Xanəmir - Şəki siçovulu
03.05.13

namərdin hekayəti

əlif.lam.mim.

Ramazandan üç gün keçmişdi (bunu yazmağımın əsərin mahiyyətinə dəxli varmı – oxucu özü söyləsin).
Övrət ramazan orucundan qalma iki qəzasının ilkini  yerinə gətirmək üçün  yenə erkəndən qalxdı.
(qaldığım odada birisi yerindən tərpənsə yuxum qaçar-adətimdir) yerimdən fırlayılb balacanın  açılmış üzərini  örtüb  geyindim. Xanım mətbəxdə yavaş-yavaş Allahın verdiyindən dadır, süfrəyə baxmadan elə bil nəsə qəzetmi, kitabmı oxuyur, onun bu görüntüsü hara baxdığını müəyyən etmək üçün adamı zora salırdı. (həmən ağlımdan keçən qadınların oruc tutmasının nəsə çox gözəl bir şey olduğunu keçirdim). mənə elə gəldi vaxtında yerimdən qalxmışam, vaxtında oyanmışam. (bir də xanımım məndən erkən oyansa, qalxsа, onda heç yata bilmirəm, gözümə nədənsə çimir getmir. elə zənn edirəm o mənim  ayıb  bir işimi, onun bilmək istədiyi, ama nə vaxtsa demədiyim bir fikri görər, hali olar. Yəqin bu qorxu duyğusu məni çox uyumayan birisinə çevrib. Bu firkin ardınca, fikirləşirəm, öz aramızdır, bəziləri çoxlu mal-mülkü olduğundan, bəziləri də düşməninin sağ qalmağından yuxusunu ərşə göndərir – krorta, mən isə gör nədən yuxusuzluq çəkirəm. demək mənim düşmənim, var-dövlətim də xanımımın məni yuxulu görməsində (n) yaranan bir şeydir. Allah yardımçın olsun, ay dağlar oğlu).
Həmən kitablarla ağzına kimi doldurduğum balaca odaya keçdim. Ramazandan dərhal  sonra xanımın yek kəlməsiylə bilgisayarımı da bir təhər bu balaca odaya təpişdirməli oldum. ( ax yenə ramazan…) bir tərəfdə illərdi kəsilib tığlanmış müxtəlif  qəzet dağları, bir tərəfdə qalaq-qalaq kitablar, bir tərəfdə əmimə düzəltdirdiyim kitablarla basa-bas yığılmış özümə bənzəyən caydaq  taxta kitabxanam. Bir neçə yerdə rəssam qardaşımın rəsm əsərləri. Mənim əlyazmalarım da itə tök. (indi Allah canını sağ eləsin, bu bilgisayarı düzəldən kişinin. Gör məni nə qədər zir-zibillikdən təmizləyib. Yoxsa hələ bu harasıdır, kağız-kuğuz əlindən tərpənməkmi olardı, Allah eşqinə. Yazıq maşın, abrını büküb nə bilim (onun namus yeri harası olar) harasına, bir dənə də olsun kağız zibili üzə çıxarmır. Bəlkə xanımımdan qorxur, ya da ona yazığı gəlir. Qətiyyən heç biri deyil. Sadəcə, bu maşın düzgündü bizdən, vəssalam.) nə isə, qüsura baxmayın, bu möhtərizələr tez-tez çıxır qarşıma. Elə ağzımdan düşəni hoppadan götürür.
Çöldə bir vıyıltı vardı. Külək deyirdi, gözünü aç, ağına-qarasına dolum. Külək deyirdi, yaxanı aç sinənə vurum. Külək deyirdi, pəncərəni aç, dolum içəriyə. Külək, hə, elə bu külək deyirdi, özün açıq ol, qalın geyinmə, vurum bədəninə, böyrəklərini üşüdüm, uladım səni,  sən öl. İçəriyə girib, mən belə fikirlərlə tərcüməyə qalxışdığım kitabı bu basırıqda hara atdığımı tapım dediyimdə,  gördüm nəsə xışıldayır. Bu yeni səs deyildi qulağımın çaldığı. Əvvəllər bu səslərdən çoooox eşitmişdi binəva qulağım. Camaatın qulağı musiqi xırdalayır, baxı, motsartı, şopeni, çaykoviskini, alim qasımlını pərdəsində oturdur, yerini, həddini  bildirir, mənim qulağım da əsirlikdə yaşayan əsgər qulaqları kimi millənib tappıltı-tuppultuya, xışıltı-mışıltıya. Gör də, bizim halımızı. Belə  halla üzləşəndə şəxsən kimsəyə imkan vermədən deyirəm, bütün bunların baiskarı o neftdir, axıb gedir, xəzəl pullar yağır azərbaycana, bir quruş görmür  ciblərimiz, siçan-miçan cibimizə dinclik vermir. Yer tapıblar özlərinə, şərəfsizlər cibimizi. Allahınız olsun, yermi yoxdu, ya məkanmı qəhətdir bu  boyda dünyada, Sabunçuda sizə o eybəcər səsinizi, xışıltı-mışıltınızı bu göy qübbəsinin altına yaymağa.
başın haqqı, nə görsəm yaxşıdı, sabahın bu alatoranlığında. Bir yekə bomboz mişovul. Qonşum Maqsudun dana quyruğu yeyən  pişiyi  boyda. Gözləri adamı yeyərəm, yırtaram deyir. Namussuzun gözləri o qədər sərrast, bir nöqtəyə zillənib, adamı tüfəngin sənə tuşlanan lüləsi kimi üşüdür.  (oyana tut a gədə. tüfənglə zarafat eləmə. şeytan içini doldurar həmişə boş lüləni – bunu da uşaqkən evdəki tüfəngi yun əyirən nənəmə tutanda deyərdi).
