Qismətin yeni şeiri
10.05.13
Sevinmək sənəti
Matəm günlərində sevinmək olarmı, ya da bayramlarda kədərlənmək ? Çox düşünmüşəm bunları, çox, anlamışam ki, yox, cavabı içində olan sualları səsləndirmək əbəsdir. "Sus !" - demişəm özümə, "bəsdir". Cavabdan yetimdir bütün suallar. Yetimə əl tutmaqsa, adət.
Məsələn, qəfil könlünə bir adam düşür, zəng vurub səsini içmək istəyirsən, sözlərini dadmaq, qollarını açıb bağrına basmaq, köksünə sıxmaq, amma gedib saatda 120 ilə dəyirsən bumbuz bir laqeydliyə. Niyə ? Bilmirsən, anlamırsan nədir bu təlaş, bu qaçaqaç ; Qollarını aralayıb qucmaq istəyirsən kimisə amma ya bostan müqəvvası olursan, ya da yorğun xaç.
|