Əli Şirin Şükürlü - Dünyaya yeni baxış
26.04.13
(fəlsəfi əsərdən bir parça) Öyrəndiyim bütün düşüncə sahiblərinə hörmətlə
1. Dünya tələb kimi
Bütün fəlsəfi baxışlar, fəlsəfi sistemlər insan idrakının məhsuludur - bu danılmazdır. Bəs insan bu dünyagörüşü necə yaradır.Mənbə nədir?Dünyanın dərki nədən başlayır? İnsanın özündən.İnsan dünyaya öz içindən baxır (Şopenhauer).Insan dünyanın modelidir.Bu məsələyə qayıdacağıq.Sadəcə bizi indi maraqlandıran düşüncə sahibini dünyanı dərk etməyə vadar edən qüvvəni müəyyənləşdirməkdir. Bu – tələbdir. Burda dayanmaq yerinə düşür.Tələb dünyanı dərk etmək istəyi yaradır.Tələb istək və ağıldan əvvəl gəlir. Dünyaya yeni baxış məhz elə burdan - Tələbdən başlayır. Suya təlabat susuzluq yaradır – düşüncə bunu bilir – su istəyi yaranır. Qidaya tələbat aclıq yaradır – düşüncə bunu bilir – yemək istəyi yaranır. Əks cinslərin bir-birinə təlabatı – düşüncə bunu bilir – cinsi istək (sevgi) yaranır.
Beləliklə.bütün yaranışların əsasında tələb dayanır. Tələb substansiyadır – ilkin olan və yaradandır.Bütün kainatı, varlıqları yaradan səbəb Tələbdir.Tələb vahid olmaqla özündə düşüncə, istək kimi cəhətlər etiva edir ki, dünyanın yaranma modelinə bu prizmadan yanaşmaq qərarına gəldik.Ardıcıllıq belədir.
Tələb - Düşüncə - İstək
Hər bir varlığın yaranma səbəbi tələbdir.Ağıl bunu bilir.Bilgidən istək yaranır.Varlığı yaratmaq istəyi.İstək icraçıdır, ağılın tanıdığı tələbləri yerinə yetirir.Dünya yaranışında istək quldur.Ağılın tanıdığı tələbin qulu.Tələb yaranışlarda parçalanır və bu yaranışların cəmində tamdır.Yaranışlarda onun hissələridir. T1, T2, T3,…, Tn, … sonsuz hissələrinin cəmi elə T – tələb özüdür:
T1 + T2 + T3 + T4 + … + Tn + …= T Tələb elə bir qüvvədir ki, bölünə-bölünə yaradır və istənilən an cəmlənib tam şəkil ala bilir. Bu qanunauyğunluq anlaşılsın deyə təxmini təsvirini riyazi olaraq aşağıdakı kimi ifadə etmək olar.
1/2 + 1/4 + 1/8 + 1/16 + … + 1/2n + … = 1
Sonsuz ədədlərdən ibarət bu cəm vahidə bərabərdir. Tələb sonsuz varlıqlara bölünməklə öz tamlığını, öz qüdrətini qoruyur.Necə ki günəş şüasını paylamaqla öz tamlığını saxlayır.Bu mənada ilkin olan Tamın (Tələb) hər varlıqda movcudluğu barədə fikirlərlə razılaşmaq məcburiyyətindəyik.
