Raqif Raufoğlu – Çirkinlik
25.04.13
Boz rəng mentalitet deyil, siyasətdir.
Boz rəngin çirkinliyə heç bir dəxli yoxdur. Sadəcə yazıram ki, işdir birdən tacir olub uzaq ölkələrə səfər eləsəz və oranın ağ, sarı yaxud da qırmızı sakinləri sizdən adamlarınızın rəngini soruşanda üzünüzü bozardıb niyə boz olduğunu izah edə biləsiz. Yox, burada səhv elədim. Biz kənara çıxanda boz olmuruq. Boz bizim coğrafi rəngimizdir. Yəni bunu öz üzərinizdə göstərə bilməyəcəksiz. Bu həm də yaxşı əlamətdir. Ona görə ki, siz istəsəz də bozu bizim milli mentalitetlə əlaqələndirə bilməyəcəksiz. Yaxşıdı budur lap əvvəldən başlayın. Deyin ki, nə qədər ilk boz adam bu ərazilərə addımını atmamışdı, bu boz çöllər bizim idi. O vaxt cammatın anası-bayısı da yox idi. Çünki onda hamısı bizim anamız-bacımız idi. Bizi isə boz qurd çağırırdılar. İlk boz adam gələn kimi, camaatın anasını-bayısını da götürüb gətirdi buralara. O vaxtdan boz sözünü bizim adımızdan götürüb üstümüzə yapışdırdılar. Adımız da dəyişib sadəcə qurd oldu. Başladıq qurd kimi öz içimizi yeməyə.
İlk boz adam çox ağıllı idi. Bizim heç vaxt ağlımıza gəlməzdi ki, boz adam boz qurddan bu qədər təhlükəli olar. Bizi ancaq boz adamlarla sındırmaq olardı. O istəsəydi bizi göy, yaşıl, çəhrayı da eləyə bilərdi, amma onda biz qurd olmayacaqdıq. Ona görə də bizi ağ, qara, qəhvəyi yox, məhz boz elədi. Sonra da özü kimi çoxlu boz adamlar gətirib bütün çöllərimizə səpələdi. Bir də baxıb gördük ki, boz adamlar bir-biriləri ilə nəsə danışa-danışa çöllərimizi hasarladılar, ağaclarımızı qırdılar, yollarımızı dağıdıb özlərinə tərəf döndərdilər, sükutumuzu pozdular. Biz də onları yeni növ həşərat bilib boz atlarımızdan düşdük və yavaş-yavaş qaçmağa başladıq. Özü də nə az, nə çox, düz bir ay qaçdıq. Boz baxışları ilə gözlərindən itənə qədər dalımızca baxıb utanmaz-utanmaz biz gedən günlərə ad da qoydular – boz ay.
İndi siz o getdiyiniz yerlərin bəni-adəmlərinə başa salın ki, bizim adamlar ona görə belə bozdurlar. Bizdə boz olmaq təhsildən, mədəniyyətdən də vacibdir. Boz olmasalar, qurdlar-quşlar gəlib başlarına çıxarlar. Boz olmasalar, heç kim onlara ev, eşik, iş, güc, pul, para verməz. Çöllərdə qalarlar. Buralarda isə artıq çöl qalmayıb.
Davamı olacaq...
Avanqard.net
|