Səfər Alışarlı - Bayquş, qaranquş, qızılquş

30.04.13

Hekayə

Hərbi kazarmalardan çıxan maşınların dördü də sağa dönüb yolun qırağında dayandılar, sonra qırmızı ulduzlu yaşıl darvaza qarşısında nədənsə ləngimiş, yeriyəndə öküz kimi fınxıran komandir UAZ-ının dalınca işıqlarını yandıraraq getdilər.

Üstünə mürəkkəb qurğular bağlanmış nəhəng maşınlardan ibarət karvanın başında qəribə boğuq səs və nasaz yerişlə gedən balaca UAZ öz primitiv konkretliyi və atəşə yararsızlığı ilə hərbi-texniki tərəqqinin deyil, “Bacarıqlı əllər” müsabiqəsindən ruhlanmış rus starşinasının icadı kimi görünürdü.

Zəhmli maşınların qara tüstülü gurultu xoru uzaqlaşdıqca sarı hasar və köhnə yaşayış binalarının arasında Nil çayı qədər gen-bol yerləşmiş yaşıl küçə əvvəlki dinc görkəmini bərpa edib, başının üstündə dayanmış payız günəşinin hənirindən yenə də pişik kimi xoşhallanmağına davam etdi.

Maşınların dördünün də üstündə brezentlə örtülü “Qrad” adlanan reaktiv artilleriya sistemləri vardı.

Qoşa arxa təkərlərə düşən ağırlıqdan qurğulardakı lülələrin mərmi ilə dolu olduğunu yalnız hərbi mütəxəssis görə bilərdi.

Yad məmləkətlərdə sahibinin son ümidi sayılan bu ölüm texnikasının günün-günorta çağı belə saymazyana manevri böyük sənaye şəhərinin küçələri və sakinləri üçün, təəssüf ki, yenilik deyildi.

Hərbi karvanın gedişini izləyən ağ “Jiquli”dəki dörd nəfər vətəni rus işğalından azad etmək istəyən Milli Qurtuluş Konqresinin fəalları idi.

***

İki gün əvvəl Qurtuluşun qərargahına kazarmaların içindən xəbər çatmışdı ki, hərbi komandanlıq növbəti silah-sursat partiyasını cəbhə xəttinin o üzündəki ermənilərə göndərməyə hazırlaşır.

Rusun nə etdiyini, niyə belə etdiyini ölkədə hamı yaxşı başa düşür, ancaq buna qarşı heç kim heç nə eləyə bilmirdi.

Hərbi komandanlıq kazarmaların ətrafındakı uca hasarın üstündə hər yüz metrdən bir qum kisələri ilə hörülmüş müşahidə nöqtələri yaratmışdı və hərdən gecələr o çardaqlardan havaya açılan şıdırğı avtomat, pulemyot atəşilə ətraf məhəllələri diksindirib qorxutmağa çalışırdı.

Şəhər elan olunmamış müharibədən gətirilən doğma oğul və qızlarının meyitlərinə alışdığı kimi, yad ordunun bu sərxoş, gecə atəşfəşanlıqlarına da tədricən alışmaqda idi.
 
1803-cü ildən bəri yadellilər bu torpaqlarda bütün oyunlarını belə, yavaş-yavaş, məkrlə oynayaraq, silah gücünə söykənən, sarsılmaz zülm və istibdad qalası inşa etmişdilər.

KQB və satqın hökumət öz agentlərini Qurtuluşa kifayət qədər doldurduqlarından qərargahda silah-sursat, fiziki müqavimət və sair belə şeylər haqqında heç kim ucadan və ciddi danışmırdı.

Danışan olanda, qərargahın işçilərindən sayılan kimsə mütləq ona yaxınlaşıb, yarızarafat da olsa, təxminən belə deyirdi:

“Bunları get, bax, o parkda de!

Özün də çıx skameykanın üstünə, ucadan de ki, hökumət eşitsin”, - Qurtuluşun pəncərələrinin hamısından əl içi kimi görünən, düşmən sifətlərindən ibarət monumental qranitlə bəzədilmiş bağı göstərirdi.

