Gənc yazarlar Səməd Vurğuna görə üz-üzə gəldi
26.04.13
Sərdar Cəlaoğlunun Səməd Vurğun haqda işlətdiyi aşağılayıcı fikirlərə görə üzr istəməsindən sonra mövzunun qapanacağı gözlənilirdi. Amma Səməd Vurğun yaradıcılığını təftiş etməyə uğursuz cəhdlərin davamı mövzunun aktuallığını qorumaqdadır.
Belə ki, gənc şair Aqşin Yenisey “Azadlıq Radiosu”nun “Pen klub”unda xalq şairi Səməd Vurğunu şair saymadığını bildirib: “Səməd Vurğun həddindən artıq savadsız şair olub. Biz iki şeyi qarışdırırıq: aşıqla şairi. Aşıq ayrıdı, şair ayrı...”
Bununla bağlı açıqlama verən Elnur Astanbəyli isə həmkarını onun öz “silahı ilə vuraraq” Aqşin Yeniseyi savadsızlıqda ittiham edib:
“Səməd Vurğun ənənəvi şairdir, amma onu aşıq ədəbiyyatına aid etməyin özü savadsızlıqdır. Klassik mənada aşıq şeirinin öz ruhu, öz ritmi, öz havası, öz aurası, hətta öz mövzuları var. Kiminsə heca vəznində yazması bizim onu aşıq şeirinin nümayəndəsi kimi qəbul etməyimizə əsas vermir. Bu mənada Aqşinin dediklərini onun növbəti hoqqası hesab edirəm. Amma söhbət Səməd Vurğunun yaradıcılığındakı digər məqamlardan gedirsə, - onun Stalinə, Kremlə məddahlığı, istedadını saray ideyalarının təbliğinə, şahsevənliyə xərcləməsi müzakirə mövzusudursa, bununla bağlı bütün tənqidlərə qoşuluram. Ümumiyyətlə, Aqşin dostumuz sağa-sola “savadsız” ittihamları yağdırmağı çox sevir. Məncə, bu “sevgi”sində bir az ehtiyatlı olsun. O özünün hansı savada malik olduğunu saytların birindəki viktorinada verdiyi “cavab”larla göstərdi. Bir adam ki, İsi Məlikzadəni tanımasın, onun başqaları ilə “savad davası”na qalxması çox gülməlidir”. /aznews.az /
|