Mən bilirəm insan necə məhv olur.
xırda görünən şeylərdən başlayır bu.
dilinə gətirdiyin yalançı tərifdən...
Üstündən keçdiyin xırda qəbahətlərin,
özünə bağışlamadığın
kiçicik günahların üst-üstə qalanır.
Özünü
yaxşı göstərməyə çalışa-çalışa
özgələrini aldada-aldada
adam özü aldanır...
...Bir gün görürsən ki,
içində
Tanımadığın bir adam əyləşib.
Və sən onun qulusan,
Görürsən ki,
özünü sahib kimi hiss edən bu adamın
buyruqlarını əlüstü yerinə yetirmək üçün,
əlini əlinin üstünə qoyub
hazır durmusan...
Mən bilirəm insan necə məhv olur...
Bu haqda mənim yanımda danışmağa dəyməz...
1986