Bir küncü Qurtuluşun uşaqları ilə daim dolu olan, qədim bağın qalan dörddə üç hissəsində rusca danışan orta yaşlı dayələr gündüz elitanın uşaqlarını, axşam isə onların itlərini gəzdirirdilər.

Bağın o biri üzündə yazıçılar və aşıqlar idarəsinin yenicə təmirdən çıxmış binası yerləşirdi və hər şeydən xəbəri olan bəzi şübhəli adamların dediyinə görə guya KQB oranın güzgülü pəncərələrindən müəyyən aparatlar vasitəsilə gecə-gündüz Qurtuluşda baş verən bütün görüşlərə və danışıqlara nəzarət edirdi.

Bu sirr Qurtuluşda kimsəni narahat etməsə də, bir dəfə jurnalist Rüfət Türkoğlu yazıçılar və aşıqlar idarəsində hansısa dahidən müsahibə alıb qayıdanda, bağın küncündəki mübariz kontingent qarşısında gözlənilmədən belə bir bəyanat verdi:

- Hörmətli bəylər! Hörmətli Möhtərəm müəllimin kabinetindən burada sizin görüntünüzün və səsinizin lentə yazılması haqqında məlumatlar həqiqətə uyğun deyil. Bu dəqiqə oradan gəlirəm, bir dənə aparat-maparat yoxdu, divarlar, künc-bucaq - hər yer teyxa kitabdı.

Möhtəşəm tarixi hadisələrin zənginliyindən qəddi əyilmiş, bivəfa günlərin isti, işıqlı xatiratında bəlkə də maraqlı burası deyildi, maraqlı - jurnalistə qarşı tərəfin verdiyi cavab bəyanatı idi.

Yazıçılar idarəsində oturanlara nifrətini Qurtuluşun bütün iclaslarında mütləq şəkildə, dönmədən vurğulayan gənc şair kontingentin içindən çıxıb jurnalistə yaxınlaşdı və belə dedi:

- Rüfət bəy, o kitabların hamısına, ba-ba-ax, - onun qolundan tutub, idarənin qonşuluğundakı uca sütunlu ağ binanı göstərdi, - o kitabxananın doqquz yüz min vahidlik qırımızı fondu ilə birlikdə od vurub yandırmaq lazımdır.

Gənc şair səbəbini izah etməsə də, başa düşülməməli bir şey yoxdu.

Ümumiyyətlə, Qurtuluşda nəsə vacib bir fikir söyləyəndə, səbəbini izah eləmirdilər.

Burada hər şeyin, bütün murdarlıqların yalnız bir səbəbi vardı: köləlik.

Onunla mübarizənin Qurtuluşa qədəm qoyan hər kəs üçün müqəddəs borc olduğunu demək də, öz növbəsində, faydasız bir izahat olardı.

Köləliklə mübarizə Qurtuluşun hərəkətverici generatoru olsa da, gündəlik fəaliyyətdə onun başlıca qayğısı deyildi.

Qurtuluşun başlıca qayğısı, ən aktual mövzusu və ən zəif yeri üzvlərinin qarşılıqlı inam və etibar məsələsi idi.

Agent palitrasının zənginliyi istər-istəməz hər kəsi bir-birindən şübhələndirirdi.

Kimin kimdən xoşu gəlmirdi, arxasınca başı ilə bir eyhamlı işarə verməsi kifayət idi ki, onu da agent saysınlar, ən azı ondan şübhələnsinlər, ona ürək qızdırmasınlar, onun yanında üstüörtülü danışsınlar.

Ya da, ümumiyyətlə, sussunlar, tamam danışmasınlar.

Amma ağır sınaqlardan bir-birinə etibarla çıxanlar da çoxdu. Onlardan üçü aylar, illər boyu cükküldəşərək, nəhayət, bir-birlərinə tam inanıb isinişə bilmişdilər.