2. İnsan
Digər varlıqlar kimi İnsanın yaranmasına səbəb olan Tələb insanda ağıl və istəklə birgədir.İnsandakı tələb (t) ilkin olanın hissəsidir.Ayrılıqda onun kimi qüdrətli deyil, bu səbəbdən insan dünyanı tam dərk etməyə müvəffəq ola bilmir. Onun bilik məhdudluğu bilməzliklər, qeyri-müəyyənliklər (təsadüfilik kimi), sirlər yaradır.Lakin insandakı tələb daima hərəkətdədir.İnsana hakim kəsilən tələb daim onu narahat edir, hərəkətə sövq edir.Insan şeir yazır.Varlığına hakim kəsilmiş şeir yazmaq tələbi onda şeir yazmaq, rəsm çəkmək tələbi rəsm çəkmək, rəqs etmək tələbi rəqs etmək və ictimai fəallığa tələb ictimai həyatın müxtəlif sahələrinə baş vurmaqistəyi yaradır. Tələb daim gözəlliklər, yaxşılıqlar doğurur. Düşüncə butun bunları bilir. Fikir verin, insanlar həmişə gozəl olanı, yaxşı olanı bəyənir, onlara sahib durmağa çalışır. İstək İlkin olandan fərqli insanda yaxşı icraçı – qul deyil. istək insanda “usyankar quldur”. Bu mənada insanda durmadan istəklə tələbin mübarizəsi baş verir. Yaxşılıqlar pisə də istiqamətləndirilir. Beləliklə, İlkin olandan gözəl, yaxşıkimi qopanlar pisə də çevrilə bilir. Tələbin insana yaxşılıqlar üçün verdiyi insan bacarığını, istedadını istək bəzən ambsiyaları naminə tələbin əleyhinə yönəldir. Qətllər, zorakılıqlar, müharibələr. ədalətsizliklər, ... və s. Istək bədənə yaxındır. Bədənə xidmət etdiyi zaman t-lə üz-üzə gəlir. Pis işə başlayan adamda həyacan, tərəddüd baş qaldırır. Pisə meyl həyacan, qorxu, tərəddüd kimi hisslər yaradır.Bu mənada insanda pisə tələbat yoxdu, pisə istək var. Bədən – örtük naminə. t deyir - yeməkdən zövq al, qədərincə ye. Bədən çox istəyir, ifrata varır. Nəfs yaranır. t deyir – sev. Sevgidən zövq al. Bədən ifrata varır. Heyvanı şəhvətə uyur. əxlaqsızlıq yaranır. T-nin yaxşılıq, gözəllik kimi verdikləri pisə, eybəcərliyə çevrilir. Insan bunu anlayır. Qavrayış t-də olanı bilir, ona görə, peşmanlıq, vicdan əzabı, məzəmmət kimi hisslər yaranır insanda. Yenidən insana qayıdacağıq.
3. Dünya ölür
Təzədən yuxarıdakı riyazi qanunauyğunluğa nəzər salaq. Cəmi təşkil edən ədədlər getdikcə kişilir, sıfra yaxınlaşır. An bu ardıcıllığın n-ci həddidr:
An = 1/2n (a indeksdə n bərabərdir 1 bölünsün 2-nin qüvvət üstündə n) Aydın görünür ki, n-------8 An---------0 (n sonsuzluğa yaxınlaşarkən a indeksdə n sıfra yaxınlaşır)
Bu qanunauyğunluq getdikcə dünyanın məhvindən xəbər verir. Tələb tamlığını saxlayır. Dünya ölür. dünya maddidir. Tələbə bürünmüş örtükdür. Məhv ölən örtük, qalan Tələbdir – ilkin olandır. Tələb əbədidir. Yuxadrıda qeyd olunan riyazi qanunauyğunluqlar gerçəkliyi əks etdirir. Riyaziyyat elm olaraq predmetini gerçəklikdən alır. Doğurdan da hər hansı bir yaranışın təbiətinə nəzər salsaq, onun anbaan məhvə sürükləndiyinin şahidi oluruq. Insan dünyanın mikromodeli olmaqla dünyanın içindədir. Ölməkdə olan dünyayla birgə ölür. İnsan dünyayla müqayisədə sürətlə ölür. Çünki insanda tələbin zərrəsi, dünyada isə tələb tam şəkildə iştirak edir. İnsanda olan enerji Tələb adlı nəhəng enerjidən ayrlmış zərrədir. Bu mənada dünya milyon illər insan kütləsi yola salır. Dünya ölür, bütövlükdə onda iştirak edən, onu yaradan, nizamlayan qüdrətli Tələb yenidən örtükdən azad olur. Bu zaman bütün yaratdıqlarının ona qayıdışı baş verir. Cəmin vahidə bərabərliyini xatırlayaq. Görünür, bu hal elə axirətin baş verməsi vəziyyətidir. İnsan ölür, ölən bədəndir. Qalan onda bərqərar olmüş Tələbin hissəsidir. Bədəndən fərqli qeyri-maddi enerji. Artıq burada yenə də illərlə deyilən fikirə gəlib çıxırıq. Qalan enerji ruhdur –Tələbin zərrəsi. Əbədi olan. Yenidən Tələbə qayıdan hissəsi.Insan dünya kimi hər an ölür – tədricən. Ölüm artıq T-nin hissəsinin(t) ondan ayrılmasıdır. Amma bu hissə - ruh ağıl (qavrayış) və istəklə birgə qalır. Çünki T-dən ayrılan və insanı yaradan hissə ağıl və istəklə birgədir. İnsanda həmişə son uca çatmağa cəhd var. Məqsədə çatmaq, hansısa işi başa vurmaq, əsəri tamamlamaq, suyu içib qurtarmaq, hisslərini öldürmək və s. Bu kimi hallar müxtəlif vəziyyətlərdə müxtəlif şəkillərdə cərayan edir. Səbəb nədir? – T yaratdıqlarını müvəqqəti yaradır, sona itələyir. Yenə cəmi yada salaq. Sonsuz addımlardan sonra sıfıra yaxınlaşma.
