Rəşad Məcid: "Yeni adamlarla dostluq eləməyə ehtiyatlanıram"
03.07.13
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin müsahibəsi.
-Rəşad müəllim dostluğa inanırsınızmı? Ümumiyyətlə, dost sizin üçün nə deməkdir?
- Dostluğa inanıram. Bəzi adamlar var, deyir ki, dost pis gündə bilinər. Bəli, həyatın müxtəlif dönəmlərində fikirlərini, sevincini, kədərini bölüşmək istədiyin bir kimsəyə ehtiyacın olur. Əsl dost odur ki, səni hər zaman dinləməyə hazır olsun. -Bir mahnıda deyildiyi kimi, «…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?
-Qəbul edirəm. Eyni zamanda düşünürəm ki, dostların sayı əlin barmaqlarının sayından çox olmasa yaxşıdır.
-Dost dar gündə bilinər! Belə bir gününüz olubmu və o dost bilinibmi?
-Bilirsiniz, bir vaxtlar ünsiyyətdə olub sonradan ona dost deyə müraciət etmək əslində dostluq deyil. Gərək dostunu yaxşı tanıyasan. Onun səni həyatın hansı pilləsinə qədər dayaq dura biləcəyini yəqin etməyi bacarasan. Bu baxımdan mənim problemin yoxdur. İnsana ilk baxışdan qiymət verməyi bacarıram. Həmin insanla hara kimi yol gedə biləcəyimi də yəqin edirəm. Bu baxımdan deyə bilərəm ki, dar günlərimdə məni yanlız qoyan dostlarım olmayıb.
-Sizi yarı yolda qoyan dostunuz olubmu?
-Xeyr.
-Bəs siz necə, dostunuzu yarı yolda qoymusuzmu?
-Bilmirəm, bəlkə də olub. Çünki işimiz elə qurulub ki, gündəlik olaraq tədbirlərdə oluruq, üstəlik qəzetin yükü, AYB-dəki fəaliyyət dostlar üçün istənilən zamanı ayırmağa şərait yaratmır. Bu baxımdan bəlkə də hər hansı dostum məndən inciyə, onu yarı yolda qoyduğumu düşünə bilər. Bu baxımdan mən suala konkret cavab verə bilmirəm.
-Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?
-Həssaslıq,Səmimiyyət, dürüstlük, sadiqlik.
-Vaqif Bayatlı deyir: Evimizin divarındakı çatlar Çat verən dostları Sıranıza düzə-düzə, Nə qədər günahları vardı, Bağışladım sizə!
Çat verən dostlarınız olubmu və Siz də Vaqif Bayatlı kimi onların günahlarını bağışlamısınzmı?
- Vaqif bizim gözəl şairlərimizdən biridir. Mən yuxarıda qeyd etdim. Bir zamanlar ünsiyyətdə olduğun insanlar sonradan sənə yaxın olurlar. Onlarla dostlaşırsan. Ancaq zamanın bir axarı var. Elə zaman gəlir ki. o insanlardan ayrı düşürsən. Yəni, dost kimi onları ətrafında görə bilmirsən. Mən bunu ciddi faciə kimi qəbul etmirəm. Bu baxımdan deyə bilərəm ki, çat verən dostlarım olmayıb.
-Vahid Əziz deyir: Dost kimi sonradan tapdıqlarımı, Sonradan tanıyıb dost kimi atdım.
Sizin də sonradan tanıyıb atdıqlarınız olubmu?
- Bir yaş həddi var ki, o yaşdan sonra öz düşüncənə, davranışına uyğun dost tapmaq çətin olur. Mən bunu özüm üçün 40 yaş götürmüşəm. Düşünürəm ki, 40 yaşdan sonra dost tapmaq çətin məsələdir. Yeni adamlarla dostluq eləməyə ehtiyatlanıram.
-Biz deyirik: «Dostunu göstər, sənin kim olduğunu deyim». Almanlar isə bunun tam əksini deyir: «Düşmənini göstər, sənin kim olduğunu deyim». Almanların deyimi ilə nə qədər razılaşırsız?
-Hər iki deyimdə həqiqət var. Söhbət dostun timsalında insanın kimliyindən gedir.
-Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərdi çox, həmdərdi yox, düşmən qəvi, tale zəbun! Füzulinin bu məşhur beytini xatırladığınız vaxtlar olurmu?
-Bəli, olur.
-Və nəhayət, dostunuzu göstərə bilərsinizmi?
-Uzun illərdir millət vəkili, yazıçı-publisist Aqil Abbasla dostluq edirəm. Məmməd Aslan hər dəfə bizi bir yerdə görəndə deyir ki, siz o qədər yaxın dostsunuz ki, artıq biri-birinizə oxşayırsınız. Onu da deyim ki, son zamanlar vaxtın azlığından Aqil Abbasla tez-tez görüşə bilmirəm. /adalet.az/
|