Vaqif Bayatlı Odər - Bir qızın telləri əsdi üzümə
13.05.13
Gizlicə-gizlicə gəldi buludlar, Gizlicə-gizlicə döndü ümidlər, İndiki buludlar beləcə gəlmir, İndiki yağışlar beləcə yağmır. İllərin o başından bir qız yaylığı üstdə bir ipək xatirə döndü qəlbimə, bir qızın telləri əsdi üzümə.
Gülüm yağış! Çiçəyim yağış! O ipək illərdən, atlaz günlərdən, Gilənar göylərdən dolan yağışım, yollarda yorulub gözümdə, könlümdə qalan yağışım, bir çinar üstündə qoyub gəlmişdim səni, çinarın altında bir gilənar qız. İndiki yağışlar beləcə yağmır... Bu gilənar yağış mənim qəsdimə yağır, O dost çinarın üstündən yağır, On ildən, beş ildən, dünəndən yağır, bütün sevgilərin dönən yerindən yağır. Bəlkə də, bəlkə də lal məhəbbətlərin dinən yerindən yağır.
İllərin altında solmaz o tellər, Hər bulud lələyi ümidlə gələr, O barlı illərin sevgisi qızlar Bir də gilə-gilə qızardı bəlkə...
|