4. Varlığın dərki
İnsanda T-nin zərrəsidir. Nə qədər səy göstərsədə dünyanı dərk edə bilmir. Çünki özü dərk etmək istədiyinin içindədir. Dərk etmək istədiyi sonsuz varlıqlardan ibarət olub insan idrakına sığmır. t-də olan qavrayış T-də olduğu kimi tam deyil, ondan ayrılan hissədir. Insanda qavrayış elə quruluşa malikdir ki,məhdud tutuma malikdir. Tutumundan artıq götürmür. Bəs onda idrak varlığı necə dərk edir? – sanki bulaqdan stəkana su doldurursan. Varlıq – bulaq, stəkan – idakdır. Bu mənada insan qavrayışındakı varlıq yalnız onun müəyyən sayda təzahürlərinin proyeksiyası – görüntüləridir. Bu görüntülər varlığın özündən gələn təzahürlərdir. Qavrayışa sığan təzahürlər. Təzahürlərdən kənarda axtarış artıq yaradıcılıqdır. Varlıq haqqında qavrayışa sığmayanların axtarışı və təhlili. Bu axtarış konkret varlığın digər varlıqlarla müqayisəsi fonunda baş verir. Məsələn: Qavrayışda olan ağacın qavrayışda olan digər varlıqlarla müqayisəsi və ya təhlili baş verir. Ağacın budağı insan qoluna, yarpağı ürəyə bənzədilir və s. bu kimi bənzətmələr yaradıcı təfəkkürün məhsuluna çevrilir.Lakin yaradıcı təfəkkür də varlığı tam dərk etmək qüdrətində deyil. Yalnız ondan əlavə təzahürlər qoparmaqla məşğul olur. Bu mənada nəinki dünya, dünyanı quran ayrı-ayrı varlıqların da tam dərk edilməsi mümkünsüzlüyü meydana çıxır. Lakin insanda daima dünyanı dərk etmək istəyi diridir. Hərəkətdədir. T-nin hissəsi daim onu narahat edir. Bədəni enerji ilə doldurur. Enerjinin sərf olunması zərurəti yaranır. İnsan prosesdir. Tələbin hərəkətə gətirdiyi mexanizmdir. Yorulan, tükənən mexanizm. T-nin örtüldüyü dünya da eynən bu şəkildə qurulmuş böyük bir mexanizmdir. Daim yaranan enerjinin sərf edən, tədricən resursu azalan, tükənən mexanizm.
4.1. təsadüfilik
Məni düşündürən məsələlərdən biri təsadüfilik problemidir. Təsadüfilik varmı, yoxsa bu da insan təfəkkürünün məhsuludur? T yaratdıqlarını qavrayışla yaradır, nizamauyğun yaradır. Elə insanın özünü də. Yaranan nə varsa qanuna uyğun yaradılıb. Ağılla yardılan Kainatda təsadüfi heç nə yoxdur, təsadüfi heç bir hadisə baş vermir. Təsadüfilik sırf subyektiv varlıqdır. Insan qavrayışının məhdudluğu, insan biliksizliyi təsadüfilik anlayışını yaradır. Bəzən təsadüfilik qarşısında ehtimal edir, müəyyən fərziyyələr, gümanlar irəli sürür. Bütün bunlar insanın hadisənin baş vermə səbəbini ya tam , ya da qismən aydınlaşdıra bilmədiyindən irəli gəlir. Ehtimal, güman, fərziyyə hadisənin baş vermə ölçüsünü ifadə edir. Təsadüfiliyi insan qavrayışında mütləqə çevirə bilmir. hər şey T-yə bəllidir. t – onun hissəsidir. Çox şeydən bixəbərdir.
