Fərid Hüseyn və Şəhriyar Del Gerani həm də Təbrizdə həbs olunmaları, 127 gün həbsdə qalmalarıyla Şimali Azərbaycan tarixində yeni bir mərhələyə, yeni bir ilkə imza atdılar. Onlar şeirimizin sevimlisi Cənubi Azərbaycanda, Təbrizdə bəhs olunan ilk Şimali Azərbaycan şairləri oldular. Beləcə, rəsmi şəkildə Şimali və Cənubi Azərbaycan bir bayraq altında yox, bir həbsxana içində birləşdilər. O şairlərdən birinin adı Şəhriyar, o birinin soyadının Hüseyn olması da təsadüfi deyil. Əslində soyadlar elə-belə, təsadüfi olmur, yadınıza salın, hər iki qadın Milli Qəhrəmanlarımız – Salatın və Gültəkin xanımların da soyadları Əsgərdir. Onlar əsl əsgər oldular.
Hər iki şairimizi – Fəridi və Şəhriyarı yaxından tanıdığım üçün bilirəm ki, onların hər ikisinin ruhu çox azaddır. Məncə, onlar Azərbaycan-türk şairləri olduqlarıyçün yox, İrandakı azadlıqdan daha çox azad olundaqlarıyçün həbs edildilər.
Fərid bəyin həbsxana xatirələrini oxudum, məncə, həm çox poetik yazıb, həm də çox sadə və qeyrətlə. Sadə yazmaq çox çətindir. Ən əsası, heç bir yerdə özünü və dostunu şişirdib qəhrəmana çevirməyib. Elə bu cür yazmağı Fəridin qəhrəmanlığıdır, hətta bəzi yerləri o qədər rahat, poetik yazıb ki, oxucu özündən asılı olmadan özünü o həbsxanaya düşmüş kimi hiss eləyir. Təki bütün həbsxanalarda belə azadlıq, sevgi, yazmaq eşqi olsun.
Fəridin bizim doğma azadlığımız, mübarizəmiz üçün indidən – gənc ikən belə bir həyat keçməsi bir insan və yazıçı kimi onun böyük gələcəyindən çox şey vəd edir.
Həm də Allah Fəridi belə ağır vəziyyətlərə salmaqla bu çətin yaradıcı yolla sonacan gedə biləcəyi təqdirdə onunçün çox şərəfli və gözəl əbədi nəsə hazırladığına işarə edib.
Bu işarə həm də bütün Azərbaycanadır… /kaspi.az/