Aydın Dadaşov - «Ağıldan bəla», «Müfəttiş» və «Ölülər» pyeslərində mövzu analogiyası
20.05.13
Ə.Hüseynzadə yaradıcılığının zirvəsi hesab olunan, 1908-10-cu illərdə «İrşad», «Tərəqqi», «Həqiqət» qəzetlərində otuz oçerkdən ibarət təfriqə şəklində çap olunan «Siyasəti-fürusət» əsərində azadlıq ideyalarının dərki yolunda Qriboyedovun 1822-24-cü illərdə yazdığı «Ağıldan bəla» əsərinin tutduğu yer yüksək qiymətləndirilmişdir. Müəllif, pas atmış inzibati-amirliyin demokratiya istiqamətində yeniləşməsində bu əsəri məhək daşına çevirmiş və onun dünyəviliyini göstərərək İran mühitinə tam uyğun olduğunu təsdiq etmişdir. Əli bəy Hüseynzadə «Siyasəti-fürusət» əsərində gənc türklər hərəkatının liderlərindən biri, 1886-cı ildən İstanbulda «Mizan» qəzetini çıxaran Murad bəyin «Ağıldan bəla»nı türkcəyə tərcümə etməsindən söz açır, «heç Çatskiləri türkcə söylədən bir ustad irticapərəst olurmu?» (Hüseynzadə Ə. Siyasəti-Fürusət. B., 1994. s.116) desə də, demokratik ideyaları yayan bu əsərin müəllifinin İran ədəbiyyatı və tarixinə bələd olmasını, farsca bildiyini yüksək dəyərləndirsə də, həcv etdiyi rus bürokratiyasından əxz etdiyi yersiz qüruru tənqid edir, «Gözündə ruslardan, Rusiyadan, Rusiyanın əzəmətindən başqa bir şey olmayıb iranlılara daima həqarət nəzəriylə baxıyordu. Halbuki, İranda ləyaqətli adamlar da yox deyildi» yazaraq ədibin 1829-cu ilin yanvarında Tehranda qətl edilməsi səbəbini onun özündə axtarır, «mən əminəm ki, onun yerində Puşkin olsaydı qətl olunmazdı» (s.122) deyə Qafqaz səfəri zamanı kalmık çöllərindən keçərkən dadına baxdığı piy qatılmış çaydan iyrəndiyini gündəliyində qeyd etsə də, imperiya siyasəti naminə kalmık gözəlini vəsf edən şairi daha yüksək qiymətləndirmişdir. Bununla belə Əli bəy Hüseynzadə Qriboyedovun «Ağıldan bəla»sını rus, Mirzə Cəlilin 1909-cu ildə həmin azadlıq ideyalarının təsiri altında yazdığı «Ölülər»i isə Azərbaycan dramaturgiyasının incilərindən sayır. Güclü satirası ilə seçilən hər iki komediyada anoloji cəhətlər olsa da, «Ölülər»dən fərqli olaraq «Ağıldan bəla»nın dramaturji strukturunda kəskin ziddiyyət yoxdur. Hakimlərin və söz sahiblərinin kimliyindən dəhşətə gələn Çatski kimi İskəndər də qətiyyən komik qəhrəman olmasa da, onun qədər komik vəziyyətlərə düşür. Məhz bu vəziyyətlərdə ziddiyyətin qarşı tərəfini təmsil edən mühitin bədbinliyi nekrofiliya yaradaraq, hətta, bir sıra tədqiqatçıları bu əsərlərin komediya olmasına şübhə ilə yanaşmağa vadar etmişdi. Müsbət ideyaların daşıyıcısı olan bu tənha qəhrəmanlarla onları əhatə edənlərin intellektual və ictimai ziddiyyəti, hadisələrin inkişaf prosesinin və finalın dəqiq həllinə şərait yaradır. «Ölülər» əsərində olduğu kimi «Ağıldan bəla»nın mahiyyətinin açılma prosesində də avtobioqrafik prinsiplərdən geniş istifadə olunur və hər iki pyesin ideyası bədii obraz kimi onların adında öz əksini tapır. «Ağıldan bəla» əsərində 1812-ci il Vətən müharibəsindən sonrakı dövrdə hökm sürən hakimiyyətsizlik, despotluq və anarxiyanın yaratdığı problemlər, «Ölülər»də isə dini cəhalət nəticəsində çoxəsrlik sükunətin yaratdığı nadanlıq özünün gözönü əksini tapır. «Ağıldan bəla»da orta səviyyəli Moskva mülkədarının evində baş verən sadə hadisələr rus cəmiyyətindəki haqsızlıq, yalan və digər bəlaları açıb töksə də, «Ölülər»dəki ziddiyyət qarşıdurmasında daha qlobal əksliklər özünü biruzə edir.