Küləyin vıyıltısını nə təhər unutdum, dədəm gəl. sən demə bu namussuz heyvan yayda dostların şəkidən bizə pay kimi (niyə kimi, deynən elə pay da, dilin dəliləcək?) qoyduqları (belə nankorsan, ey) qarğıdalının sarılığına nə təhər vurulubsa, lap o nağıllardakı xəzinəyə, qızıla, ləl- cəvahirata bənzədib, sarılığına, rəng-rufuna aldanıb  başlayıb cəhd eləməyə bir şeylər əkişdirsin, görüb yoooox, bu həna o hənadan deyil əsla.
Pəncərə ağzında yay günəşinin altında sağlığınızı görüm, o qədərnə qalıb, əməlli-başlı quruyub qaxaca dönüşüb. Ona diş batar, canı sağolmuş? Nə olsun mişovuldı. Yox eyy, ona dişi bata bilməz. sonra özünə təzə dişi kim, hansı mişovul saldıracaq, bu qocaman vaxtında. (yerindən bir sürə tərpənməməyindən hiss olunurdu, yaşlı-başlı, təcrübəli olduğu, insanlarla necə davranmaq lazım gəldiyini yaman bilirdi  şərəfsiz. məni ürəyin istəyən bu səhərin erkən vədəsində dəli eləyib  qoydu ordaca).
Bir təhər üzərinə hücum çəkən kimi özümü göstərsəm də, əvvəl deyəsən qaçmaq fikri yoxudu heç, sonra əsəbimi, hikkəmi görüb ağıllı davrandı, kitabların arasına verdi özünü. Ora girən də çıxarmı, mümkün deyil.
Bir ara yenidən gözlərim xanımımla yaydan – avqustdun başından Şəkidən gətirib pəncərəyə qoyduğumuz  quruyub qaxaca dönmüş sütülə, onun sarılığının adama gəl-gəl deməyinə nə təhər sataşdısa, mişovulun dədəsinə, ulu babasına, cəddinə rəhmət oxuyub durdum (görəsən bu mişovulun laaap ulu babası, dədəsi etnik mişovul, etnik heyvan deyil? Bu şərəfsiz əzəldə, məsələn 16-cı əsrdə siçan olub, pişik olub, soxulcan, kərtənkələ, dələ, yoxsa yarasa?)      nədənsə bu şərəfsiz  qorxunc heyvanı səhərin bu çağında günah da  olsa, çaba göstərib elədim yarasa. Sir-sifətindən, əsas da göz, alın hissəsindən yarasayam deyib dururdu. Belə iyrənc heyvan uzaq başı yarasa olar da, day qırqovul, göyərçin, dövşan olmayacaq kin? Bu heyvan etnosuyla səfsəfələr öz yerində, mişovul mənə qorxunc gəlməsiylə yanaşı, həm də iyrəndiriciliyi  də əskik deyildi. Yarasa oğlu yarasa elə baxırdı, elə biləsən adamın bədənini deyil, qafasını deşəcək. qüsura baxmayın, elə hiss etdim, dedim yəqin qafamın sol yarımkürəsi deşildi. zənn etdim, o deşikdən soyuq nəsə bir az da qatı olan maye axır, coş deyib gedir. əlimi əvvəlcə  qafamın sol yarımkürəsinə aparmağa qorxdum, üşəndim. Sonra bir bəsmələ çəkib, bir sehir duası oxuyub əlimi qaldırıb yavaşcadan o deşik  hiss elədiyim, şübhləndiyim yerin üzərində dolaşdırdım. doğrudan da, o hissədən əlimin öncəliklə çeçələ barmağımı, ardınca hərəkətə görə əlimin ortasını, o sağa-sola qaçışan əyri-üyrü xətlərin arasını bir ilan soyuqluğu sarsdı, vurdu. o soyuq qafamın sol yarımkürəsinin kahasından qalxmasına baxmayaraq, qabağına bu sabahın erkən saatlarında nə keçdi yıxıb süpürüb soyutmasına baxmayaraq, əlimin  düşərli köməyi  sayəsində  yenidən nə təhər məsafə qət etdisə, kürəyimdə gizildəməyə başladı, nə başladı. xoşbəxtlikdən bu vəziyyət elə də çox uzun çəkmir. yoxsa adam guya şimal ayısına dönər, ya da rəhmətlik qonşu ölkənin son padşahlarından birini deyilənə görə üç ay buzdolabında qalan “mübarək” (dırnaqda olsa da, yenə min kərə əstəğfirullah) vücudu kimi buz bağlayıb  məni yaman günə qoyacaqdı. (Allah aşqına bu yarasa oğlu şərəfsiz mişovulun buz dolabını boş ver də,  dünyasını dəyişmiş qonşu ölkənin padşahı ilə  nə qohumluğu, yerlibazlığı, nə əlaqəsi. sonra da derlər, bu gədə gicdir. mənnik burda nə var. o mişovul, o da padşah. axx-ax-ax lətif mustafaoğlunun gözündən iraq, qulaqlarına qurğuşun. bu çümlələrdən sonra onu dayandırmaq hec bir vəchlə mümkün olası iş deyil. elə coşub gedəcək.pacçah  deyə-deyə).
