“Əli və Nino”nu kim yazıb?
04.06.13
Çəmənzəminli, yoxsa Məhəmməd Əsəd bəy?
Bu sual hələ ötən əsrin 70-ci illərində mübahisə doğurmuş, müxtəlif fikirlər söylənmişdir. Qurban Səid təxəllüsü ilə yazılan ilk əsər 1937-ci ildə Avstriyanın paytaxtı Vyanada “E.P.Tal” nəşriyyatı tərəfindən alman dilində “Əli və Nino” adı ilə çapdan çıxdı. Bir il sonra isə “Qızıl Buynuzdan olan qız” (“Altunsaç”) romanı nəşr olundu. Lakin, 1970-ci ilə kimi təxəllüsün sahibini axtaran olmadı. 1970-ci ildə Rusiyada doğulan, Berlində rəssam kimi fəaliyyət göstərmiş Ceniya Qraman (1920-2002) “Əli və Nino”nu almancadan ingiliscəyə tərcümə edərək çapdan çıxarır. Qeyd edək ki, Ceniya Qraman 1967-ci ildə romanın müəlliflik hüququnun sahibi Lüsi Tala məktub yazaraq əsərin tərcüməsi üçün izin istəyir. Tal nəşrə razılıq verir. Kitab böyük uğur qazanır. Növbəti ildə ərəb, holland, ingilis, fransız və s. dillərə tərcümə olunaraq işıq üzü görür. Qurban Səid təxəllüsü ilə bağlı ziddiyyətlər 40 ildən çoxdur ki, davam edir. Bu sirri açmaq asan olmamışdır. Çünki, ona məxsus olan əsərlərin yazılması və çapı müasir tarixin ən qarışıq dövrünə -Birinci və İkinci Dünya Savaşına düşmüşdür. Bu hadisələr nəticəsində insanlar öz yuvalarından köç etmiş, əyalətlərdə işlər dayandırılmış, xaos başlamışdır. Nəticə etibarilə həm “Əli və Nino”nun, həm də “Qızıl buynuzdan olan qız”ın əlyazmaları, nəşri üçün bağlanmış müqavilələr itmiş, məhv olmuşdur. Ola bilsin ki, onlar heç vaxt tapılmayacaq. Bütün bu amillər müəllifin –Qurban Səidin kimliyinin müəyyənləşdirilməsinə maneə yaradır. Bununla bağlı əsas mübahisə Yusif Vəzir Çəmənzəminli ilə Məhəmməd Əsəd bəyin müəllifliyini dəstəkləyənlər arasında gedir. Qurban Səid Çəmənzəminlidir!!! Qurban Səid təxəllüsünün Çəmənzəminliyə məxsus olmasını versiyasını ilk dəfə ABŞ-da yaşayan Mustafa Haqqı Türkəqulu irəli sürüb. 1970-ci ildə “Əli və Nino”nun ingilis dilində nəşri çapdan çıxan zaman Mustafa Haqqı Türkəqul və Yusif Qəhrəman kitabı oxuyur və əsərdə tanış küçə, meydan, malikanələrin adlarına rast gəlirlər. Daha sonra onlar naşirlə əlaqə saxlayaraq Qurban Səidin kimliyi ilə bağlı ətraflı məlumat almaq istəyirlər. Və Lüsi Tal onlara bir məktub yazır: “1920-ci illər idi. Cavan və gözəl bir kişi mətbəəyə gələrək ərim ilə uzun-uzadı danışdıqdan sonra bir əlyazma verərək çıxıb getdi. Ərimlə nə danışdıqlarının mahiyyətini indi də bilmirəm. Bu əlyazmasını və gözəl kişini tamamilə unutduq... Ərim əsəri 1937-ci ildə birdən-birə meydana çıxarıb nəşr etdi”. Bu kişi Yusif Vəzir ola bilərdi. Çünki, Çəmənzəminli Xalq Cümhuriyyəti devrildikdən sonra Türkiyədən Avropaya gedir. Elə bu illərdə hökumətdən razılıq alıb öz vətəninə qayıdır. Klişe sənaye şəhərində fəhləlik