Mühafizəkar Famusovun xaricdə oxuyub təhsil almış Çatskiyə nifrəti: «Elm bir taundur, əlacı çətin» (ГрибоедовА,С. Горе от ума М.1974. с.109) fikri ilə ifadə olunaraq ictimai ziddiyyəti önə gətirir, «Şərin kökünü kəsmək üçün, bütün kitabları yığıb yandırmaq gərəkdir» (s.110) sözləri isə onun vandal çağırışının mütərəqqi bəşəriyyət üçün təhlükəli olduğunun göstəricisinə çevrilir. Hacı Həsən ağanın «Hələ bir para namərdlər müsəlmanları məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da dərs! İndi qoy gəlib dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa» (Cəlil Məmmədquluzadə. Əsərləri. II cild. B., 1984. s. 23) şikayəti və andı isə maarif yoluna üz tutmuş bir atanın daxili şübhələrini əks etdirərək personajlararası münasibətlərin dramaturji strukturunu qabardır.
Rus dramaturgiyasının digər bir dəyərli dram əsəri sayılan Qoqolun «Müfəttiş»i ilə də «Ölülər»in dramaturji strukturunda kəsişən nöqtələr vardır. «Allah sənə rəhmət eləsin Qoqol» cümləsini əsərinə epiqraf göstərmiş, onu məzhəkənəfislikdə əvəzsiz sayan «Molla Nəsrəddin» jurnalının 5 aprel 1909-cu il 14-cü sayında Mirzə Cəlilin: «Qoqol rus məmurları barəsində elə bir komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir ki, Naxçıvana, Şuşaya, bütün Qafqazın şəhər və kəndlərinə «revizor» gəlir» dəyərləndirməsinin sevinc ruhu nəzərə çarpır. Rusiyanın yaxın və ucqar əyalətlərinin rəsmi idarəçilikdən kənarda qalması problemi rus müəllifi Qoqol üçün mövzuya çevrilə bilsə də, müsəlman-türk Mirzə Cəlilin eyni mövzunu dini müstəvidə həll etməsi təbii idi.
Qoqolun dövlət xəzinəsinə əl uzadaraq ümumxalq əmlakına haram qatan fırıldaqçılara, rüşvətxorlara qarşı qəti və amansız mövqedə dayanan «Müfəttiş» komediyası ictimai quruluşa ittiham kimi səslənir. Mirzə Cəlilin xalqın tərəqqisinə mane olan, onun namusuna, şərəfinə və mənəviyyatına zərbə vuran şarlatanlara qarşı eyni mövqedə duran «Ölülər» əsəri nadanlıqla mübarizəyə yönəlir. Burada İskəndərin kefliliyinin şərtiliyi əslində kütlənin süstlüyünün təqdimatında mühüm rol oynayaraq nadanlıq problemini qabardır. Əsərin hərəkətverici qüvvəsi olan teleqram Qoqolun «Müfəttiş» komediyasından fərqli olaraq o dünyadan gəldiyi üçün şərti xarakter daşısa da, süstlük mühitində təlatüm yaradır. «Ölülər»in sonundakı teleqramın reallığı isə bu təlatümün təsirindən özünü itirmiş mühitdə İsgəndər fikrinin həqiqətinin təsdiqinə çevrilir. Yalnız öz şəxsi mənafeyini düşünən Şeyx Nəsrullahın dirijor kimi ziddiyyət qarşıdurmasını idarə etməsi şər qüvvələrin təntənəsinə şərait yaratdığı üçün bəzi nəzəriyyəçilər əsərin komediya janrına təftişçi münasibət bəsləmişlər.