nə isə, cəhənnəm olsun hamısı, bütün cəddiylə, nəsli, sülaləsi ilə. nə günə qoymadılar bu məmləkəti, onun qorxaq, ikiüzlü, yaltaq, satqın, arvadbaz şairləri medal, ev-eşik, tualet həvəskarı, gecə saat ikidə oyatsan sayın ümummilli padşahının canına and verib gözləri pılçıqlı-pılçıqlı qafiyə gəzən, yorğan-döşəyin altını arayan aşıq-şair-dilənçi sənətkarlarını. sonra da bir dəstə gənc homoseksualist yazarları irəvanda qəbul edib onlara şaumyan küçəsinin ən yağlı yerindən topraq sahəsini ayıracağını demirəm. qrantsevər gənc yazarlar da o görüşdən üzlərində qalan əbədi təbəssümlərini hələ də qoruyub saxlayaraq, itirməkdən qorxurlar.  
artıq pəncərədən hava işarırdı. hava  ışardıqca nədənsə dışarıda bayaq vıyıldayan rüzgarın da uğultusu artırdı. ışıq deyəsən uğultuya, onun sahibi küləyə dəlilik eləyib tozu dumana qatmaqda kömək əlini uzadır, özünə bu sabah həmdəm arayırdı sabunçuda. çünki bu ışığın bu yerin insanlarıyla artıq nə işi, əlaqəsi, alıb-verəcəyi  ola bilərdi. ışığınkı halallıqdı, mərdlikdi, bu yerdə yaşaşayan,  bir sözlə, bu yerə birləşən nə qədər yer üzündə sabunçu günlü yerlər, topraqlar var, üzərində insanlar yatır-qalxır, sabah naxıra, axşam axura,  o da onlarda əzəldən yoxdur, heç olmayacaq da.
üşütmə canımdan təzəcə çıxıb sovuşmuşdu, yenə kitabların arasında xışıltı duymağa başladım (mişovul da xışıltısıyla manşırdı, məhşurdu). səs-xışıltı gələn tərəfə dönsəm də mərdimazarı görmədim. dört tərəf  qalaq-qalaq kitab olduğundan, yerini dəyişib gözümdən yayına bilərdi. yəqin edirəm, elə beləcə də hərəkət edib, mənə acıq verməklə, əsəblərimi qaldırıb, vampir kimi  qanımı, enerjimi sorub, sarı  şəki sütülünün üzərindən canına-qanına sarı yağ kimi yayıdıqca, fikirləşdim, bəlkə bu məxluq da sabah-sabah öz üslublarıyla, belə hərəkətiylə, ayinləriylə mənə dua eləyir. əşşi, onun duası gözünə girsin, kor qalsın.  ondan dua edən olar. yox, baxma, onu da Allah məsləhət bilib yaradırbsa, demək hər şey mümkündü. son düşüncəm mənə təskinlik gətirdi. bu qısametrajlı rahatlıqla qane olmaq istərkən, ərkansız yenidən hansısa kağızı, qəzeti, kitabı yerindən acıqlı-qcıqlı tərpətdi. dəli olmadım... o yüz faiz mənim gücümü sorur. gücümün yerinə isə gözlərindən ixrac elədiyi ilan, mismar ucu soyuğu doldurur.
