ASC "Xalq" Bankı iyun ayının 4-də "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş Əsərləri"ni geniş ictimaiyyətə təqdim edilib. Şairin əsərlərindən ibarət kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir. Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın töhfəsidir.
Layihənin rəhbəri Rafiq Həşimov, tərtibçisi Səlim Babullaoğludur.
Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908—1938)
Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, dövrünün tanınmış ziyalısı Mirzə Əbdülqadir İsmayılzadənin ailəsində anadan olmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycan Dövlət Darülfünunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Repressiyalar dönəmində həbs edilmiş, 1938-ci il yanvar ayının 6-da güllələnmişdir. İllər sonra tam bəraət almış və reabilitasiya olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazmışlar. Şairin "Yenə o bağ olaydı", "Oxu, tar", "Küləklər", "Ana" və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.