Şeyx Nəsrullahdan fərqli olaraq, hadisələrin gedişinə birbaşa müdaxilə etməyərək müşahidəçi mövqedə duran İskəndər, əməli fəaliyyət deyil, fikir adamı kimi təqdim olunur. Atası Hacı Həsən ağaya müraciətlə: «Dadaş, elə də qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin, çünki elə mən də ölü kimi bir şeyəm» (s. 33) deyən İsgəndərin şeyxlərə üz tutub: «Bu qollarda Rüstəm pəhləvan kimi qüvvətim olsaydı yapışardım sizin ayaqlarınızdan və atardım göyün üzünə, başaşağı gəlib kal qarpız kimi paqq eləyib dağılaydınız.» (s. 48) söyləməsi onun mənəvi gücsüzlüyü deyil, sadəcə mühitin eybəcərliklərinin heç bir insani məntiqə sığmamasıdır. Yarandığı dövrdə məhz bu mühitin qaranlığı artıq işığa doğru üz tutduğu və qoyulan problemlər həllini tapmaqda olduğu üçün əsərin komediya janrı özünü təsdiq edirdi. Bu janrın tənqidi realizmin ictimai üslubu çərçivəsində təqdimatı klassik ədəbiyyatımızda «Ölülər» kimi sənət əsəri yaratdı. Professor Xalid Əlimirzəyev: « «Ölülər» sadəcə olaraq din və ruhanilik əleyhinə yazılmış bir əsər deyildir. İdeya–məzmun, emosional təsir və idrakın əhəmiyyətinə görə əhatəli, geniş mün-dəricəli bir əsərdir. Onun tənqid etdiyi hədəflər və toxunduğu prob¬lemlər, ailə, əxlaq, kəbin, təhsil, tərbiyə, qadın hüququ məsələlərindən tutmuş, demək olar ki, ictimai həyatı¬mı¬zın və milli şüurumuzun bütün sahələrini əhatə edir» (Xalid Əlimirzəyev Problemlər və xarakterlər dramaturgiyası. B.,1979. s.19) qənaəti ilə əsəri yüksək dəyərləndirir.
Pyesdəki hamının valeh olduğu Şeyxin ölü diriltmə məsələsinə İsgəndərin şəkk etməsi əsas ziddiyyəti meydana çıxarır. Gözönü hadisələrdə Məşədi Oruc «biz bu saat onu cəhən¬nəmə vasil edərik» -- deyə məclisdəkiləri İsgəndərin üzə¬rinə qaldırdıqda Hacı Həsən ağanın «Cahıl–cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm» (80. səh. 39) söy¬ləməsi hadisələri mövzu–əks mövzu növbələşməsinə yö¬nəldərək dramaturji strukturu nizamlayır. Növbəti əks–mövzuda Şeyxin könlünü almaq istəyən Hacı Həsən ağanın on üç yaşlı qızı Nazlını onun otağına göndərmək niyyəti dramaturji düyünü özündə birləşdirən hadisəli ekspo¬zisiyanın gərginliyini təmin edir. Hər kəs ölüsünün di¬rilməsini istəsə də, onların diriləcəyi təqdirdə qar¬şı¬ya çıxacaq problemlər ortaya atıldıqda bayaqdan günahsız görünən adamların bir–birini ifşa edərək şər qüv-və¬lə¬rə çevrilmələri ziddiyyətin xarakterini nümayiş etdi¬rir. Bu isə Mirzə Cəlil peşəkar üslubunun yaratdığı dramaturji qarşıdurmanın nailiyyətidir.
Tənqidi realizm zəminində formalaşmış bu peşəkar üslubun «Müfəttiş» kimi bitkin nümunəsi, fakta əsaslanan informasiya gerçəkliyinin fasiləsizliyinin önə çəkilməsini sənət meyarına çevirə bilmişdi. Əyalət şəhərinə gəlib çıxmış, mehmanxanaya borcu olan, acından şalvarını satmağa hazır olsa da, gözlənilmədən müfəttiş kimi qəbul olunan Xlestakovun borc adına bələdiyyə rəisindən, məhkəmə sədrindən, poçt, məktəblər, xeyriyyə müəssisələri müdirlərindən, mülkədarlardan və tacirlərdən pul qoparması fonunda mühitin eybəcərlikləri açılır. Bu fırıldaqçının dilindən səslənən «Gözəl göyçək aktrisalarla tanışam. Mən də axı cürbəcür məzhəkələr yazıram... ədəbiyyatçıları tez-tez görürəm. Puşkin ilə lap dostam. Bəzən ona deyirəm, hə dostum Puşkin necəsən?» Cavab verir ki, «Elə belə, bir növ dolanırıq.» Yaman orijinal adamdır» (Гогол Н.В. Пьесы. М.1975. с.194) cümlələrdə məşhur klassikin belə adının çəkilməsi, tənqidi realizmin informasiya gerçəkliyi hesabına sənədliliyinin təsdiqinə şərait yaradır. Peterburqa köçmək, daha böyük vəzifə tutmaq və general olmaq niyyətinə düşən bələdiyyə rəisinin camaatın gözü qarşısında ifşa olunması əsərin ideyasının təntənəsinə çevrilir. Xlestakovun dostu Tryapiçkinə yazdığı məktubundakı “..Peterburq görkəmimə və paltarıma görə bütün şəhər məni general-qubernatora oxşatdı. İndi mən bələdiyyə rəisinin evində yaşayıram. Kef çəkirəm, onun arvadı ilə qızı ilə mazaqlaşıram, ancaq, bilmirəm ki, əvvəlcə hansından başlayım. Əvvəlcə anasından başlamaq istəyirəm, çünki deyəsən bir az suyu yumşaqdır” cümlələrinin hamının yanında səslənməsindən sonra bələdiyyə rəisinin özünü itirməsi “Ölülər”in də finalında təkrarlanır. İskəndərin son monoloqundakı: “Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarixlərinizin kitabında bu qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: (Ucadan) tfu sizin üzünüzə!» sözləri xalqına coşqun bir ehtirasla vurğun olan müəllifin üsyanıdır. Və bu üsyan liberal mühitin yaratdığı tənqidi realizmin imkanı hesabına daha da tutarlı səslənir.
