Azərbaycan şairinin divanı Kembric Universitetində tapıldı
20.06.13
Azərbaycan şairinin divanı Böyük Britaniyada tapılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Böyük Britaniyanın Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusu divanının surətini əldə edib.
AMEA-dan bildirmişlər ki, üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur. Səfəvilər sarayında eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin valisi və Ərdəbil vəziri vəzifələrində çalışmış Mürtəzaqulu xanın 839 beytdən ibarət Azərbaycan dilindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad, 5 qitə, 1 rübaidən ibarətdir. /AzərTAc/
|