Azad Qaradərəli - Bu sevgi sizi yazıçı yapacaq
07.06.13
Şəriflə bir binada, ayrı-ayrı idarələrdə çalışırdıq və hərdən görüşürdük. Amma bu istedadlı yazıçıyla ürəyimdə dəfələrlə söhbətləşmiş, mənə doğma olan surətini göz önümdə çox tutmuşdum. (O, sevimli dostum Eldar Baxışın əkiz qardaşı kimidir. Torpağı sanı yaşasın.)
Son görüşümüzdə “gedirəm” dedi. Və mən söz tapa bilmədim. Bircə onu dedim ki, ehtiyatlı ol. Amma onun kimilər ehtiyatlı olamazlar ki... (Eldar da beləydi: axına qarşı getməyi sevərdi.)
Və onun dürlü-dürlü yazılarını oxuyanda başının qalda olduğunu hiss edirdim. O yaşda mən də elə olmuşam. Birinci katiblərin qara siyahısında idim həmişə. Fəqət, bizim istədiyimiz olunca – müstəqilliyimizə qovuşunca dedim ki, şükür, arzularımıza çatdıq. Amma Şərif kimi istedadlılara olan hücumları görəndə...
Sevinmişəm. Sizə qəribə gəlməsin. Şərifin tək qalmadığına, özündən gənc qələm dostlarının fədakarlığına sevinmişəm.
Bilirsiniz, bunu bəlkə kimsələr başqa yerı yozar. Amma burda bir insanın sınmasına, sındırılmasına dost dirənişi var. Qələm həmrəyliyi var. Bu həmrəylik, bu sevgi sizə ağaca su, ata tumar, qadına ülfət, kişiyə qeyrət lazım olan kimi gərəklidir. O sizi həm yaşadacaq, həm də yazıçı yapacaq.
Ayxana, Əsədə, Elnaza, Babəkə, Qismətə... salamlarımı göndərirəm və böyük qardaş kimi alınlarından öpürəm.
Avanqrad.net
|