bilgisayarın ardına keçib yarımçıq işlərimi tamamlayırdım. univeristetdən gətirdiyim dekanlığın işlərini  bu gün təcili çatdırmalı idim. işin arasında yenidən o soyuqluğu düz təpəmdə, arxa tərəfdən hiss etməyə başlayınca, mən də eləmə tənbəllik, düşünmədimmi?nə düşündüm.ağlıma bu məqamda gələn  təpəmdən vurub üzüaşağıya hərəkət edən o vic-vicəli soyuğun  min-milyon illərdir adəmdən bu yana vücudun bir yerində gizlənərək  qaldığını, indi isə mənim bədənimin baş hissəsində özünə yer etdikdən sonra nəhayət bir fürsət bularaq mişovulun bayquş baxışları sayəsində oyanaraq hərəkətə keçdiyini, varlığımda hansısa ilahi əməliyyatların aparılmasına rəvac verdiyinin fərqinə vardığımda, istədim qəlbimdə mişovula qarşı mərhəmət hissi oyadam, gördüm, aşna, yooox, olmur, olmur, heç cürə alınmır. bu  soyuq nədən məhz deyəlim, itlə, pişiklə, uşaqla, daşla, ağacla deyil, məhz bir iyrənc varlıq bildiyim mişovulla, onun vasitəsi ilə  mənim qafamda oyanmalıdır? ikincisi, bu qədim, nuh nəbidən qalma soyuq birdən-birə o qədər qırılmışları, topraq yemişləri qoyub da,gerçəkdən, mənim, məhz mənim  taleyimdə, yaşamımda, belə (deyək daha  düzgün, dəqiq, anlaşıqlı olsun)  patlaq verib üzə çıkmalı, bu sabahın qudsallığında  bir  eybəcər zənn etdiyim iyli məxluqla məni üz-üzə qoymalıdır? doğrudur, mən inanclı adamam. vasitənin  nə olduğunu kifayət qədər anlayır, başa düşürəm. ancaq özümlə ilgili bu sabah baş verən, ağlıma gələn qənaətlərimi qəbul etmir, nədənsə razılaşa bilmirəm.sanki qəbullansaydım bu sizinlə bölüşdüyüm fikirlərim , heç of demədən, gerçək olacaq,məni nəyə görəsə məğlubiyyətə uğradacaqdı. ama kimin məğlubiyyətinə, siçovulunmu, yoxsa yaşadığım həyatınmı–bu barədə bir az düşünməyim lazımdır. özü də mən bu barədə nəyin bahasına olur-olsun düşünmək, bir sonuca, fikrə gəlmək istəyirəm. sanki belə olmasa, mən özümü adamlıqdan çıxmış zənnedər, Allaha asi kəsilər, uzaq başı bu saat aramızda qırğın-qiyqmət gedən (qopan) o  mişovula ( siçovul) çevrilə bilərəm. hansı kı mən bunların heç birini istəmir, qəbul etmir, başa düşmək belə  istəmirəm.
pəncərənin ağzına yığılmış şəkidən gətirilmiş sarı qızılı sütüllər bu vurhavurda mənə göz dağı verməkdən çəkinməyərək  qəfil yadıma nədənsə m.f. axundovu salmaqdan da çəkinmədi. sütüllər günəşin şüası altında o qədər yakılmış, ısınmış, ışıqlanmışdı, deyə bilərsən, onlar arsız-arsız gülürdü. sütüllər gülürdü. nəyə, niyə, kimə gülürdü bu bərəkət simvolu, bu sabahın siçovul baiskarı. ona kəsinliklə əmindim, sütüllər pəncərədə yığılıb qokusu, xəyalı, ya görüntüsüylə gəl-gəl deməsə, çağırmasaydı, bu hüzursuz qonaq da yəqin gecədən bir yolla gəlib özünü açıq qalmış qapıdan rahatca içəri dürtməzdi.düşünürəm, hələ o siçovul baxıb,ətrafda kimsə yox, dörd divarın arası qaranlıq, çöldə də ay doğub, özü də hilalından, uldazlar da bir-birini çağırır, düz evin ortasıyla qorxu-hürkü bilmədən asta-asta gəlib atılb pəncərəyə sütülləri görəndən sonra bihuş olub. yəqin deyib, aha, bayramdı, bu gecə. bütün ətraf, zaman, şərait, imkanlar, görüb ona işləyir. neyləməlidir, day. ancaq məsələ ayrı cürədi. siçovul sarı sütüllərin bir dəninə də toxuna bilməyib. günəşin altında o qədər qalıb, o qədər qalıb, dəmirə dönüşüb. həm də toxumlar şürüşkən. nə illah eləsə də bir şey şıxara bilməyib. bu yandan da belə bir azuqəni buraxıb getmək yəqin siçovulların aləmində qeyrətsizlik, ölüm simvolu  kimi dəyərləndirlər. hər iki mənada: həm ac qaldığı, həm də başarılı olamadığından siçovul ölümə məhkümdur, yəqin. Ola bilməz, siçovullar aləmi bu bəsirətsiz, fərasətsiz bir heyvandaşlarının əməllərindən xəbər tutmasınlar. onlar uzaqdan da o qədər güclü instiktə malikdirlər, gəlib güdməyə, izləməyə, nəzarətdə saxlamağa ehtiyac qalmır. məncə, kifayət edir kin, o mal olan yeri əvvəlcədən tanımış olsun birisi. sonra energetiq şəkildə biri yüzlərlə siçovulun beyninə o məkanı köçürmə imkanına malikdir.
hə, bildim niyə sütüllər dişlərini saraldıb gülürmüş, siçovulun onların üstündə sabaha kimi əlləşib ortaya  bir şey çıxaramamasına. sən demə, sütüllər də məzələnə bilərmişlər, özü də siçovullarla.şəkidən gələn, şəkinin varlığından qopan belə olar da. qubadlıdan gəlməyib kin ağzına su alıb ciddi-ciddi dursun. iştə, hərəkət belə olar. ancaq ışığın, günəşin sayəsində, dayılığıyla. olsun.