Və görmüşdülər ki, bütün silahlardan güclü olan bu sarsılmaz inamın, heç nə tələb etməyən etibarın və təkzibedilməz azadlıq inadının qarşısında KQB də, polis də, başqaları da, öz agentləri qarışıq, elə də qorxulu və qorxunc qüvvə deyillər.

Döyüşlərin getdikcə şiddətləndiyi dağlardan şəhərə bir günlük konfransa çağırılmış Qurtuluş üzvü leytenant Şərifovu onlar təsadüfən özlərilə əməliyyata götürmüşdülər.

Dağda-daşda əlləri, səsi qarışıq, hərəkətləri və baxışları da kobudlaşmış Şərifov maşına minən kimi qazan boyda başını küncə söykəyib yatmışdı.

Onunla üz-üzə durub ən məxfi söhbəti eləyəndə də baxışları adamın sifətinə çatmadan sinəsinə dəyib yerə tökülürdü.

Bu astagəl arxayınçılıqla mülki formalı dağ komandiri indinin özündə də elə bil təhlükəli döyüş əməliyyatına yox, Gəncəbasara sünnət toyuna gedirdi.
Onlar ötən dəfəki kimi yeşiklərə qablaşdırılmış silah-sursat gözləyirdilər.

Ancaq kazarmalardan, köhnə dildə desək, “Katyuşa” çıxmışdı, özü də dördü birdən.

Görünür, rus düşmən cəbhəsini belə gücləndirməklə dağlarda ciddi məsələlər həll etməyə hazırlaşırdı. Həm də hərbi texnikanı yavaş-yavaş ölkədən qaçırırdı.

***

Maşınlar avtomobil hərəkətinin dayandırıldığı küçəyə çıxan kimi leytenantı oyatdılar.

- Şərifov, oyan, öyün yıxılmasın, üstümüzə raket göndəriblər! – arxada büzüşsə də, arabir narahatlıqla ora-bura qurcalanan Rüfət Türkoğlu onu dümsüklədi.

Şərifov tez yuxuladığı kimi, tez də ayıldı və yekə əllərilə gözlərini bərk-bərk ovuşdurandan sonra oturacaqların arasından başını uzadıb diqqətlə irəli baxdı.

- Ayə!.. – arxa maşının belində çadırla örtülü reaktiv qurğunu görcək kal səslə mızıldandı, sonra sanki nəfəsi kəsildi. – Ayə, bu ”Qrad”... Divan tutur bizim kəndlərə, – boğazını arıtlayandan sonra leytenant Şərifov dedi. – Şumluyur da-a birbaşa...

- Bizimkilərdə yoxdu bundan? – qabaq oturacaqda Nuruş şikar görmüş pələng kimi soyuqqanlı olmağa çalışdı.

- Ayə, bizim yetimlər “dayan-doldurum” tüfəng tapmır, “Qrad”ı haradan alacaq, rəhmətliyin nəvəsi?! – Şərifov yuxulu baxışlarını Nuruşun üzünə tərəf çevirdi: elə bil nasaz şlaqbaum tirini əli ilə qaldırdı.

- Bə hökumət deyir, bütün milis silaha sarılıb durub orada, - bunu da hökumətə hüsn-rəğbətdən xeyli uzaq səslə sükan arxasında oturmuş ağ köynəkli, nazik, qırmızı qalstuklu oğlan dedi.

Oğlanın məzəli familiyası vardı: “Qubaydullayev”. Bütün Qurtuluş ona “Bayquş” deyirdi.

Həmişə gödək vurdurduğu saçlarının qabağı geniş, ağ alnı üstündə doğrudan da bayquş kəkili kimi dimdik durmasaydı, bəlkə də kimsə onun familiyasının içində gizlənmiş o gecə quşunu orada tapa bilməzdi.

Bayquş toxuculuq fabrikində işləyə-işləyə universitetin axşam şöbəsində oxumuşdu. İxtisası üzrə bir gün də işləməmişdi.

“Mənim ixtisasım milli istiqlaldır! – hərdən kontingentin qarşısında qısa nitq izhar eyləyə-eləyə Bayquş məzələnirdi. – Təyinatım da rektorun xüsusi əmrilə Qurtuluşa verilib! Yeganə gənc mütəxəssis kimi, ev növbəsində birinciyəm.”

