Feyziyyə - Sən haqlıydın əslində
14.05.13
Bilirsənmi sən haqlıydın əslində hər şey vədəsində bitməliydi, vədəsində. Qonşu qızına sevdiyi əsgərin asfalt üzərində yazdığı «məni gözlə» sözlərini yağış yuduğu an. və qızın nəfəsi ilə tərləmiş, «ölənədək gözləyəcəm» yazılmış pəncərə şüşəsini qəfil əsən küləyin sındırdığı zaman. donmalıydı zaman, donmalıydı məkan, insan…
Bilirsənmi sən haqlıydın əslində hər şey vədəsində bitməliydi, vədəsində. beş yaşlı qızcığazın ağ hasara qara kömür parçası ilə «ev satlır» cızma qarasını etdiyi an. və gənc ananın sevgilisinin arxasınca su atmaq üçün doldurmaq istədiyi büllur qabın əlində çatladığı zaman, donmalıydı zaman, donmalıydı məkan, insan…
Bilirsənmi, sən haqlıydın əslində, hər şey vədəsində bitməliydi, vədəsində, sonsuz qarının bir qış gecəsi yuxuda bətnindən düşən körpəsinin qəfil üzünə gülümsədiyi an, və qarının başucunda mürgü vuran naümid qocanın «oğlum» pıçılsına səksəndiyi zaman. donmalıydı zaman, donmalıydı məkan, insan…
Sən haqlıydın əslində. insan xaindir deyəndə, Sən haqlıydın əslində. insan sevdiyindən dönür deyəndə. sevdiyinin qatilidir deyəndə. Sən haqlıydın əslində. Sevgi də vədəsində bitməlidir, vədəsində.
Sən haqlı olduğun gündən, bu şəhərdə hər kəs sənin qədər haqlı Bütün «məni gözlə» yazılmış, yağış yuyan küçələrdən keçən insanlar eyni sözü pıçıldar o gündən- «Hər şey vədəsində bitməlidir, vədəsində».
Son nəfəs
...nəfəsimi son ah kimi içimə çəkib adını pıçıldadım ovuclarıma sübh namazında. salavat çəkdim , hər xatırladığımda. Adını bilmədiyim mərhum atanın ruhu şad olsun deyə bütün ataların ruhuna rəhmət yalvardım Yaradandan. Sənə də dua etdim sağlara oxunan dualar tək,
Mənə «gözlərin yağış kimi safdı» deyirlər, Parıltısını yaquta bənzədirlər. Amma bu saf gözlərə görə sənə borclu olduğumu kimsəyə demədim. Axı səni hər xatırlayanda abdəst alır onlar Bilirsənmi, mən səni ağlayanda sevinirəm çünki öncə könlümə ölüm düşür, sonra «Bəqərə» 155-ci ayə.
Son nəfəsdə mənə deyə bilmədiklərini yuxumda qara səhifəli bir dəftərə yazmışdın, bir açar topunu da qoymuşdun qara dəftərin üzərinə getdiyində. İndi hər gecə yuxumda oxumaq istədiyim qara dəftərin səhifələri arasından nəm yaylıqlar, Açırını sən verdiyin bağlı qapıların arxasından dərisi soyulmuş quzular çıxır
Bu gün qəbrini ziyarətə gəlmişdim Gülümsəyən bir maska da gətirmişdim Hələ baş daşı qoyulmamış məzarına qoymağa, axı sən gülməyi çox sevirdin. Mən də gülüşü sevməyi öyrəndim, ölümünə güldüyüm gündən sonra. Çökdüm büründüyün torpağın üzünə, adımı pıçıldadım ovuclarıma , sonra Salavat çəkdim ovsun oxunmuş əllərimlə, gözlərimdə abdəst dodağımda gülüş. Birdən kimsə «son nəfəsdə mənə deyə bilmədiklərini Hər gecə yuxumda qara səhifəli dəftərə yazırsan»-deyə pıçıldadı. Başımı qaldırdım və anladım ki…
|