Sərdar Aminin ilk romanı işıq üzü görüb
21.06.13
Gənc yazar Sərdar Aminin hələ başlamayan II Qarabağ müharibəsinə həsr olunan romanı işıq üzü görüb.
Romanda müharibənin acıları humanist bir gəncin taleyi üzərində göstərilib. "Qaratoyuq nəğməsi” adlı romanın sujet xətti humanizm, insansevərlik üzərində qurulub. Əsərdə göstərilir ki, baş verən bütün hadisələr kimi müharibə də insanların həyatında, taleyində bir xətt cızır. Müharibəyə nifrətlə qələmə alınan romanda, həmçinin bu qənaət ortaya çıxır ki, miqyasından asılı olmayaraq müharibələr dünyanı məhv edir. Bunu dərk etmək üçün nizamını itirmiş orduları, qalaq-qalaq meyitləri, boş qalan məktəbləri, dünya müharibələrindən sonra ildə bir neçə sıfır qazanan statistik rəqəmləri araşdırmaq lazım deyil. Müharibənin dəhşətini duymaq üçün onun məhv etdiyi bir insanın həyatına diqqətlə baxmaq kifayətdir. Çünki hər insan bir dünyadır.
Sərdar Amin 1988-ci ildə Qubada anadan olub. Hazırda Qusarın Aşağı Ləgər kəndində yaşayan gənc yazar Quba Dövlət Sosial-İqtisadi Kollecini və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Bu, müəllifin ilk kitabıdır. Roman "Qanun" nəşriyyatında çap olunub. Sərdar Amin hazırda Regional televiziyada PR menecer vəzifəsində çalışır.
|