Əlbəttə, Qurtuluşda ev növbəsi yox, olsa-olsa, həbsxana növbəsi ola bilərdi, amma axşam şöbəsinin məzunu olmuş Bayquşun Qurtuluşa şəxsən rektorun özündən imzalı, möhürlü təyinat alması möhtəşəm tarixi günlərin lətifəsayaq işlərindən biri idi.

Ölkədə onu hamı, hətta o vaxtkı təhsil naziri Mızqletov da bilirdi.

İl öncə Bayquşun toyunu siyasi mitinqə çevirən Qurtuluş uşaqları bütün dəniz qırağında bir oyun çıxartmışdılar ki, “İnturist”in müdiri vəzifəsilə əbədi vidalaşmalı olmuşdu.

Son ildə Qurtuluşun milyonluq mitinqlərindən sonra küçələrə çıxarılan rus tanklarının tırtılı asfaltı hər yerdə dağıtmışdı. İndi onlardan irəlidə gedən sonuncu hərbi “Ural” bu çala-çökəklərdə öz silah yükünü ağır-ağır atıb-tuturdu.

Belə anlarda leytenant Şərifova elə gəlirdi ki, “Qrad” mərmiləri öz-özünə açılıb, arxasından ağappaq alov zolaqları püskürə-püskürə irəli, Lökbatan səmtə uçacaq.

Qınayan olmasaydı, leytenant Şərifov gedib rus komandirinə deyərdi ki, gəl bu lülələrdəki 160 mərmini çıxarıb yükləyək ayrı maşına, sonra yolumuza davam edək: allah kimə verər, verər.

- Bu boyda zurna-balabanı biz harada gizlədəcəyik?! – getdikcə daha çox həyəcanlanan Rüfət Türkoğlu dedi.

- Sən hələ bunu rusun əlindən al, sonra gizlət, - komandir sayılan Nuruş zil qara, qıpçaq gözlərini irəlidə gedən maşınlardan çəkmədən dedi. – Sür, sür, yanlarından vızılda görək, özgə nələri var, - Bayquşa əmr etdi.

“Jiquli” sürəti artırıb, arxa maşınla bərabərləşəndə yavaşıdı.

Yol qırağına sığınmağa məcbur olan “Ural”ın qaldırdığı yüngül toz qarışıq tısıltı-pısıltı öz yaxınlığı ilə onların hamısının döyüş ruhunu pərvazlandırdı: düşmənə gedən dəhşətli silah bircə addımlıq məsafədə idi, kişisənsə, əlini at, götür.

- Bayquş, kabinanı göstər, tez ol, qabaqdan maşın gəlir, - Nuruş sürücünü tələsdirdi.
Qabaqdan gələn maşın bir deyildi, iki deyildi.

Mülayim payız havasında bütün Xoca Həsən camaatı şad-xürrəm mərkəzə doğru üz tutmuşdu.

Bu silahın hara getdiyi isə “Jiquli”dəki dörd cavandan və yoldan xeyli aralı, qızmar yay ərzində otu büsbütün yanmış qoca Abşeron dağlarından başqa kimsənin vecinə deyildi.

Bayquş kabinəyə çatar-çatmaz qarşıdan gələnlər üçün yolu boşaltmalı oldu.

Ancaq o bunu geri qalıb, sonuncu “Ural”ın arxasında öz yerinə keçməklə deyil, yetərincə sərt manevrlə iki hərbi maşının arasına girməklə elədi.

Sonuncu hərbi maşını sürən əsgər gözləmədiyi bu manevrdə əvvəlcə dana bağırtısına bənzər bir siqnal verməyə, sonra isə əyləci basıb ara məsafəni artırmağa məcbur oldu.

- Mən belə başa düşürəm ki, bu dəfə Azərbaycan xalqının payına düşən elə budur, - Bayquş başı ilə arxaya işarə edərək, tədricən sürəti azaltmaqla “Ural”ı öz dəstəsindən bir az da aralamağa çalışdı.

