Əhəd Muxtar - Müsəlmanların on beşinci əsrinə
24.04.13
Mübarəkdir qədəmin! «Allahu-əkbər – ulu tanrı» dünyasına tufanla gəlmisən, vulkanla gəlmisən! Şəttül-ərəb, Qüds, Colan... Əlbəyaxa döyüşdədir qürubla dan! Milyonların şəfa dərmanı səndədəir, Müstəbidlərin ölüm fərmanı səndədir! Səndədir Əfqanıstanın təbəssümü, İranın tufanı! Səndədir fələstinlilərin Vətən gümanı! Sən neçə ölkə üçün, millət üçün Yeni himn, Yeni bayraq gətirmisən! Azadlıq eşqiylə yanan ürəklərə Sərin bulaq gətirmisən!.. Beş yüz il əvvəl Kolumb səyahətə çıxıb kəşf etdi «Yeni dünya»nı. Beş yüz ildən sonra Rza şah sığınacaq gəzə-gəzə Təzədən «kəşf etdi» Amerikanı... Hələ neçə şahı, sultanı, əmiri, xanı qürbət gözləyir, zillət gözləyir... Düyümlənmiş yumruqları göyə qalxanların əsri! Qürubda çarpışıb, Dan yerinə ümidlə baxanların əsri! Xoş gəlmisən sən müsəlman dünyasına – Kim üçünsə ulu tanrı, Kim üçünsə ulu insan dünyasına!
|