şəki, axundov məsələsi isə bambaşqaydı. şəki deyəndə əzəldən yaddaşımda gülüş, məzə, təbəssüm yeri, məkanı kimi qalıb.sütüllərin sabaha qədər güldüyünü, hələ indi də uğunmaqla uğraşdıqlarını görəndən sonra dedim, ey dili qafil, elə belə məhsullar şəkidən gələr da. şəkinin məhsulları da gülür. həm də yazar dünyaya gətirəndə də axundov kimisini gətirəsən da. komedya yaza, bu millətin əlifba dərdini düşünüb, ona əncam çəkməyə çalışa. yaxşı, mən ölüm, hər şey aydındır, siçovulla bu axundov məsələsinin nə əlaqəsi, nə qohumluğu.olmamış mümkün deyil. bu yehli onu da ağlımın künc-bucağından keçirdim, yəqin bu siçovul da elə şəkidən bizim dalımıza düşüb gəlib buralara. ya sütülü əzəldən tanıyırmış, ya da bir vasitəylə, elə qonşumuz divar ustası əlişin yüklərinin içində gəlib sabunçuya. belə bir məntiq çıxardığım üçün məni əsla qınamayın. gərək olayın içində bulunasınız, bizzat yaşayasınız, sonra dərdlinin danışıqlarında əcaiblik, zayıllamalar arayıb sözünü qəribçiliyə salmayasınız. başa gəlidiyindən başmaqçı olur adam balası.
bu axundobv məsələsi məni dəng eləyib dediyində, yenə o möhtəşəm, içlər acısı xışıltı kitabların, kağız qalaqlarının arasından gəlməyə başladı. Demək buralardadı, hələ getmək barəsində qətiyyən düşünmür. Məni də kefiniz istəyən dəli eləyib qoyub bu sabahın əlində əsir-yesir. Bilgisayarın önündən başımı səs gələn tərəfə tutduğumda onun bayquş gözlərini düz Axundovun “aldanmış  kəvakib və dərviş məstəli şah haqqında komediya “ kitabının rus-kiril əlifbasıyla sovetin dönəmində basılmış göy üzlü qalın qardon cildli  nüsxələrindən birinə dirədiyini, sonra mənə başını sərt şəkildə çevirdiyini, elə biləsən başından nəyisə, hansısa ağırlığı tulladığını gördüm. baxışlarımız Axundovun kitabının böyründə kəsişdi. Gedib axundovun kitabının yanına sığınıb. qan çəkir məsələsi boşuna, nahaq deyilməyib. Bu qədər kitabları qoyasan, gedib axundovun rusdan qalma basqısına pənah aparasan, özü də kafirlik edib, gönünün ən qalın yerinə salıb dağ boyda adamın baxışları önündə  yerindən tərpənməyəsən, demək burda bəzi-bəzi hadisələr baş verir də, bundan mən biçarənin xəbəri olmur. Yüz faiz axundov məsələsidir sonuncu versiya.
Düzü bu yerdə bayaqkı qafamda başlayıb kürəyimə adlayıb keçən soyuq yenidən başladı. Sanasan külək qopdu, tozanaq başladı. gözümün önünü bir anda ilğımvari toran alıb həmən çəkildi. Üşütmə isə sabahın erkən vədəsindəki hava tempuraturuna qoşulub əlbir işləyərək mənə azacıq güc gəlməyi başardı. Siçovul yerindəcə dinməz, sakit, tərpənmədən durduğundan, canımdakı səyyar, gəzərgi soyuqdan başqa içli-dışlı hər şeyin donub, dayanıb, hərəkətlərinə xitam verdikləri duyğusunu yaşadım.
 mən artıq bu mənasız ərkansıza baxmırdım. Ancaq bu soyuq məsələsi hava soyuğuna bənzəmədiyindən, elə bildim siçovul arxadan belimə çıxıb o zərif ayaqlarıyla damarlarımın üzərində kürəyim tutduqca gəzişir. Bilgisayarın arxasında oturduğum yerdən dəbərmədim, nəfəsimi içimə çəkdim, bəs o kafir də insafa gəlib nəsə düşünsün heç olmasa. gördüm yox ey, deyəsən, onun heç qozuna(kimsə demiş, cevizinə) deyil, axundobv kimi, bayağı rus əlifbasıyla, kirillə yazılmış kitaba böyrünü verib  mübarizəsini davam etdirir (sürdürür). mənə ən alçaldıcı təsir edən bu yaramaz iyrəndiyim heyvancığazın indi mənim ən önəmli, strateji yerlərimdə gəzərək damarlarımın  üzəri boyunca irəliləyib canıma soyuğu iynə kimi topdan sancması deyil, qaynar qanımın, neçə-neçə nəsli, kökü, insanları gəzdirdiyim qaynar, qırmızı qanımın üzərində arın-arxayın dolaşıb ali, yücə bildiyim hisslərimə toxunmasıydı. yox, bu qan məsələsi artıq namus məsələsiydi. Ciddi deyirəm, heysiyyyyat, namus məsələsiydi. Nədi-nədi bir siçovul mənim qanımın üzərində gəzəcək, namusuma toxunacaq, sabah da o qandan dünyaya, bu torpağın üzərinə gölgələri özlərindən böyük yetim-yesir gətirib, əkib-tökəcəyəm?