Onlar hərəkətə keçmək üçün bayaqdan maşın karvanının hara getdiyini müəyyənləşdirməyə çalışırdılar.

Heç şübhəsiz, bu yerişlə döyüşən dağlara qədər getmək fikirləri ola bilməzdi. 1803-cü ildən bəri rusun Azərbaycan xalqına olan etibarı, əlbəttə, artmışdı.

Amma o qədər artmamışdı ki, 400 kilometr yolu onun hər gün igid meyitləri dəfn edən şəhərlərinin və kəndlərinin arasından keçib düşməninin oylağına getsin.

Onlar dəmiryolu boyunca uzanan bu qədim yolla münasib çöllük stansiyalardan birinə gedirdilər ki, maşınları platformalara yükləyib rahat aparsınlar.

- Ən azı, şoferdə avtomat var, böyründə də zabit, bu da ən azı bir tapança. Bəs bizim nəyimiz var? – Nuruş çevrilib arxada yalnız Şərifovun toppuş sifətinə baxdı, çünki özlərində olan bəlli idi: bir ədəd TT.

- Mən silahsızam! – əynində hərbi forma yox, mülki geyim olan zabit Şərifov dedi. – Bilseydim belə iş var, bir şey götürərdim.

- Bilseydim! Götürərdim! – Bayquş dağ komandirinə təpindi. – Bə indi “Ural”ın təkərini nəynən deşəssən, osturağnan? Elə erməniynən də belə döyüşürsünüz ki, gündə bir kəndin qara xəbəri gəlir üstümüzə.

Leytenant Şərifov sürücünün istehzasını tam dinləyəndən sonra dedi:

- Erməniynən döyüşmürük, bəy, urusnan döyüşürük...

Şübhəli həqiqətlə dolu bu sadə fikrin müqabilində Bayquşun leytenanta cavab verməməsi günün sensasiyası olaraq, Qurtuluşun həftədə bir dəfə çıxan bülletenində çap olunmağa layiq xəbər idi.

Şərifov bu uşaqları Qurtuluşdan öncə, meydanlardan tanıyırdı, amma belə ciddi işə onlarla getdiyi, doğrudan da, ilk dəfə idi.

O da Bayquş kimi dilləşmənin davamına həvəs göstərmədən susdu.

Son illər gördüyü çoxsaylı ölümlər və məğlubiyyətlər gənc leytenant Şərifovu qaradinməz eləmişdi.

Şərifov bir anlığa gözlərini yumub, bu “Qrad”ların dördünün də təpələrin arxasında yanbayan düzüldüyünü və axıcı, ağ alovla təcavüzkar düşmən mövqelərini tar-mar elədiyini gördü.

Daha susa bilmədi, dili açıldı.

- Ayə, Bayquş, qadan alım sənin, - dedi, - nə təhər deyirsən, eliyək dana. İstiyirsən, saxla, düşüm bir daş götürüm çırpım “Ural”ın qaşqasına, mıxlansın yerə.

Bu an arxadan gələn “Ural” uzun, narazı bir siqnal da verib, “Jiquli”nin aradan çıxmasını istədi. Amma əvəzində Bayquş ona öz bədəninin ən çox müsəlman olan yerini təklif elədi.

Deyəsən, kabinədəki əsgərlə zabit hədiyyəni qəbul etmədilər.

Onlar sola çıxıb “Jiquli”ni ötməyə cəhd göstərdilər, amma qarşı hərəkətin intensivliyi buna da imkan vermədi.

- Yoxdu da, bir dənə də maşın olaydı, salaydıq araya, bunun başını qata-qata bir az da uzaqlaşdıraydıq, - Nuruş dedi və TT-ni oturacağın altından çıxarıb, ilk gülləni şıqqıltı ilə lüləyə yeridəndən sonra pencəyinin altına soxdu. – Deməli, belə, uşaqlar! – Nuruş döyüş əmrini verməyə başladı. – Yojikləri atmırıq, çünki təkərlərin hamısı deşiləndən sonra bu maşını qaçırmağımız mümkün olmaz, ağırdı. İş qalır iki şeyə: ya maşını qabağına basıb, bunu nətəhərsə əylədirik, ya da dırmaşıb pəncərədən zabiti vururuq. Öldürmək məsləhət deyil.

