Günel Şamilqızı - Günah və güzgü
03.07.13
Daha səhvlərimi saya bilmirəm, Ən balaca rəqəm minə oxşayır. Qorxudan güzgüyə baxa bilmirəm Bütün günahlarım mənə oxşayır. Gecə günahları qara rəngdədir, Səhərlər günahdan dan iyi gəlir. Hər gecə dünyada bir güzgü sınır, Hər səhər burnuma qan iyi gəlir. Bilmirəm , bilmirəm kim-kimi yeyib, Mən günah olmuşam , günah mən olub? Xırda səhvlərimi səhv saymamışam, O vaxtdan böyüyüb , "CİK" lər "ƏN" olub. Saçımda bir əlin günahı yatır, Gözlərim bir gözün günah payıdır. Çoxdandır təqvim də təzələnmir heç, "GÜNAHLAR İLİ"nin "GÜNAH AYI" dır. İnsanlar insana bənzəmir daha, Çoxalır dünyaya gələn günahlar. Başına haranın daşını töksün? Günah olduğunu bilən günahlar. Görəsən, çoxdurmu mənim kimisi? Güzgüdə özünə baxa bilməsin. Yıxılıb tövbənin ətəklərinə, Bircə yol üzünə baxa bilməsin. Mən də öz güzgümü sındırdım dünən Yenə də burnuma qan iyi gəlir. Bu günsə tavandan bir ip asmışam, Baxanda adamın ölməyi gəlir.
|