Qərarım qətiydi. Bütün bu söylədiklərimi (sizə açdığım sirrmi), ləkəni üzərimdən götürüb, təmizləmək üçün bircə yol vardı: siçovul olməlidir. Qərarım qətiydi. Artıq məni bu fikrimdən kimsə döndərə bilməzdi, hətta siçovulu görsə, qabağına cumub kəkələyərək nəsə qırıldadan  balaca oğlum Alpər belə ona bir az da baxmaq üçün rüsxət istəsə də, xeyri yoxudu. Həmən yerimdən qalxıb qapını bağladım. O yerində görünmürdü. Kürəyimdən də bayaqkı gəzinti, məxluqatın incə, adamı manqurt  yapacaq  ayaq səsləri kəsilib qurtarmışdı. Demək istədiyinə nail olub, işini görüb qurtarmışdı (elmi dildə, dini yönümdə missiyasını tamamlamışdı). Biz də onu tamamlarıq, neynək.
Çıxa biləcək bütün yerləri, dəlik-deşikləri tutmağa başladım.
Bu handa xanımım uşaqları dərsə aparmağın vaxtı yetişdiyini o biri yataq odasından səslənərək bildirdi. Eybi yoxdu, düşündüm. Qapını bağlayıb, uşaqları məktəbə qoyub qayıdım, işini bitirərəm.
Ama, gülməyin, yaxşı, bu şərəfsiz, namussuzun mənim qanımla, namusumla nə işi. Axundovu köklü-köməcli yağladım. Harda bir zibil var bundan çıxır, dedim içimdə. Bu saat axundov qabağıma çıxsaydı, ondan qisasımı alardım. Mənə elə gəlirdi, bu baş verənlərin içində onun qırılmış, rus mirzəliyini yapan barmağı var. Urusa işləyəndən, sarıların hamballığını yapandan nə xeyir gözləyəcək bu məmləkət. O boyda peyqəmbəri gözdən salan, ağlına nə gəldi onun adına çıxan, Allahın dostu, sevgili bir qulunu nə hala salıb, zalım. bunun şəkililərə dəxli yoxdu, inciməsinlər, bir zındığa görə. Şəkililər əməli saleh, dindar camaatdır. Bu vələdüzzzzana hardan toxum tutub bilinmir. Yenilik eliyənə bax, xalqın namusuyla yenilik eləmək olmaz. Din də, peyqənbər də namus məsələsidir. Elə siçovul da mənim namusuma toxunmaq istəyirdi. Yəqin siçovul adam olsaydı, insan cildində azərbaycanlı sansaydı özünü, o da axundov kimi ateistlik edib, füzulini inkarlayıb, Allahı, kitabı, peyqənbəri danardı. erməni olsaydı, incili, isanı inkar edərdi. yəhudi olsaydı, musaya, tövrata bir quş qoyar, min oyundan çıxıb, şəbədə qoşardı. Yaxşı ki, deyil, elə qoy, siçovul kimi doğulub, siçovul kimi yaşamasa da, siçovul kimi ölsün. Önu gəbərdəcəyəm.  Onu öldürməklə həm də axundovdan, ruslardan az da olsa qisasımı alacağam. Bu hərəkətim(davranışım) mənə uzun müddət həzzzz verəcək. Mən qudsal, müqəddəs sandığım dəyər uğrunda zərrrrəylə də olsa, düşmənimi tanıyıb (bu çox önəmlidir. Adam var 100 il yaşayıb düşmənini kim olduğunu, zərbələrin hardan gəldiyini bilmir), mübarizəmi aparıb (sürdürüb) qarşısında məsuliyyət hiss etdiyim  dəyərlər önündə öz vəfa borcumu mətanətlə yerinə yetirəcəm. Bilmək olmaz, bu yolda şəhitlik də, qazilik də deyirlər, var. Olsun. əsas məsələ mən çəkdiyim əzabdan qurtulum. Düşməni məhf edim.bəlkə mübarizəni Azərbaycanda elə burdanca başlamaq gərəkir-həm ədəbi, həm məfkurəvi.

                                          2
Hər tərəfi ürəyin istəyən bağladım, ərkansız çıxıb qaçmasın. Mən gəlincə başını girələsin, onsuzda onun axırı ölümdü. Bir azdan o mənfur çəsədini Alpərə göstərəcəm. Deyəcəm, ey oğul, bax, səni nə vaxdır-yaydan qorxuzan bu heyvandır.yaxın gəl, cəmdəyinə tüpür. Bilirəm, o da belə şeylərin pərgarıdır. gəlib özünə xas bir tövrlə ədalı-ədalə tüpürəcək.
