Ayişə Nəbi - Sözlər toxum qoydu
29.04.13
Xatırladırıq ki, bu yaxınlarda keçirilən nat (peyğəmbərin öygüsü) yarışmasında 150-yə yaxın şeirlər içərisində yer tutan şeirlərdən biri də Ayişə xanımın şeiri olub.
Adını söylədim Sözlər toxum qoydu Dil çiçəklədi.
Dillə sözün arasında Qabıqla özün arasında İşıqla nurun İsrafillə surun arasında sən varsan Ey adına ad yaraşmayan Ucalığına ucalıq Ülviyyətinə ülvilik yetməyən Getməyən gözümün didəsindən Binəsindən varlığın Darlığın hikmətində nəfəsim Səsim qəribsəyər dilimin üstündə Qəsdinə durar zaman surətimin ətimin qanımın sonu bir heç puç olur həvəslərim darağın dişlərində işlərində fələyin ziya arar nur gəzərəm sezərəm varlığını varlıqların arasında sırasında nur yaradılanların onların varlığına can qatdı nəfəsin... Adını söylədim Sözlər toxum qoydu Dil çiçəklədi.
Nəfəsin kəhkəşanda iz saldı Arxanca baxıram baxıram. İşığından gözlərimə nur aldım Nurunla gedirəm aram aram. Üzümə bax, məni gör, can qat quruyan torpağıma Sorağıma soraq ver, ey sidreyi müntəhayı aşan Ey zamanların sonuna varan Yaran sərhədləri sədləri Varan əbədliyin sərhəddinə
Mən bir toz dənəsiyəm qapılıb rüzgarına sovruluram çevir içimdəki atəşi nura bir ovuc qor olum səcdədə alışsın eşqinlə yeddi rükünlü torpaq mən zavallı bir toz dənəsiyəm ayağın altındakı torpaqdan buxarlanan mən bir nur köləsiyəm ilahi eşqinlə buxovlanan. Adını söylədim Sözlər toxum qoydu Dil çiçəklədi
|