4.2. varlıq və ölçü
T hərəkətdədir, yaradır, dəyişir, məhv edir. T-nin müntəzəm hərəkəti dəyişmələri yaradır. Zaman dəyişmələrin ölçüsüdür. Ağlın məhsuludur, subyektivdir. Necə ki, rəqəmlər insan ağlının məhsulu olaraq, say ölçüsüdür. Rəqəmlər nədir. Var olanları bir-birindən kəmiyyətcə fərqləndirmək üçün insan zəkasının yaratdığı anlayışlardır. Əslində həyatda rəqəm yox, kəmiyyətcə bir-birindən fərqlənənvarlıqlar obyektiv olaraq mövcuddur. Eləcə də zaman – dəyişmələri ifadə edən ölçüdür. Kainatda zaman obyektiv varlıq kimi mövcud deyil.Obyektiv mövcud olan T-nin daimi hərəkətindən doğan dəyişmələrdir. T-yə bəlli, insanda məskən salan t-nin anlamağa çalışdığı dəyişmələr. t daima öyrənməyə can atır, narahatdır. Biliksizliyi ona rahatlıq vermir. Insan yalnız üç ölçünü – en, uzunluq və hündürlük – qavraya bilir. t-də olan qavrayış məhduddur, imkanları buna qabildir. Digər ölçülər yalnız abstakt qavranılır. Yəni digər ölçülər də mövcuddur ki, bunları qavramaq insan idrakının imkanları xaricindədir. Görünür, varlıqları olduğu şəkildə və tam (bütün təzahürləri daxil olmaqla) qavranıla bilməməsinin səbəbi də üç ölçüdən başqa ölçülərin dərk olunmamasıdır.
5. Yenilik
Qeyd etdik ki, T müntəzəm hərəkətdədir. Yaradır, yaratdıqlarını durmadan sonuca, yəni məhvə sürükləyir. Məqsəd örtüldüyü dünyanı soyunmaq, yenisini yaratmaqdır. Sivilyasiyaların dəyişməsi də bununla bağlıdır. Bu səbəbdən insanda məskən salmış tdə durmadan yeniliyə can atır, köhnə onu yorur, bezdirir. Çünki yeknəsəklik köhnəlmənin, təkrarın insanı yormasıdır. İnsan evə yeni əşyalar alır, geydiyi paltarları yenisiylə əvəz edir, yerini dəyişir, gəzməyə gedir və s. Dəblər dəyişir. Dəblərin dəyişmə səbəbi t-nin yeniliyə canatımı, köhnəni inkarıdır. Lakin hər yenilikdə sonuca yaxınlaşma (ölüm) gizlənir. Çünki yenilik dəyişmələrlə müşayət olunur. Dəyişmələrsə zamandır. Hər ötən zaman isə varlığı, o cümlədən insanı ölümə yaxınlaşdırır. Riyazi qanunauyğunluqdakı hədlərə nəzər salaq. Hər həddi varlığın növbəti vəziyyəti qəbul etsək, getdikcə hədlərin kiçildiyinin, sıfıra yaxınlaşdığının şahidi oluruq. Bu mənada hər bir yenilik, hər bir inkişaf, hər bir qazanılan uğurda sonuca, ölümə yaxınlaşma var. Doğurdanda hər varlığın yanında yoxluq mövcuddur. Deməli, hər bir hərəkət tükənməyə səbəb olur. Yaşlanma, qocalıq tükənmədir. Tədricən t-nin hərəkət intensivliyi zəifləyir, istəklər azalmağa, sönməyə başlayır. Üstünlük qavrayışa keçir. Yaş artıqca, qocalıq gəlincə müdriklik yaranır. Müdriklik – t-nin hərəkət intensivliyinin zəif olma səbəbindən istəklərin azalması, qavrayışın üstünlük qazanmasıdır. t məhv olmur, T-nin zərrəsidir. T-yə qayıtmağa can atır, büründüyü bədəni sonuca sürükləyir. Məqsədinə nail olur – ölüm baş verir. Fikir verin, insan daima tələsir, məqsədinə tez çatmaq üçün narahatdır, nəticəyə daha tez nail olmaq istəyir. Özü də fərqinə varmadan mənanı sonda axtarır. t-dən mütəmadi yeni istəklər doğur. Istəklərin hamısı reallaşmır. Insanda məyusluq yaradır. Insan bütün istəklərinin həyata keçməsini istəyir – arzular yaranır. Istəklər həyata keçmədikdə, onu sona çatdırmağa müvəffəq olmadıqda narahat olur, özünü xoşbəxt hesab etmir. Əslində xoşbəxtlik anlayışı istəklərin az olması ilə bağlıdır. Az olan istəklərin həyata keçmə etimalı böyük olur. İstəklər az olarsa həyata keçməyənlər də azlıq təşkil edir. Deməli, insan nadir hallarda məyusluğa uğrayar və beləliklə, çox vaxt gumrah, xoşbəxt görünər. Bu aspektdən “Xoşbəxtlik düsturu”nu aşağıdakı kimi ifadə edə bilərik: Fərz edək N-istəklər, R- həyata keçənlərin sayıdır. P – xoşbəxtlik ehtimalıdır. Ehtimal nəzəriyyəsinin düsturundan ( ehtimalın klassiki tərifi deyirlər ) istifadə etsək düstürü daxil edə bilərik:
P = R / N Doğurdan da, N – istəklər artdıqca P – xoşbəxtlik ehtimalı kişilir, N azaldıqca artır. Riyazi qanunauyğunluğun köməyi ilə verilmiş bu münasibət həyat həqiqətlərinə adekvatdır. Qısa belə ifadə edə bilərik: Xoşbəxt olmaq üçün az istəmək zəruridir.
