir. Rayonlarda, qəsəbə və kəndlərdə tək-tük kitabxanalar qalıb. Onların da yeni çap məhsulları ilə təchizatı sıfır həddindədir. Düz qırx il bundan öncə orta məktəbini qurtardığım balaca bir kənddə iki kitabxana səhər saat 9-dan axşam saat 6-ya qədər açıq olardı. Göz şahidiyəm: o kəndin naxırçısı da çölə, kəmərində kitab gedərdi. İndi orda, o kənddə, o kəndin bağlanmaqda olan birinci sinfində vur-tut bircə nəfər uşaq oxuyur. Bir onu bilirəm ki, bu milləti yıxsa-yıxsa nə rus, nə erməni yox, kitabsızlıq yıxacaq. /teleqraf.com/
|