Əli Şirin Şükürlü - Qəribə hadis
19.04.13
qəribə hadisə gəlib başıma o gün:
səhər yuxudan oyanıb adətim üzrə seyr edirəm pəncərədən: görünən bir parça torpaq, bir parşa dəniz, bir parça göy üzü – payıma düşən.
seyr etdim. seyr etdim. seyr etdim və hazırlaşıb evdən çıxdım. dəhlizdə güzgü dayanır; sonuncu o yola salır məni həmişə,daha dürüstü – güzgüdəki əksim.
evdən çıxıram və gedirəm. adi iş günlərindən biridir. başım üstündəki səma o bir parça göy üzündən geniş, sahili boyu keçdiyim dəniz o bir parça dənizdən böyük, üstü ilə hərəkət etdiyim torpaq o bir parça torpaqdan çox. yəni
payıma düşən o bir parça göy üzünü, o bir parça dənizi, o bir parça torpağı deyirəm.
qəflətən görürəm uçur bir parça göy üzü – qartala bənzəyir, caynağında bir parça dəniz, bir parça torpaq. elə bil hər biri altçoxluq; qopub ayrılıb iri bir çoxluqdan.
doğma gəlir mənə. qaçıram arxasınca çığıra-çığıra, səsim çıxmır, az qala boğuluram. güzgüdən əksim çıxıb gəlirardımca, pəncərəni daşıyır özüylə.
bu an telefon zəng çalır. ayılıram xəyaldan. bilmirəm, bəlkə də huş aparmışdı məni. amma sanki gerçək hadisə idi baş verən, içində də mən.
axşam evə dönürəm. pəncərənin qarşısında dirək basdırılıb. sancılıb bir parça torpağa, başı bir parça səmada, “üzü” bir parça dənizə.
dəhliz boşdu. güzgünün yeri dəyişilib. əksim fərqli görünür mənə. bir parça torpağın, bir parça göy üzünün, bir parça dənizin qüssəsi çöküb əksimə və heyrətlə baxır üzümə.
18.04.2013
|