Nuruşun planı Türkoğlunu açmadı.

O, jurnalist idi, həmişə mövcud olan real faktlarla işləmişdi, ona görə də bu ölüm-dirim məqamında Nuruşun ehtimallarını rədd etdi.

- Biz təcili bu iki “Ural”ın arasından çıxıb arxaya keçməliyik, - qəti şəkildə dedi. – Arxadakı təkərlərin yarısı da deşilsə, biz bunu qaçıra bilərik. Çıxaq, beş dəqiqədən sonra yenidən yanaşaq bunun kabinəsinə. Mən burada otura-otura bir həşir qoparım, şofer görsün. Sonrasına baxarıq.

Onlar arxaya keçən kimi Nuruş fürsət tapıb, güzgüdən gizlənə-gizlənə “Ural”ın təkərinə TT-dən bir güllə buraxdı.

Təkər dərhal fısıldayıb toz qaldırsa da, hərbiçilər nə baş verdiyini anlamadan yollarına davam etdilər.

Nuruşun belə tərs-məzhəb və gözlənilməz işləri həmişə olmuşdu. Belə vaxtlarda Nuruş yalnız anın və daxili duyumunun tələbindən doğan hərəkəti edirdi.

Nuruş əfqan müharibəsini keçmişdi və Qurtuluşda çoxlarından fərqli olaraq, qəsbkarlarla yalnız silah dilində danışmağa üstünlük verirdi.

Onu silahla yox, gülməklə yıxmağın mümkünlüyünü təbliğ edənlərə Nuruş gülürdü: “Siz silahların gülüşünü görməmisiniz, a bədbəxtlər, - Nuruş hərdən onlara deyirdi, - siz dağlarda pulemyotların necə səs-səsə verib qaqqıldaşdığını eşitsəydiniz, gülməyi ömürlük yadırğayardınız.”

Beş dəqiqə sonra onlar yenidən “Ural”ın arxasına qayıdanda, Bayquş yolun nisbətən enli yerində uca kabinəyə yan ala bildi və Rüfət Türkoğlu şüşəsini tam endirdiyi arxa pəncərədən əllərini oynada-oynada, üz-gözünün dəhşət bürümüş ifadəsilə hərbi maşının sürücüsünə bir sifət göstərdi ki, Azdramanın ən istedadlı aktyoru da o oyunun qarşısında “xalq artisti” adından imtina etməyə məcbur olardı.

– Э-эй, военный, горит на х.. твоя машина! Останови, немедленно! – Rüfət imkan tapıb ona tərəf təşvişlə baxan sürücüyə qışqırdı.

Arxadan gələn yük maşınının heyvərə basqısı və aramsız siqnalı altında öz yerinə qayıda bilməyən köhnə “Jiquli” başını pəncərədən çıxarıb buna müvafiq cavab verməyə macal tapan Bayquşun usta əli altında son gücünü toplayaraq irəli sıçradı.

Onlar yəqin ki, təsadüfi olmayan bu basqının və davamlı siqnalın əhəmiyyətini əməliyyat qurtarandan sonra, vəziyyəti təhlil edəndə başa düşdülər.

Onlar bu qənaətə gəldilər ki, həmin maşının təhdidli basqısı və davamlı siqnalı sürücü əsgəri Rüfət Türkoğlunun artist canfəşanlığından da artıq çaşdırdı.

Hərbi maşın sürəti azaldıb, bir az da yolun qırağına çıxandan sonra, nəhayət, dayandı. Karvanın üçüncü “Ural”ının dalınca heç nə olmayıbmış kimi gedən “Jiquli” bir azdan geri qayıdıb yolun o biri üzündə dayananda, əsgərlə zabit havası boşalmış, hətta diski ətraflarından xəfifcə tüstüləyən arxa təkərə baxırdılar.