edən Yusif Vəzirin Parisə, Berlinə Vyanaya getməsi xaricdə yazılan bir romanın nəşri üçün ola bilərdi. Qeyd edək ki, Paris-İstanbul Orient Ekspress qatarı Vyanadan keçirdi. Bəlkə də Çəmənzəminli Bakıya qayıdarkən qatarla İstanbula səyahət etməyi planlaşdıraraq yolüstü Vyanada dayanıb “Tal” nəşriyyat şirkətinə baş çəkmişdir. Yusif Vəzirin Bakıya qayıtmasına qədər (1926) həm “Əli və Nino”, həm də “Qızıl buynuzdan olan qız” yazıla bilərdi. Tal nəşriyyatına təqdim edilən əlyazmadan danışarkən Lüsi Tal “qalın” sözünü vurğulayır. “Əli və Nino” romanının həcmi təklikdə qalın ola bilməzdi. Bu qalın bağlamada “Qızıl buynuzdan olan qız” əsərinin olması da ağlabatandır. Çünki, bu əsərlərdən biri 1937-ci ildə, digəri isə 1938-ci ildə nəşr edilmişdir. Həmçinin, Çəmənzəminli 1926-cı ildə Bakıya qayıdarkən milli duyğularla yazılmış və bolşeviklərə qarşı olan iki əsərin əlyazmasını özü ilə gətirə bilməzdi. Onu Bakıda nə gözlədiyini yaxşı bilirdi. Bu özünü qəsdən ölümə atmaq olardı. Xanım Talın sözləri həqiqətdirsə buna şübhə yeri qalmır. Lusi Tal məktubunu danır Lakin əsərin-“Əli və Nino” romanının 1971-ci il Türkiyə nəşrinin önsözünü yazan Semih Yazıçıoğlu və Mustafa Türkəqul Lusi Talın məktubunu müqəddimədə işıqlandırdıqdan sonra Lusi Tal bundan təəccüblənərək öz vəkilinə bununla bağlı etiraz edir: “Mən nə türklərə, nə də bir başqasına belə bir şey yazmamışam. Axı nəyə görə belə bir şey yazmalıyam? Bu mənim xarakterimə uyğun deyil. Belə çirkin iddiaları necə aşkara çıxarmaq olar?” Lusi Talın fikrincə Qurban Səid Məhəmməd Əsəd bəydir. Lakin,o heç bir vaxt bunu sübut edə bilməmişdir. Xatırladaq ki, Lüsinin həyat yoldaşı Piter Tal “Əli və Nino”nun nəşrini qabaqcadan planlaşdırmış, lakin dünyasını dəyişdiyindən yarımçıq qalmışdır. Hər iki roman Piterin ölümündən sonra nəşr olunur. Onu da qeyd edək ki, Piter Tal dövrünün bir sıra tanınmış yazıçılarının- Herman Hesse, Arnold Zueyq, Romeyn Roland və Mauris Maeterlink-əsərlərini çap edib. Yusif Vəzir Çəmənzəminli: “Vaxt gələcək ki, bunun qiyməti olmayacaq , amma yandırmağa məcburam”. Hər iki əsərin almanca Vyana nəşrinin məhz 1937-ci il SSRİ-də repressiya illərinə düşməsi çox müəmmalıdır. Çəmənzəminli də 1937-ci il repressiya qurbanlarındandır. Professor Pənah Xəlilov bu hadisələrin üst-üstə düşməsini belə izah edir: “Avropadakı dost və tanışları Çəmənzəminlinin 1937-ci il qurbanı olduğuna inandıqları üçün cənab Taldan xahiş edirlər ki, illər boyu saxladığı əlyazmasını çapa versin. Yusif Vəzirin 1937-ci il qurbanı olduğuna o vaxt Türkəqul da inanırmış. Tal illərdən bəri yoxa çıxmış “qafqazlının” əlyazmasını birdən-birə çap etməyi lazım bilmişdir”. Çəmənzəminli həbslər başlayan zaman bəzi sənədlərlə birlikdə