Rəbiqə Nazimqızı Jalə Ismayıl haqqında
24.04.13
Heç bilmirəm, onu necə təqdim edim. Şairə deyim, nasir deyim, ya publisist adlandırım. Üstəlik, xanımın dram təcrübəsi də var. Unutdum, elmi iş də müdafiə edib axı...
Uzunçuluğa nə hacət, Kult.az oxucularına bu imza yaxşı tanışdır: Jalə İsmayıl... Hə, bizim "Balaca", "Şahanə", sonra hansı nikləri vardı? Deyəsən, başqası yox idi...
Hərdən mənə elə gəlir ki, bu qızın sözün yaxşı mənasında bacarmyacağı iş yoxdur. Ağlına düşdümü, vəssalam. Və maraqlıdır ki, o həm də ağıla, könülə girməyi bacarır - mətnləri ilə, təbiəti ilə, zarafatları ilə...
İlk tanışlığımızı xatılayıram: məni səhər-səhər çiçəklərin, yarpaqların üzərində görə bilərsiniz, demişdi - adını soruşanda... Özünü isə görməyə heç ümidimiz yox idi. Amma Tanrı belə istədi. Kult.az vəsilə oldu, müsabiqədə yer tutdu və qaliblərin adları çəkiləndə... etiraf edimmi? Edim də, qələbə-filan bir yana, daha çox onu görməyimə sevindim. Ağ çiçəyə bənzədirdi - köynək, ətək - ağ-qara məktəbli forması kimi... Sakit, soyuqqanlı, ağıllı...
Amma yox, görünüşə baxmayın, qəşəngcə ağlamağı var, ağlatmağı var bu qızın. Qəşəngcə gülməyi, güldürməyi var... Təbəssümünün arasında gizlədiyi qlobal darıxmağı var və qlobal darıxdırmağı var bu qızın... Sonuncu məsdər tərkibi sizi təəccübləndirməsin, neçə aydı ağ çiçəyimizin qəhəqəhəsini eşitmirik, darıxırıq. Arada yazır-pozur, görünür - guya darıxdırmasın, amma bu da yandı-qondu verməkdən başqa bir şey deyil. Baxın, necə darıxırsınız, baxın necə sevirsiniz...
Sevgidən söz düşmüşkən, özündən böyük sevgisi var, obyektini dünyaya çevirib, sarı çiçəklərə, ağ buludlara, şəffaf yağışa, narıncı günəşə...
Günəş demişkən, istini sevəndi bu qız... bir də dənizi... Yəqin, yayda gələcək... ya da payızda... payızı daha çox sevir axı...
Qeyd: Yazı Rəbiqə Nazimqızının facebook səhifəsindən oğurlanıb
|