Akademik Kamal Talıbzadənin yazdığı: «Azərbaycan mətbuatında «Ölülər» komediyasının dərin təhlilini verən, onun böyük ədəbi hadisə olduğunu qeyd edən və eləcə də «Ölülər»in əleyhdarlarına qarşı qəti və ardıcıl mübarizə aparan tənqidçilərdən biri Seyid Hüseyn idi. Onun «Açıq söz» qəzetinin 2 may 1916-cı il 176-cı sayında «Bilirəm, bir çox möhtərəm ağalar Mirzə Cəlil cənablarının «Ölülər»ini Qoqolun «Revizor»u ilə müqayisə edəcəklər. Mən isə bundan irəli getmək istəyirəm. Zira «Revizor»da Kefli İsgəndər kimi bir qüvvə yoxdur ki, «elm oxuyun alim olun» deyib «adam olun» deməyənlərə, doqquz yaşında ərə gedən qızlara, qardaşının, ata və anasının dirilməsindən ötrü fikirləşməyə gedənlərə, «dirildikdən sonra» evlərinə, yurdlarına qayıtmaq istərkən qapısı üzünə açılmayan ölülərə gülsün; doqquz yaşında Nazlılarını Şeyx Nəsrullahlara məcburən arvad etmək istəyən atalarının üzünə tüpürməklə ağlasın və ağlatsın» (Kamal Talıbzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. B., 1984. s. 257) fikirləri əsərin məziyyətlərini yüksək səviyyədə açıqlayır.
«Ölülər» əsəri haqqındakı:: «Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rol oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib ölmüş ruhlara can verəcəkdir» (Nəriman Nərimanov. Seçilmiş əsərləri. B., 1973. s. 398) cümləsi dramaturq Nəriman Nərimanovun təəssüratını ifadə edir
11 sentyabr 1909-cu il «Zakavkazye» qəzetinin 176-cı sayındakı «Ölülər» məqaləsində H.Minasazov Mirzə Cəlilin adı çəkilən məşhur pyesini təhlil etdikdən sonra yazırdı: «Əgər siz müsəlman həyatının ailə-məişət və əxlaqının qaranlıq tərəflərinin bütün xırdalıqlarına nəzər salmaq, xalqın maraqlı həyatını görmək istəyirsinizsə, tatar pyeslərinə baxın. Bizim dramaturqların, xüsusən cənab Məmədquluzadənin həyatı hərtərəfli öyrəndikdən sonra əsərlər yazması sevindirici haldır. Dəqiq işlənmiş tiplərdən ibarət pyes aydın dildə yazılmışdır. Olduqca həyati olan qəmli və gerçək səhnələr tamaşaçının gözü qarşısından gəlib keçir. Müsəlman həyatının avamlığı, fanatizmi və ruhanilərin pozğunluğu, çoxarvadlılıq, az qala yarım saat çəkən siğə, zorən çadraya bürünmüş qadına qarşı heyvani ehtiras və guya dindən, allahdan qorxan kişilərdən söhbət açılır. Hamının acı gülüşlə tamaşa etdiyi komediyada əslində zülmətə düçar olmuş, dəhşətli vəziyyətdən çıxış yolunu tapmayanlara yeganə yol göstərən savadlı, xalqını sevən İskəndər onları özünü dərk etməyə və ətrafda baş verən əcaib gerçəkliyə tənqidi münasibət göstərməyə çağırır. Lakin o, köməksiz olduğundan və özünün gücsüzlüyünü, tənhalığını hiss etdiyindən ətrafdakıları iyrənc yaşayış tərzindən xilas edə bilmədiyi üçün sərxoşluğa qurşanır. Və bu müasir müsəlman ziyalısına baxarkən istər-istəməz ölməz Qoqolun sözlərini tətbiq etmək istəyirsən: «Şəhərdə bircə yaxşı adam var – İskəndər, o da sərxoşdur.