iri həcmli əsərlərini də yandırıb. Lev Nussimbaum Məhəmməd Əsəd bəy deyil Qeyd etdiyimiz kimi Qurban Səid təxəllüsünün ikinci daşıyıcısı Məhəmməd Əsəd bəydir. O 1905-ci il 20 oktyabrda Bakıda neft mütəxəssisi olan İbrahim bəy Arslanoğlunun ailəsində doğulmuşdur. Lakin, bir çox tədqiqatçılar Əsəd bəyin yəhudi kökənli olduğunu söyləyirlər. Hətta arxiv sənədlərilə, dəlil və sübutlarla göstərirlər ki, Əsəd bəy dünyaya Lev Nussimbaum kimi gəlmişdir. Bəli sənədlər bunu təsdiq edir. Ancaq, bu sənədlər həqiqəti əks edirmi? Etmirsə, Lev Nussimbaum kimdir? Nussimbaumlar Tiflisdə yaşayırdılar. Abraham Nussimbaum Əsəd bəyin xalasının həyat yoldaşıdır. Xalası Basya(Berta) Davidovna Slutiski Abrahamla Tiflisdə 26 oktyabr 1904-cü ildə yəhudi sinaqoqunda ailə qurmuş, daha sonra Bakıya gəlmişdilər. Bakıda Abraham Nussimbaum neft işinə sərmayə qoymuşdur. O burada yerli neft mütəxəssisi olan İbrahim Arslanoğlu ilə tanış olur. Elə bu tanışlıq gələcəkdə onları yaxın qohuma çevirir. İbrahim bəyin Bertanın bacısı Alişa Slutiski ilə sevgi münasibətləri yaranır . Həmin ildə də ailə həyatı qururlar. Alişa Slutiski müsəlmanlığı qəbul etdiyi üçün Aişə adını götürür. Bu izdivacdan Məhəmməd Əsəd bəy dünyaya gəlir. Lakin bu izdivac yarı yolda bitir. 1911-ci il fevralın 16-da Aişə zəhər içərək faciəli şəkildə özünə qəsd edir. O zaman Əsəd bəyin 5 yaşı vardı. Buna gör də İbrahim ağa Əsəd bəyin qeydinə qalmaq üçün alman Alişe Şulteni dayəliyə götürür. O, Əsəd bəyə alman dilini öyrədir. 1920-ci ilin yazında İbrahim Arslanoğlu balaca Əsədi və dayəsi Alişeni bacanağı Abrahamın yanına, Gürcüstan sərhədinə gətirir. Orada Əsəd bəy həm təhlükəsiz yerdə olar, həm də dərslərində geri qalmazdı. Lakin, görünür ki, İbrahim Arslanoğlu ya gizli inqilabçı, ya da Müsavatçı olduğundan Bakını tərk etmək istəməmişdir. Bəlkə də bolşeviklərin Bakıda çox qalmayacaqlarına ümid edirmiş. Əsədi də bacanağı ilə birlikdə müvəqqəti olaraq Tiflisə göndərir. Ancaq bu görüş son görüş olur. İbrahim Arslanoğlu naməlum şəkildə öldürülür. Abraham Əsədə bir oğul kimi baxır və 1921-ci ildə bolşeviklər Gürcüstanda hakimiyyəti ələ alana qədər orada qalırlar. Bolşeviklər Tiflis və Batumini ələ keçirdikdən sonra Abraham İstanbula, Kiyevə, Berlinə qədər gedib çıxmışdır. Əsəd bəyin öz sözləri ilə desək, Bakını tərk etmələri üçün yarım saat əvvəl xəbərdarlıq almış və vətəni tələsik tərk edərkən sənədləri də qoyub gəlmişdilər. Ona görə də Kiyevdə Əsədin adına saxta sənədlər düzəldilir. Görünür ki, Abrahamın yəhudi olması bu işdə az rol oynamayıb. Əsəd bəyi müsəlman olaraq qeydiyyatdan keçirə bilməzdilər. Abraham və onun xanımı yəhudi idi. Müsəlman oğlan uşağı onlara başağrısı olardı. Abraham Nussimmbaum öz soyadını Əsəd bəyə verir və oğlu kimi qeydiyyatdan keçirir. Adını isə babasının adının qarşılığına uyğun olaraq "Lev" götürülər. Bununla da Məhəmməd Əsəd bəy Lev Nussimbaum kimi yaşamağa başlayır. 