Uşaqları dərsə qoyub qayıdarkən  qonşu həyətin yaxınından keçən yolun kənarındakı zibillikdə təzə öldürülüb atılmış bir çişovulun hələ də isti bədəninin tərpəndiyini gördüm. Isti dedim, onun bədəninə, ama yox bu hayvanın nə ölüsünün, nə də dirisinin bədənində istilik hiss olunmur. Bu bomboz tükləriylə ətrafa bozumtulluq, mənasızlıq saçan heyvana baxanda məni üşütmə tuturdu. Təxmini şəkildə bu heyvandan adama dəyən o soyuğun tərkibini, səbəbini özümüçün müəyyənləşdimişdim. Beləsinin qanı, canı heç vaxt isti olmaz. Nə qədər bu tük, o gözlər, o görkəm ondadır, kiminsə daxilində  xoşuna gələn bir  hərarət oyadacağına ağlım ermir.
Fikirləşdim, mən gəlincə xanımım  öz şücaətini, məharətini sınaqdan çıxarmaqla nümayiş elətdirib. Siçovula–mənfur, qorxunc yaratığa qarşı sonsuz nifrətinin olduğunu bildiyimdən elə hər şeyin düşündüyüm kimi olacağına inandım. Ürəyimdə dedim, alanda da belə qoçaq xanım alasan. Sən yerindən qalxmamış, şirin çayını hazırlayıb atını da yəhəırləyib qapıda gözləyir.
Ilan yıldız görmədən ölmədiyi kimi, yenə əstəğfürulla, fikirləşdim, bu siçovul da məni görmədən ölmək istəməz. Onun qarasevdasıyammı? ancaq mən gələnə qədər hər şeyin bu qədər sürətlə  baş alıb gedəcəyinə inanmaq istəmədim. Birinci, ev burdan, viranə zibillikdən aralıdır. Ikinci, lap öldürsələr belə, buraya gətirib atması (arvadımın deyirəm) imkansızdı, çünki evə yaxın o biri tərəfdə bir zibilliyimiz var, gəl görəsən. məhşurluğu şahın ala qapısına yazılıb. Bəs o zibilliyi qoyub da, ona qarşı hörmətsizlik edib də (hərçənd, dörd tərəfimiz zibillikdir. Sabunçuda yaşayanların aqibətidir bu)  neçə-neçə dağ boyda zibillikləri keçib siçovulu bura gətirib atarmı heç? Inanmıran. Bir də axı mənim arvadıma milyon verib deyəsən, bu siçovul ölüsünə tərəf dön, bax, qətiyyən baxmağa cürət edəməz. Bilirəm da. Ona görə də bir variant  qalır; vurulandan sonra siçovul özü sürünə-sürünə gəlib buralara, bu  məhşur zibilliyə çıxıb. Həm də, dedim yəqin siçovuldur da, fikirləşib ölürəm ölməyimə, qoy, elə bu adlı-sanlı  tığlanmış zibillikdə can verim də. Daha niyə o təpəcik zibillərdə gəbərməliyəm. Qohum-əqrabalarım da, oğul-uşağım da görsünlər, mən əsla yenilmədim, öləndə də arxalı zibillklərdə ölürəm, əsla balacalara təslim olmuram.bu yerlərə təşrif gətirən yabançılar da görsünlər, mən əsl Azərbaycan siçovulu kimi ölürəm (pah, eşq olsun, lap kövrəltdi).
Yox , yenə bu variantların  heç biri deyildi.
Zibilliyin bir tərəfində də çoxdan bəridir işləməyən( susmuş) indi səs-küyü sabunçunun bu gözdən-könüldən iraq bir köşəsində aləmi başına götürərək gecə-gündüz demədən qalxıb-enən neft buruğu möhtəşəm görkəmini nümayiş elətdirməyindən qalmır. Laaap təpəsində isə milli bayrağımız  ümum milli şəkildə dalğalnmağıyla bəlkə də bu yaramaz siçovulun gəbərməyini qələbə atəşfəşanlığıyla qutlayır. Demək istəyir bəlkə heyvanı onun sayəsində  üzə çıxıb ətrafda onlarla gölməçə yaratmış mazutla məhv edib. Öz-özümə dedim, ilahi bu siçovul hara, bu milli bayrağın ümummilli  görkəmdə dalğalnması hara? Yəni siçovulun ölümü belə ümummilli, dövlət səviyəsində olan məsələdir? Az qaldım ağlımı itirəm. Bəlkə birdən belə-dövlət əhəmiyyətli sayıla bilərsə... Allah qorusun. Sabunçunun hərbi komissarlığı  evimin böyründədir. Sülh deyib, atəşkəs elan ediləndən hər gün bu komissarlığa bir əsgər vurulub  gətirilir, heç bu qədər dövlət əhəmiyyətli görüntülər nümayiş etdirilmir, noldu, bir siçovulin gəbərməyi bu qədər ümummilli, bayraq dalğalandıracaq dərəcədə  önəm kəsb elədi?
Vallah, mən dünyanın işlərini bu qədər baş-ayaq görürəm, qarşına hər cür mənzərə çıxa bilər. özəlliklə sən nakəs Azərbaycanda, o cümlədən sabunçu deyilən bir qəsəbənin neft buruqları, mazut gölməçələri, zir-zibil dağları arasında yaşayırsansa, hər şeylə rastlaşmaq ehtimalın qaçınılmazdır. O yerdə, insan arxa plana keçir, zibil, siçovul, mazut gölməçələri özünü irəli verərək  yazılan bir yazının aparıcı, əsas obyektini təşkil edirsə, o məmləkət, o qəsəbə, o topraq  üzərindəki bütün insanları, canlı-cansızalrı ilə şübhəlidir.