1 may 1916-cı il «Kaspi» qəzetinin 97-ci sayında Nəcəf bəy Vəzirov «Ölülər» adlı məqaləsində əsər barədə öz təəssüratını: «Cümə günü Tağıyev teatrında oturdum və «Ölülər» pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları--- bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən «ölü dirildən» Şeyx Nəsrullahdır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir… Camaat öz yaxın adamlarının diriləcəyinə inanır… Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə… Camaat qarşısında hər cür yeməkdən imtina edən, ancaq iki-üç xurma ilə dolandığını bildirən şeyx xəlvətdə plov tələb edir, həm də köməkçisinə işarə ilə başa salır ki, «tək yata bilməz və siğəyə ehtiyacı var.» Şeyxə heç bir şeyi müzayiqə eləmirlər. Həmin gün ona üç nəfər doqquz yaşlı qız «siğə» olunur. Özümü çətinliklə saxladım. «Əclaf»..-deyə çığırmaq istəyirdim. Fırıldağının üstü açılacağını hiss edən şeyx aradan çıxır… Onun doqquz yaşlı «siğə» arvadları acı göz yaşları tökürlər. Əlbəttə, şeyx üçün yox, özlərinin ləkələnmiş isməti və məhv edilmiş həyatı üçün. Kefli İskəndər qışqırır: - İndi növbə mənimdir. Ölülər! Budur sizin qızlarınız. Gəlin aparın! Valideyinlər pərt halda qızlarının əlindən tutub aparırlar…Ürək parçalayan səhnə… Bu gözəl pyesin təfərrüatı üzərində dayanmıram. Amma əsrlər boyu dini fanatizmə əsaslanaraq bədbəxt müsəlmanları tam cəhalətdə saxlayan Şeyx Nəsrullah kimi şəxslərin şarlatanlığını qamçılayan belə bir əsərin yaranmasını görüb şadlığımı ifadə etməyə bilmirəm» cümlələri ilə heyranlıqla bildirır.
Digər dramaturqumuz C.Cabbarlının «Ölülər» əsəri haqqında məqaləsinin «İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsi» bölməsindəki: «İsgəndər əxlaqca zəifdir. Çünki o, hər zaman sərxoşdur. Hər kəsə qarşı tərbiyəsizcəsinə hərəkət edir və hətta, atalıq vəzifəsində ona qarşı heç bir qüsuru olmayan ixtiyar atasının üzünə tüpürür, hər kəsə sataşır, mənasız olaraq it küskürür və bu kimi hərəkətlərlə əyləniyor. Yalançıdır, bacısına şərab içməməyi vəd etmişkən sözündən qaçıb içir. Sözdə dediyini, fikrində düşündüyünü həyatda tətbiq üçün özündə qüvvə, cəsarət görməyir. Salisən canidir. Çünki, Şeyx Nəsrullah cinayətlərinə qarşı imkan varkən bir ciddi təşəbbüs və hərəkətdə bulunmayır. Nazlı kimi məsum və zavallı qızların bədbəxt olması faciəsinə yalnız bir tamaşaçı olaraq qalıyor» (Cəfər Cabbarlı. Mənim tanrım gözəllik! B., 2002. s. 226) fikirləri dövrün keyfiyyət sıçrayışlarından sonra inqilabi ruhlu sosrealizmi qəbul etmiş istedadlı müəllifin deyil, sadəcə sosrealizmin tənqidi realizmə qarşı barışmazlığıdır. İskəndəri gücsüz qəhrəman sayan Cabbarlıının qeydlərini inqilabi çevrilişlərdən vəcdə gəlmiş və bu mövzuda əsərlər yaratmış müəllifin romantik arzusu hesab etmək olar. Həmçinin, dramaturqun «Ölülər»in baş qəhrəmanına qarşı iddiaları dövrün ədəbi məhkəmələrinin ruhuna uyğun olduğundan əks tərəfin bəraət üçün özünü müdafiəsinə imkan verilmirdi.
Mənbə: «Dramaturgiya» dərsliyi BDU-nun nəşriyyatı. 2004.
|