“Yarımçıq əlyazma” Avstriyada nəşr olundu
13.05.13
Ümumi dəyərlər şkalasının göz önündəcə dəyişilməsi, avtoritetlərin və orientirlərin böyük sınaqlara məruz qalması ilə müşayiət olunan qlobal ədəbi-mədəni prosesler yeni dövrdə yaranan ədəbiyyat nümunələrinin xarakteristikasına əlavə çalarlar qazandırdı. Əlbəttə, burada söhbət belletristika xarakterli kütləvi ədəbiyyatdan deyil, zövqlü oxucunun üstünlük verdiyi bədii mətnlərdən gedir.
Yazıçı Kamal Abdullanın məşhur “Yarımçıq əlyazma” romanı öz polifonizmi, müxtəlif dövrlərə aid stillərin kombinasiyası, intertekstuallığı ilə və bədii, tarixi-mədəni, elmi kontekstin simulyakrını ön plana çıxarmasıyla çağdış roman ənənəsini zənginləşdirən əsərlərin sırasında öz layiqli yerini tutub. Azərbaycanın və zəngin ədəbi ənənələrə malik xarici ölkələrin mətbuatında roman haqqında dərc olunan çoxsaylı araşdırma yazıları və resenziyaların ümumi səciyyəsi də dediklərimizi sübuta yetirməkdədir.
“Yarımçıq əlyazma” romanı artıq Rusiya, Fransa, Türkiyə, Braziliya, Polşa, ABŞ, Misir, Qazaxıstan kimi ölkələrdə çap olunaraq oxucuların ixtiyarına verilib. Bu günlərdə romanın Fransada təkrar nəşr edilməsi isə böyük bir coğrafiyada əsərə oxucu marağının göstəricisi sayılmalıdır. Məlum olduğu kimi, əsərin çap olunduğu bütün ölkələrin görkəmli ədəbiyyatşünasları roman haqqında çoxsaylı məqalələrlə çıxış ediblər və biz bu barədə oxucularımızı mütəmadi olaraq məlumatlandırmışıq.
Aldığımız məlumata görə “Yarımçıq əlyazma” romanı bu günlərdə daha bir Avropa ölkəsində, Avstriyada da nəşr olunub. Şərq ornamenti elementlərindən istifadə olunmaqla dizayn edilmiş kitab Avstriyanın nüfuzlu “Goldegg Verlag” nəşriyyatında işıq üzü görüb. Mütəxəssislərin rəyinə görə əsərin almancaya tərcüməsi yüksək peşəkarlıqla həyata keçirilib. Kitabın tərcüməçisi Aygün Mehbalıyeva, nəşriyyat redaktoru isə Yurgen Ermandır. Kitaba ön sözü tanınmış ədəbiyyatşünas-alim professor Ziqlinde Hartmann yazıb. /525.az/
|