Namiq Bayramov - Lap bezdim bu avtobusdan
26.04.13
Avtobusda, basabasda...
Biri minir, biri düşür, Avtobusa.
Avtobus var yolu qısa. o şahiddir, bir-birini əvəz edən basabasa.
Avtobus var yolu uzun, basabas da orda olur, daha uzun.
Basabasda gah üzündə, gah alnında, gah da ki, peysərində insan nəfəsi...
Qulağında, bir-birini əvəz edən fərqli səslər...
Camaatı avtobusa, avtobusda olanları isə “mehriban” olmağa səsləyən konduktorun zəhlətökən səsi...
Sürücünün maqnitofonundan yüksələn, bayağı mahnı səsi...
Qulağında, həm də yanında dayanan adamın, qulaqcığından yüksələn, hər tip manıs səsi...
Burda hava da fərqlidir... azotu, karbonu bol hava, imkan vermir nəfəs almağa...
İmkan vermir nəfəs almağa, süzmənin, pendirin, tərin, bəzən də, zərif sayılan ətirlərin, bir-birinə qarışaraq yaratdığı “Ətir zəhəri”nin iyi...
Avtobusda oturacaq var, süngəri cırıq-cırıq. Axı onu xaricdən 1 il öncə almışıq!...
Avtobusda, Mışıl-mışıl mışıldayır cavanlar, Ya doğrudan, ya yalandan, Yorğunluqdan...
Onların başı üstündə, Ayaq üstə güclə durur, Qocalar, qadınlar, qızlar, Ya doğrudan, ya yalandan Yorğunluqdan...
Çox hallar var avtobusda Yazmaqla bitirmək olmur. Çox sıxıldım basabasda, Yox, belə yaşamaq olmur. Gərək gedib maşın alam, Lap bezdim bu avtobusdan!
07 dekabr 2010. Bakı.
Damla
Hər bir günü əridirik damla-damla bu dünyada... Yaşayırıq, yaradırıq, öyrənirik, öyrədirik, Damla-damla bu dünyada...
Bəzən sevib sevilirik, Xoşbəxt anlar yaşayırıq, Damla-damla bu dünyada...
Damla-damla biz görürük, hər xoş günü, hər xoş işi, Qərbədir bu dünyanın bu gərdişi... Özümüzü biz yamanca aldadırıq...
Pisliklərə dəniz yetməz, dərya yetməz, Yaxşıları bir damlaya sığdırırıq...
Həyat – damla! Yaşam – damla! Yaranışdan ölümədək, hər şey damla! Ölənə də ağlayırıq, yalan-gerçək damla-damla!
Sevgimizi sığdırırıq Bir qızılgül dəstəsinə, Hər bir gülün üzərində Qərar tutub yalan-gerçək, neçə damla...
İnsan oğlu, yaranışın tək bir damla, Sonra isə böyüyürsən damla-damla. Böyüdükcə hər bir şeyi qazanırsan, damla-damla Yaşayırsan, yaradırsan, damla-damla Öz haqqını tələb edirsən, alırsan. Ala bilsən, damla-damla
Bəzən olur boynuyoğun birisinin ürəyinə yatmayırsan... Fərqi olmur onun üçün, sən haqsızsan, ya haqlısan... Yubanmadan yanındakı, İnsan cildli tulasına deyir: tez ol, bunu damla!
Yetişəndə son anların, Yapışırsan yaradanın ətəyindən, Dua edib yalvarırsan, İstəyirsən bir az da çox yaşayasan, heç olmasa bircə damla...
İnsan budur... Həyatının hər bir anı bircə damla, Bu damlanı heçdən sayır, Həyatı topdan yaşayır...
Yaşadıqca görür ki, heç yaşamayıb, Ömründəki damlalardan xəbəri belə olmayıb...
Məqam gəlib yetişəndə Ayılıb ki, insan kimi ömür belə yaşamayıb. Yaşadığı həyat isə, 100 il sürsə belə yenə bircə damla...
13 oktyabr 2013 Bakı
|