1922-ci il avqustun 13-də İslam dinini qəbul etməsi barədə arayış alana kimi. O zamandan sonra Lev Nussimbaum adından imtina edir. Gənc yaşlarından yaradıcılığa başlayır. 1929-cu ildə Məhəmməd Əsəd bəy adı ilə "Şərqdə neft və qan" əsəri işıq üzü görür. Əsər birdən-birə ədəbi arenada partlayışa səbəb olur. Bunun ardınca onun “Stalin”, “Qafqazın 12 sirri”, “Ağ Rusiya”, “Maye qızıl”, “Məhəmməd”, “Allah böyükdür”, “OGPU”, “Sevgi və neft”, “Lenin” və başqa əsərləri çap olunur. Əsəd bəyin "Qurban Səid" təxəllüsü Əsəd bəyin Qurban Səid təxəllüsü ilə arasında əlaqə 1942-ci ildə ölümündən qısa müddət sonra ortaya çıxdı. Cəmil Vakka Mazarra onun xatirəsinə nekroloq yazmış və Əsəd bəyi “Əli və Nino” və “Qızıl buynuzdan olan qız”ın müəllifi kimi göstərmişdi. Məhz onun təşəbbüsü ilə “Əli və Nino” və “Qızıl Buynuzdan olan qız” romanları italyan dilinə tərcümə edilir. Lakin Vakka “Qızıl buynuzdan olan qız” romanını “Əli və Nono”dan öncə- 1943-cü ilin dekabrında nəşr etdirir. O, əsərin adını dəyişərək baş qəhrəmanın adı ilə “Asiyadeh” qoyur. 1944-cü ildə isə “Əli və Nino”nun italyan versiyasnıı çap etdirir, lakin bu versiyada da çox böyük dəyişikliklər var idi. Müəllif Qurban Səid yox, Məhəmməd Əsəd bəy kimi göstərilir. Digər roman kimi, bu əsərin də adı dəyişdirilərək “Əli xan” kimi verilmişdir. Görünür ki, Cəmil Vakka romanların adını dəyişməklə hər iki əsəri Məhəmməd Əsəd bəyə yaxınlaşdırmaq istəyirdi. Cəmil Vakka kimdir? Bu əsər ilk dəfə 1938-ci ildə Vyanada alman dilində “E.P.Tal” nəşriyyatı tərəfindən Elfrida Ehrenfelsin adına qeydiyyatdan keçmişdi. Roman müxtəlif tərcümələrdə və araşdırmalarda müxtəlif cür adlandırılmışdır : “Qızıl Buynuzdan olan qız”, “Xalicdən gələn qız”, “Xalicli qız”, “Mərmərəli qız”, “Asiadeh” və.s. Əsərin orjinal adı “Das Madchen vom Goldenen Horn”dur, yəni “Qızıl Buynuzdan olan qız”. Qızıl Buynuz dedikdə İstanbul şəhərini ikiyə ayıran Bosfor boğazı nəzərdə tutulur. Romanın 2005-ci ildə “Nurlan” nəşriyyatı tərəfindən çap olunmuş nəşrində əsərin adı “Altunsaç” kimi verilb. Buna səbəb romanın italyan dilinə tərcüməsinin son səhifəsində “Titolo orginalı dell opera” (“Sarı saçlı qız”) kimi təqdim olunmasıdır. "Altunsaç" romanının Çəmənzəminlinin qələmindən çıxdığına aid faktlar çoxdur. Lakin əsər üzərində dəyişikliklərin olması da ehtimal edilir. Cəmil Vakka əsərin adını dəyişərək "Asiyadeh" qoyubsa, deməli başqa dəyişikliklər də ola bilərdi. Axı o, Qurban Səidi nə yolla olursa olsun Məhəmməd Əsəd bəyə yaxınlaşdırmaq istəyirdi. Buna