6. Yaradıcılıq
Insanda məskən salan t-dən qopan cəhətlər çoxluğu onun təbiətini müəyyənləşdirir. Bu baxımdan insan təbiəti yaranışdan üzü bəri dəyişməzdir. Tələbin qavrayışa ötürdükləri istəklər vasitəsiylə gerçəkləşir. Yaradıcılıq, ümumilikdə incəcənət nümunələri adi qavrayışdan fərqli olaraq varlıdan daha çox təzahürlər qoparmaqla tələbdən doğan gözəlliklərin, yaxşılıqların obyektivləşməsidir. Bu mərhələdə istək gözəlliyə qarşı çıxmır, ona laqeyd deyil. sənət əsərləri bu halda meydana gəlir. Heç kim sənət əsərlərinə biganə deyil, ona tamaşa etmək, onun üzərində düşünmək, ona məna verməyə çalışır. Təsadufi deyil ki, insanlar nəyisə bəyəndikdə, nəyəsə heyran olduqda “ruhumu oxşadı” deyirlər. Çünki, əslində hər bir insanın daxilində gözəlliklərə, yaxşılıqlara susayan tələb - ruh movcuddur. Əslində qavrayış və istək bütün yaranmışlarda mövcuddur. Lakin T paylanərkən müxtəlif ölçülü hissələr üzrə paylanır. Riyazi qanunauygunluqda bu aşkar ifadə olunmuşdur. Ti (i = 1, 2, 3, ...) – hissələr fərqli paylandığından yaranmışların payına düşən qavrayış və istək də fərqlidir. İnsanda həm düşüncə, həm də istək digər yaranmışlarla müqayisədə üstünlük təşkil edir. Qavrayış və istək insanda daha aktiv olduğundan o, tələbdən doğanları həm də yaradıcılığa çevirə bilir. Bu mənada insan həm də yaradıcı məxluqdur. Amma insan yaratdığına qavrayış və istək kimi keyfiyyətlər verməyə qadir deyil. Buna ən müasir elmi texnologiyanın məhsulu robortları misal göstərmək olar. Çünki insanın yaratdığına T-dən pay düşmür.
6.1. darıxmaq haqqında
Insanlar çox vaxt darıxırlar. Nə ilə baş qatacağı, darıxdırıcı həyatın məyusluğu onları narahat edir. Kitab oxuyurlar, filmə baxırlar, gəzməyə gedirlər, yaradıcılıqla məşğul olurlar və sairə. Bəzən bu kimi məşğuliyyətlər də onları darıxmaqdan, məyusluqdan xilas edə bilmir. Sanki daim nəsə gözləyirlər. Gözləyirlər ki, hansısa bir hadisə baş verəcək. Ümid adlı hiss yaranır. Düşünürlər ümid etdikləri, istədikləri hansısa hadisə baş verərsə, sıxıntısı aradan qalxacaq, rahatlanacaq, xoşbəxt olacaq. Bu hadisə baş verdikdən az sonra yeni sıxıntı başlayır. Onu aradan qaldırmaq üçün yeni istək yaranır. Bu isə arzunun yaranmasına səbəb olur ki, arzular da bitib-tükənməyən, qapanmayan bir proses olaraq təzahür edir. Daima darıxmaq, sıxıntı, məyusluq ümid, arzu kimi hisslərin yaranmasına səbəb olur. Amma bütün hallarda insan daimi rahatlıq tapa bilmir. Nə üçün? İnsan nəsə gözləyəndə həmişə darıxır, ona tez nail olmaq istəyir. Əslində insan bütün fəaliyyətində sonu, nəticəni gözlədiyi kimi “ömür adlı fəaliyyət”də də sonu – nəticəni gözləyir. O nəticəyə qədər məyusdur. T-nin zərrəsi olan t sona can atır, örtüyü soyunmaq, azad olmaq, T-yə qayıtmaq istəyir. Necə ki, T özü də durmadan soyunmaqla məşğul olur, təzələnməyə can atır. Beləliklə, darıxmaq – sona can atmaq, maddi bədəndən tamamilə azad olmaq istəyi sayəsində yaranan hisdir. Və insan bu hadisəyə qədər nə qədər uğura nail olsa da darıxacaq.
(Davamı olacaq - əgər davamı gələrsə)
|