Sevinc Çılğın "Alaçarpa" şeirlər kitabı üçün "Kitab günü" keçirdi
29.04.13
Şair Sevinc Çılğın aprelin "Alaçarpa" şeirlər kitabı üçün Kitab günü keçirdi. Xəbərə görə, "Park Bulvar"ın birinci mərtəbəsindəki "Əli və Nino" kitab mağazasında baş tutan tədbirə müəllifin 100-ə yaxın oxucusu qatıldı.
Bir o qədər də kitabın satıldığı tədbirin keçirilməsində məqsəd "ƏDV-yə yox deyək" kampaniyasına dəstək vermək və oxucularla görüşmək idi.
Kitab günü ilə bağlı Sevinc Çılğının təəssüratlarını təqdim edirik.
"Mən bu gün sözün həqiqi mənasında ÖZ OXUCUMLA görüşmüşəm! Səmimi, sadə adamlar sevgilərini, şeirlərimə heyranlıqlarını bildirirdilər... Bağrına basıb "sən bu gün mənə yaşamaq üçün həvəs verdin, stimul oldun" deyənim oldu, sənin şeirlərində özümü tapıram, mənim üçün yazırsan deyənim oldu... Nə bilim e, əslində bunları demək bəlkə də ayıbdır, ancaq hiss etdiyimi hiss etdirməkçün deyirəm, fors etməkçün yox... Öz şeirlərim barəsində çox da yaxşı fikirdə deyildim son vaxtlar, zaman keçdikcə onları bəyənmirəm, hətta ümumiyyətlə yazmağın daşını atmaq istədiyim də olur, ancaq bu gün oxucum, hə mehz OXUCUM mənə yazmaq, daha yaxşı, daha gözəl, daha yüksək seviyyədə yazmaq üçün güc verdi, stimul verdi!!! Və anladım ki, ancaq özüm üçün yazıram deməklə çox böyük səhv etmişəm! Bir də heç vaxt bu sözü demərəm! Məsuliyyət qoydun boynuma, oxucum. "Axı kimə lazımdır mənim yazdıqlarım" fikrini alt-üst etdin! İndi hiss edirəm ki, mən təkcə məişət - anam, Zahir, yavrularım üçün deyil, həm də sənin üçün var olmalıyam, çalışmalıyam, yaşamalıyam... ". /kult.az/
|