Zabit başını qaldırıb, onları görən kimi vəziyyəti dərk etdi və dərhal silahını çıxardı.

Amma gec idi, dörd-beş saniyənin içində Bayquş şose ilə şütüyən maşınların arasından cin kimi sivişib, kabinədən əsgərin avtomatını götürə bilmişdi.

Qəribədir ki, “Ural”ın söndürülməmiş mühərrikinin gurultusunda cəmi iki dəqiqədən də az çəkən dialoqun ən zəif notlarını belə onların hamısı eşidə bilmişdi.

- Капитан! Без глупостей, понял? – Nuruş qışqırdı. – Машину возьмем. Жизнь и табельное оружие не тронем.

- Как же не тронете, когда вон, автомат бойца у вас в руках, - tapançasını əliavtomatlı Bayquşa tuşlamış kapitan dedi.

- Отдадим! Только магазин снимем, - Nuruş TT-ni kəmərinin altına soxub iti addımlarla kapitanın üstünə getdi və onun tapançasını əlindən alıb patron darağını çıxarmaq istədi.

Kapitan geri çəkilib: “Ну-ну!” – çəmkirdi və üstünə yerimiş silahlı adamı əsəbiləşdirməmək üçün tapançasını kobura soxmaqla özünün sülh məramını nümayiş etdirdi.

Nuruş geri dönüb, başı ilə hərəkət işarəsini verdi.

Bayağı qəribəliklə dolu səhnə o qədər gözlənilməz idi ki, heç kim, hətta yolda sanki bir anlığa dayanmış maşınların sərnişinləri də nə baş verdiyini dərk edə bilmirdilər.

Bayquş avtomatdan çıxardığı patron darağını cibinə soxdu və gedib rəng-ruhu qaçmış ağbəniz əsgərin belindəki çantada qalan ikinci darağı da milliləşdirdi.

- Вы заслуживаете худшее, но не будем сейчас разбираться в этом! - Hər saniyənin necə qiymətli olduğunu başa düşən Nuruş zabitin üstünə qışqırdı. Sonra özününkülərə müraciətlə: - Bayquş, otur “Ural”a, getdik!

Bayquş avtomatı yolun qırağına tullayıb, “Ural”ın sükanı arxasına sıçradı və hərəkətin dayandığı ensiz şosenin ortasında bu ağır maşını geri döndərincə xeyli əziyyət çəkməli oldu.

Nəhayət, yol tapıb, maşınların arasından üzü şəhərə tərəf çıxanda, Bayquş yenə də arxadan və öndən səbirsizliklə ona siqnal verənləri cavabsız qoymadı.

Söz ağzından qurtarmamış Bayquş “Ah!” qışqıraraq, sağ əlini sükandan çəkib sol böyrünə basdı və maşının idarəçiliyini itirməmək üçün sükanın üzərinə yıxıldı.

Qan Bayquşun ağ köynəyinin qabağında dərhal göründü.

Leytenant Şərifov güllə dəyən adamları çox görmüşdü, ona görə məsələni dərhal, Bayquşun çox dərinlikdən gələn kal xırıltı dolu ahından başa düşdü və maşını əyləmədən onu öz yerinə keçirib, sükan arxasına oturunca sözün tam mənasında qan-tərə batdı.

- Sür, dayanma! – ikiqat olaraq, geniş oturacağın üstünə yıxılmış Bayquş zorla zarıdı.
 
Leytenant Şərifov Bayquşun qanının döşəmə rezininin üzərində az qala buğlana-buğlana necə gölləndiyini gördü. Amma maşına tapançasından atəş açmış kapitanın yol qırağı gölməçələrdən keçib, üzü Xoca Həsən dağlarına sarı necə qaçdığını görmədi.

Leytenant Şərifov tezliklə Bayquşu öz “Jiquli”sinə qoyub xəstəxanaya göndərəndə onun qanlı üzündə hətta ölüm əzabının da tam qapaya bilmədiyi işıqlı, əyri təbəssümü gördü.