baxmayaraq əsərdə Yusif Vəzir ruhu tam silinməmişdir. Aşağıda gətirəcəyim faktlar isə bir daha göstərir ki, "Altunsaç" romanı Çəmənzəminli qələmindən çıxmışdır. Qurban Səid təxəllüsü ilə çıxan “Altunsaç” romanı Çəmənzəminlin “Studentlər” romanı kimi başlayır. Burada müəllim türk dillərindəki sait səslərin dəyişilməsi məsələsini götür-qoy edir. Eyni ideya Yusif Vəzir Çəmənzəminlinin “ Qızlar bulağı” romanında da istifadə olunur. Tələbələr Zərdüştün günəşdə qurudulmuş kərpicdə yazılmış “Avesta” əsərini oxuyurlar. “Altunsaç” romanının digər adı “Xalicdən gələn qız”dır. Yaxud da “Qızıl buynuzdan olan qız”. Yusif Vəzir ADR-in Türkiyədə səfiri olduğu zamanı bu ərazidə-İstanbulun Xalic hissəsində yaşamışdır. Çəmənzəminli 1937-ci ildə eyni adlı –“Altunsaç” film ssenarisi yazmışdır. Əsəri rusca yazsa da adı “Altunsaç” kimi saxlamışdır. “Altunsaç” romanı 1938-ci ildə nəşr olunmuşdur. Kinossenari isə 1937-ci ildə yazılmışdır. Romanın yazılma tarixi 20-ci illərə təsadüf edir. Ola bilsin ki, müəllif romanı özü ilə gətirə bilmədiyi üçün dolayı yolla da olsa kinossenari yazmaqla eyni adlı romanına işarə edirdi. Həm "Altunsaç" romanında, həm də ssenarisində Həsən obrazı canlandırılmışdır. Qurban Səidin “Altunsaç” romanındakı Asiyadeh obrazı, Yusif Vəzirin “Bir cavanın dəftəri” xatirələrindəki Asiya obrazının adına artırılmış –deh qeyri-məhsuldar şəkilçisindən yaradılmışdır ki, bu ad yalnız onun romanında işlədilmişdir. Romandakı türkçülük ideyası Çəmənzəminli yaradıcılığına xas olan üslubdur. Hər iki əsərdə türkçülük ideyası var. Romanda daha qabarıq, kinossenaridə isə qapalı göstərilir. Əgər “Altunsaç” romanında bunu hər addımbaşı hiss olunursa, kinossenaridə bir yerdə- Salman obrazının Qaplanla dialoqunda görmək mümkündür: “Amma mən türkəm və sən də türksən. Mən səni pis vəziyyətdə qoymaq istəmirdim...” Yusif Vəzir Çəmənzəminlinin “Zeybək qızı” hekayəsi, Qurban Səidin “Altunsaç” romanı ilə mövzu cəhətdən uyğunluq təşkil edir. Hər iki əsərdə hadisələr Türkiyə mühitindən bəhs edir, hər ikisində də türk qadının hünərindən söhbət açılır. Digər tərəfdən həm “Zeybək qızı” hekayəsində, həm də “Altunsaç romanında hadisələr Xalic adlandırılan boğazda cərəyan edir. “Altunsaç” romanı sivilizasiyalar arasındakı uyuşmazlıqlar, onların əsrlərlə davam edən toqquşması üzərində qurulub. Bu problemi Çəmənzəminli də “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərinə yazdığı müqəddimədə dilə gətirmiş və coğrafi baxımdan Azərbaycanın Şərqə, yaxud Qərbə aidliyi ilə bağlı müzakirə açmışdır. Onu da deyək ki, “Əli və Nino” romanının ilk sətirlərində şagirdlərə Azərbaycanın Avropa, yoxsa Asiyaya daxil olduğu ilə bağlı suallar verilir. /Şahverdi Şirinli, kulis.az/
|