İlqar Fəhmi - Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
20.05.13
Qəzəl
Mən ki öz şe’rimə bükdüm qəmi misra-misra Qəm də şe’rimlə gəzir aləmi misra-misra.
Dərdimi bildi təbibim, mənə bir şe’r oxudu Sanki çəkdi yarama məlhəmi misra-misra.
Qələmimlə yığıram düzmək üçün ağ kağıza Gül yanaqlarda donan şəbnəmi misra-misra.
En səmadən mələyim ki səni vəsf etmək ilə Dağıdım qəlbə dolan matəmi misra-misra.
Yazılır dəftəri-eşqə ürəyim qanı ilə Ömrümün sənsiz ötən hər dəmi misra-misra.
Sevmişəm bir gülü ki varlığa bir incə qəzəl Nazı beyt-beyt eliyir, çəm-xəmi misra-misra.
Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub Yə’ni yoldan çıxarıb Adəmi misra-misra.
|