“Ədəbiyyat” qəzetində ev qalmaqalı - ETİRAZ
13.06.13
KİVDF-nin Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına jurnalistlər üçün tikdirdiyi binada evlər hazır olmadan artıq bir neçə redaksiyada “ev davası” başlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşovun “2 evi olan jurnalistlər də ev üçün müraciət edir” açıqlamasının hədəfləri də bir-bir aşkarlanır.
Məlumata görə, həmin jurnalistlərdən biri Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı olan “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalıdır.
Belə ki, əldə etdiyimiz məlumatda bildirilir ki, baş redaktor Ayaz Vəfalı “Ədəbiyyat” qəzetindən Mətbuat Şurasına göndərilən evsiz jurnalistlərin siyahısına öz adını salıb. Məlumata görə, bu, qəzetin işçiləri arasında ciddi etiraza səbəb olub.
Qəzetin əməkdaşları A.Vəfalının evinin olduğunu bildikləri üçün onun jurnalistlərə verilən evlərdən də almaq istəməsini qəbul etmirlər. Bu barədə məlumat verən mənbə bildirir ki, “Ədəbiyyat” qəzetində uzun illər fəaliyyət göstərən xeyli evsiz jurnalist olduğu halda, baş redaktorun evi ola-ola siyahıya öz adını yazması qəzetin əməkdaşlarının səbrini daşırıb.
Onlar A.Vəfalıya öz etirazlarını bildirsələr də, baş redaktordan geri addım atmaq fikrində deyil. Onu da bildirək ki, prosedura əsasən, redaksiyalarda ümumi toplantı keçirilməli və əməkdaşları Mətbuat Şurasına öz namizədlərini seçməlidirlər. “Ədəbiyyat” qəzetində isə belə bir toplantının keçirilmədiyi, baş redaktor A.Vəfalının eləcə özünü seçdiyi qeyd edilir.
Görünür, jurnalistlərə veriləcək olan evlər paylanmadan redaksiyalarda “nifaq alması”na çevrilib. Evlər paylanıldıqdan sonra redaksiyalarda baş verəcək davaları isə indidən təsəvvür etmək çətin deyil. /aznews.az/
|