Amma onun ölümünü və ölümdən sonra o təbəssümün oradan necə qəddarcasına və əbədi olaraq silindiyini görmədi.

Görsəydi, yəqin ki, işıqdan və təbəssümdən məhrum olmaqla getdikcə daralan ölüm nəfəsli dünya leytenant Şərifov üçün bir az da qaranlıqlaşardı.

***

Bayquşu köhnə Keşlə qəbiristanlığında Qurtuluşun uşaqları dəfn elədilər.

Yetişmiş portağal kimi yumşaq, xoş bir payız günü idi.

Böyük şəhərin döyünən nəbz uğultusu möhtəşəm, uca bir sakitliyin altında arı vızıltısı qədər də yox idi; diqqətlə qulaq versən, yaxınlıqdakı yol boyu şütüyən axında hər bir maşınının, Keşlənin seyrək ağaclarına qonan hər quşun, dəmiryolunda dispetçerin qara-qışqırığına məhəl qoymayan hər qatar vaqonunun ayrıca səsini eşitmək mümkündü.
 
Payızın bu kövrək mülayimliyində adam ölmək yox, yaşamaq, sevmək, yaratmaq istəyirdi.

Adam bir də bunlara imkan verməyən düşməni nəyin bahasına olursa-olsun məhv etmək istəyirdi.

Dəfn mərasiminə güclə özünü yetirmiş Əbülfəz bəy həmfikirlərinə və mübarizə yoldaşlarına müraciətlə Bayquş haqqında yaxşı sözlər söylədi.

- Onunla ani qarşılaşmaq kifayət idi ki, gülümsər üzü bütün günü gözlərinin qarşısından getməsin. Ona hamı sevərəkdən “Bayquş” deyirdi. Amma əsl-həqiqətdə o, milli istiqlal mücadiləmizin ilk qaranquşlarından biri, azadlığımız uğrunda döyüşlərin Qızılquşu idi.

Sonra Bəy ağzı bağlanmış qara torpağı uzun barmağı ilə göstərərək, özündən xeyli cavan silahdaşlarına sanki vəsiyyət olaraq dedi:

- Unutmayın! Unutsanız, xalqımızı köləlikdən qurtara bilməyəcəksiniz!

Bir neçə gündən sonra üstü fanerlə bağlanmış, yeni boya ilə rənglənərək texniki yardım maşını görkəminə salınmış “Ural”ı leytenant Şərifov özü ilə dağlara apardı.

Gecəni-gündüzə qatıb bu uzun yolu keçincə Şərifov dəfələrlə təhlükəli vəziyyətlərə düşdü, amma hər dəfə sanki sehrli bir qüvvə onu gah polisin, gah da patrulun əlindən alıb yoluna davam etməsinə imkan yaratdı.

Leytenant bu gözəgörünməz qüvvəni bəzi döyüşlərdə hiss etmişdi, amma onun dağlardan uzaq arxa bölgələrdə də belə sayıqlıqla durduğunu və hər an köməyə gələ biləcəyini təsəvvür etmirdi.

Dağlara çıxmazdan öncə Şərifov Qubadlıda faner qutunu sökdürüb, maşını “Həkəri” kinoteatrının qabağına sürdü və güllə dəymiş qapının üstünə iri, ağ-qırmızı hərflərlə “Bayquş” sözünü yazdırdı.

Qoca rəssam əlləri əsə-əsə işini qurtarınca bütün qəsəbə bu qüdrətli silahın tamaşasına durdu.
 
Leytenant Şərifov hadisəni bir neçə sözlə müxtəsərcə onlara danışdı, sonra gənc yaşına tamam yad, ağır addımlarla kənara çəkilib siqaret yandırdı.

Deyirlər, döyüşlərdə illər boyu düşmənə qan uddurmuş “Bayquş” cəbhə bölgəsinə yaxın hərbi hissələrdən birinin həyətində öz məğrur görkəmilə hələ də durmaqda və vətən oğullarını qəsbkarlarla vuruşa ruhlandırmaqdadır. /oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.