Aqşin Yenisey - “Xoruz”a görə üzətüpürmə mərasimi
23.04.13
Hoppa! Səhərin gözü açılmamış həyətə meyvə almağa düşürəm və göysatan xala, şeysatan xalaya deyir ki, muştuluğumu ver, Misir Mərdanov getdi və bir ovuc kal alçanı Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının vərəqlərinə büküb mənə uzadır: - 5 manat!
Azərbaycanda dünyəvi təhsilin ənənələri, məncə, Qori seminariyasından başlayır. Bu seminariyadan əvvəl, təhsil dedikdə adamın yadına yalnız dini mədrəsələr, kitab dedikdə yalnız Quran, ustad dedikdə boşboğaz bir molla, cəza dedikdə falaqqa düşürdü ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş, minirmiş, çapırmış, və s.
Qori seminariyasını Azərbaycan təhsilinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək şəyirdin döyülmə məsələsinə.
Mir Ələmdar deyir ki, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər hüquqda ölüm hökmünü yığışdırsalar da, bu gün tədrisdə və tərbiyədə çubuqlamağı yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar. Ələmdar cəddinə and içib əlavə edir: cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir. Deyir oxuduğum orta məktəbdə şagirdlərə, tutalım, “Xoruz” şeirini öyrətmək üçün müxtəlif növ ağrıtörədici cəzalardan istifadə olunurdu və bu cəzaların bəziləri birmənalı olaraq, yalnız və yalnız biz azyaşlı uşaqların formalaşmaqda olan azyaşlı şəxsiyyətinin təhqirinə yönəlmişdi. Məsələn, müəllimlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edən yoldaşının üzünə tüpürsünlər.
Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin. Bəzən, tutaq ki, Abbas Səhhətin toyuq-cücə haqqında yazdığı hansısa sarsaq şeirini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti göz yaşına və tüpürcəyə bələnirdi. Belə üzətüpürmə mərasimləri şəxsən mənim oxuduğum məktəbdə - SSRİ zamanında - ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların - istər oxuyanlar olsun, istərsə də savadsızlar - təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə onları daha da sırtıqlığa və bir-biriləri ilə düşmənçiliyə sövq edirdi.
Artıq uşaq vaxtlarından millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək ənənələri qoyulurdu. Üzünə tüpürülən uşaq dərsdən sonra üzünə tüpürən sinif yoldaşlarını tutub əzişdirirdi, əzişdirilən isə səhəri gün acığını soyutmaq üçün yoldaşının üzünə daha da lombayla tüpürürdü.
Ələmdarın cəddinə and olsun, qış aylarında müəllimlər maşanı sobada qızdırıb “iki vur iki”yə görə şagirdlərin əlinə dağ basırdılar. Şəxsən məni Fernando Magellanın ilk dünya səyahətinə neçə nəfər “xiyarla” çıxdığını saya bilmədiyim üçün coğrafiya müəllimi qışın oğlan çağında məktəbin qaranlıq və rütubətli zirzəmisinə salmışdı. Qırx beş dəqiqəlik dərs boyunca zirzəmidəki nəm daşın üstündə oturub Magellanın yeddi arxadan dönənini söyə-söyə zırıldadım o vaxt. On iki yaşında qırxbeş dəqiqəlik zindan həyatının dadına baxan bir uşağın içində yaşadığı cəmiyyətə qarşı hansı duyğu cücərə və böyüyə bilər? Olsa-olsa, hansısa qəzəbli duyğu böyürə bilər. /publika.az/
|