Mən sabahın artıq günəş çırtlayanında fikirlər  içində qıvrılırkən özümü evimin kandarında gördüm. Yəqin indi o siçovul da gəbərmiş olardı.
Evə girib o biri-bayaq atəşfəşanlıq qalxan odaya keçdim. Otaqda bir sükut vardı, gəl, görəsən. nəfəs almaq istəmirdim. Ancaq neyləyək, bu mümkün deyil əsla, Allahın verdiyi bir nəfəs var, o da gedib gəlməlidir. Səs çıxarmalıdır, bədənin özünün on yerdən səslənəcək imkanı var. Ağzını tutursan gözün qışqırır, qulağını tutursan burnun çığırır... neyləməli, gizlin işlər fikirləşib görmək də olmur.
Bu siçovul da, bir tərəfdən məni lap girinc eləyib, başın haqqı.
Gözüm pəncərədə qalmış  şəkidən gələn sütülün qalıqlarına sataşdı. əməli-başlı yerdə qalan bir-iki dəni də artdamışdı ərkansız. Demək ölümə göndərilən bizim bu şəkili siçovul deyilmiş. yəqin bizim günümüzə düşüb eyni sarsıntılara ürcah olan sabunçulu vətəndaşlar  təkcə biz deyildik. Onların bir üstünlüyü bu sabahdan macəralarının sona erməsiysə, bizim bir üstünlüyümüz bu macəranın mənasız şəkilıdə davam etməsi mənə yalnız əsəb, əsəb, əsəb gətirəcəkdi. O da indidən  görürəm mənim bu nəhəng gövdəmi sarsmağa başlayır.  Bu macəra hətta o yerə kimi uzayıb gedirdi ki,o yerdə–bir zamanlar uşaq qara günlü olduğumda kəndimizdə tükan işlədən  yamanverdi adlı bir adamcığaz vardı, bax, mənim odamda tüğyanlar çıxaran, min oyunlar oynayan siçovul həmən  adamçığaza oxşayırdı. Nə vaxt o siçovulu görürdüm, elə biləsən o tükançı yamanverdini görürdüm. Mısıda-mısıda donquldayan, siqara sümürən, mısıda-mısıda yeriyən,altdan-altdan danışanda atılıb düşən bu yamanverdi elə biləsən fırt eləyib bu  siçovulcığazın burnundan düşmüşdü. Bu hissiyatımın gücünə ona görə inanıran ki, bir zamanlar oxuduğum bir əfsanə uşaqlıq  hafizəmdə elə o tut ağacının altında necə varsa, eləcə dibdiri, yay fəsli, ışıq içində qalmışdı. Mən o əfsanəni bəlkə də yay fəslində oxuduğum üçün unuda bilmirəm. Yaddaşım istidə naqqac kimi, yapışqan kimi olur, qafil. O əfsanənin sonucunda belə bir nəticə hasil olurdu:
Yer üzündə hər insan  bir heyvanı xatırladır. Hər insan bir heyvanın törəməsidir.
Mən də düşünürəm ki nədən bu heyvan yamanverdini mənim yadıma salır. Görünür siçovula yamanverdidən daha çox üstünlüklər verərək, heyvanın tərəfkeşliyini saxlayıram. Ancaq bunun kökü hardan qaynaqlanır, day onu deyə bilmərəm.
Ay səni, mənfur siçovul,gör sabahın bu saatlarında məni haralara aparıb gətirdin. Lap qədim insan yaranışına, yunan allahlarının bir-biriylə yola getmədiyi, kentavrların at oynatdığı, hər şeyin sonucda insanların umuduna qaldığı, insanlarla heyvanların ruhca bədəncə bir-birlərinə qarışıb danışıb ulaşdığı, banladığı  bir zamandan  çıxarıb axundovun əlifbasında vaxtımı itirib şəkidən belə dolaşdırıb  avara-gor qoydun ey day məni. Sənin bu auranda gəzdirib zibilliklərə ölümünlə xüsusi yaraşıq, şərəf verdiyin o səfər, marşrut ehtiyaclarının, saxlancının bu qədər zəngin olduğunu təsəvvür edə bilməzdim.
Dostum, nəhayətdə mən o sicovulu öldürməkdən vaz keçdim. Bilirsənmi, niyə? Məhz bir zamanlar kəndimizin ən krısa adamı olmuş o yamanverdiyə bənzədiyinə görə. Düşündüyüm budur:–mən əgər o siçovulu gəbərtmiş olsam, demək o yamanverdinin həyatına da təhlükə yarada bilər, ən azından onu da siçovul kimi öldürmüş olaram. Mən insan qatili olmamaq üçün (naminə) o mənfur, iyrəndiyim siçovulun həyatına  qəsd etməkdən vaz keçirəm. Sadəcə çalışacam mənim yaşadığım ərazilərdə, eləcə də evimin həndəvərində bu məxluqu görməyim.
2001

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.