Məhsətinin 900 illiyi qeyd olunacaq
10.05.13
Azərbaycanın YUNESCO-dakı daimi nümayəndəliyindən verilən məlumata görə, mayın 16-da dünyanın nüfuzlu təşkilatlarından biri olan YUNESCO-nun baş qərargahında Şərq aləmində tanınan şair və elm xadimi Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin daimi nümayəndəliklə birgə təşkil edəcəkləri yubiley tədbiri Məhsəti Gəncəvinin zəngin şəxsiyyətinin və çoxsahəli fəaliyyətinin, o dövrdə cəmiyyətdə oynadığı rolla qadın hüquqlarının ilk müdafiəçilərindən biri kimi beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək.
Rəsmi və bədii hissədən ibarət yubiley gecəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, YUNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang, Məhsəti Gəncəvinin həyat və yaradıcılığının tədqiqatçısı, AMEA-nın müxbir üzvü, deputat Rafael Hüseynov çıxış edəcəklər.
Tədbirdə azərbaycanlı aktyorların ifasında şairin rübailəri səsləndiriləcək, qədim musiqi alətlərindən ibarət ansamblın çıxışı olacaq, M.Gəncəvinin miniatürlərindən bəhs edən film nümayiş etdiriləcək. /teleqraf.com/
|