Sevinc Elsevər - Yarıyanlar...
24.05.13
Televiziya kanallarında efirə gedən sosial proqramlara arabir baxıram. Yəqin ki, dəfələrlə müxtəlif kanalların eyni məzmunlu verilişlərində evli kişilərin “aldatdığı”, iki, bəzən üç uşaqla küçədə tənha buraxılan qadınlarla rastlaşmağım təsadüfi deyil. Bu hal ölkəmizdə çox yayılıb.
Bu verilişlərdə, adətən qəhrəmanları tamaşaçı auditoriyasının caynağına verirlər, qınaq yağışı daş kimi yağır başlarına. Kimisi bu qadınları əxlaqdan kənar, kimisi ağılsız, yüngülbeyin, savadsız, cahil, ev dağıdan adlandırır. Bəziləri tapılır, aldadıb qaçan kişiləri də qınayır. Qadınları ən çox təsadüfi tanışlıqların qurbanları kimi təqdim edirlər. Guya ki, problem hansısa kafedə, avtobusda, metroda, sosial şəbəkədə tanış olmaqdadır. Əslində problemin kökü tanışlığın necə, harada, nə vaxt baş verməsində, valideynlərin qadınla kişinin münasibətlərinə xeyir-dua verib-verməməsində deyil. Azərbaycanda qurulan ailələrin yarıdan çoxunun bünövrəsi toy, nişan, xınayaxdı məclislərində qurulmurmu?
Alverçilərin araçılığı ilə ailə qurub xoşbəxt olan onlarla cütlük tanıyıram doğma kəndimizdən. Çay evində, bulvarda, hava şarında, təyyarədə, çimərlikdə - hər yerdə tanış olub, ailə qurmaq normaldır. Qadınların evli, subay bilməyib, gözünü yumaraq, Azərbaycan kimi mental dəyərlərin möhkəm olduğu bir ölkədə öz həyatları ilə risk etmələrinə səbəb ilk növbədə yaşını ötürmək qorxusu, analıq istəyi, “bəlkə alındı” ümididir. Amma həm də hər şeydən əvvəl - savadsızlıq, cahillik, tənhalıq qorxusundan çox, Azərbaycan qızlarının əksəriyyətinin qürursuz olmasındadır problem. Azərbaycan kişiləri haradansa qondarılan, dini dəyərlərimizə qətiyyən dəxli olmayan bir məntiqlə hətta evlənib boşanmış, dul qalmış, taleyi gətirməmiş qadınlarla ailə qurmağa razı olmazkən, Azərbaycan qızları hətta üç-dörd uşaqlı kişilərlə münasibətə girməyə, onların ikinci, üçüncü arvadı, məşuqəsi olmağa razıdırlar! Toyuq beyni ilə yaşayan bu qadınları mən ancaq qürursuzluqlarına görə qınayıram! Orta əsrlərin dəyərlərinə sadiq qadınları - tükəzbanları, fatmaları başa düşə bilmirəm.
Azərbaycanda kişilərin özlərinə verdikləri dəyərin yarısını qadınlar özlərinə vermirlər. Onlar qapılarına gələn elçilərdən tələb elədikləri qızılın, pal-paltarın, başlıq xərcinin dəyərini artırmaqla özlərini qiymətdən salırlar. Bununla pulunu verərək alıb apardığı qadınlarla istədikləri kimi davranmağa kişilərə haqq verirlər. Zalım ərindən hər gün yediyi dayaqlara, söyüş-təhqirlərə sırf maddiyət ucbatından qatlanan qadınlar var.
O sevillər ki vardı, onlar artıq yoxdurlar. Tarix geri döndü. Artıq tükəzbanlar, fatmalar var!
Valideynlər qızlarını qürurlu, təhsilli görmək arzusunda olmurlar, onlar qızlarını ancaq və ancaq yaxşı arvad görmək arzusundadırlar. Onların qız uşaqları üçün yeganə arzuları var: yarıyanlardan olsun! Yəni, yaxşı əri, mehriban qaynanası olsun, vəssalam. Mən hələ dünyada elə bir kişi görmədim ki, ona “yarıyanlardan olsun”, - yəni, yaxşı arvadı, yaxşı qaynanası olsun deyə arzu eləsinlər! /publika.az/
|