Xosrov Barışan - Urmunun hüzün bədizi
13.06.13
Eləbil bir hüzün bədiziydi..! Gəl-getlərin ortasında Öz yalqızlığını qucaqlamış Bir dişi kədər, Yağış sırğalı gözəl. Çatılmaz yüklü arzı buludları Başında uçurdu, Və gerçəyin qovra haylı quşları Heykəlinə sıçırdı! Bu qaranlıq-qan çökkələrlə Gözlərində yaş damcılarını sayanmazdım! Toxunsaydım; boğulardım, bilirəm. Belə bir yuxu-qalaqdaysa Gülüşünü istədim, vaa...ay Allah bəlamı versin, güldü... Söküldü bənizi Bir paradoks dənizi... Elə bir öpdüm ki... Yıxıldı internetdə kiçik dünya kəndi!!!
Eləbil öz içini qapadan bir qapıydı! Bütün sevgilərə bakirə bir dişi. Sevişməmiz uzaqlıqiydi, seksimiz ıraqlıq..! Zaman bir qəbir qazan Yaşadıqca özünü quylayırdı!
Eləbil kəşf edilməmiş bir adaydı, Ya da ki bütün nəxşələrdən adını silmişdi!!! Aramızdaki körpü Qurutmuşdu Hər ikimizi də! İnterpol belə tapanmazdı Gizli-aydın sevdamızı. Yorqundum şəpəsizlikdən Oturub gözlərinin qəhvəsini içdim.
Eləbil lüləsi tutuq bir tüfəngiydi, Ərkək əlində tutsaq... Qəhər güllə kimi Boğazını biçməkdə.., Və hər an Öz gözyaşını içməkdə... Buraxıb getmə, nolar... Sevirəm səni Ey yar dedim; Ağladı... Ağladı... Ağladı...
*** Səsin məsumiyət müzəsi, Açarı itmiş bir qapıdır sözlərin. Ağlama ay qız... Əvədir dədənin yalnışları. Mən Təbrizin qaragiləsi; Bir caddə var ki onda Qorxuram Ölümün tovundan..! Sən Urmunun alagiləsi; Tərpən... Silkələn... Dalqalan... Bütün qıfılları aç. Bu şeir bir mahnı Bu mahnı bir açar Naçarlığıva...
|