Əlisəmid Kür - Sonrası nə ola-ola
20.06.13
Çölün dumanında azıb qalasan, Bir qoyun sürüsü otlayan yerdə. Əlini dizinə çırpıb qalasan Ürəyin buz kimi çatlayan yerdə. Sonrası... sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə, Yanasan, öz tüstün başından çıxa. Bıçağın sümüyə dirənən yerdə Cibindən pas atmış bıçağın çıxa. Sonrası... sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin, Tənhalıq içində canın sıxıla. Görəsən sinəndə bir daş göynəyir, Qəfildən bir quzu sənə qısıla... Sonrası... sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı... İllah da bir yandan duman, çən ola. Qurbanlıq quzusan, quzu qardaşım! Bıçağımdan qorxma... Sonrası... sonrası nə ola-ola.
|