Yaşarın "Tabut" hekayəsi

18.04.13

Hər hәftә gәlib-getdiyim bu şәhәrin hәr üzünü görsəm də, belә havasına rast gәlmәmişdim.

Bir yandan da maşının yükünü tәhvil verә bilmәmәyimin fikri bu istiyә qarışıb lap cızdağımı çıxarmışdı. İndi bu halda bir maşın qarpızla tәzәdәn kәndә qayıt görüm, necə qayıdırsan.

Әgәr bu dәqiqə bir allah bәndәsi qabağımı kәsib, bircә kәlmә vay yazıq desәydi, onun yolunda bu bir maşın qarpızdan elә keçәrdim ki, uf da demәzdim.

Amma mәnә sarı gözünün qırağıyla da baxan yoxudu. Görünür, hamı mәnim günümdəydi, hamının gözlədiyi o allah bәndәsi dә elә hamının özüydü.

Yox, deyәsәn kimsә mәnә sarı gәlir, ayaqlarını görmürəm, amma gözləri düz mənə tuşlanıb. Bәlkә dә istiyә dözməyib, indi çatıb yaxamdan yapışacaq: - a kişi, adamlığın olsun, - deyəcək - istidi axı. Görən, nə cavab verim? Desәm, mәnә dә istidi, düz çıxmaz.

Çünki gərək birinçi yıxılanı qaldırasan. Amma hәmin adam elә bir söz dedi ki, özünü bilmirәm, mәni istinin әlindәn az qala biryolluq qurtardı. Tәәccübdәn gözlərim kәllәmә çıxdı. Təzədən:

- Eşitmirsən, - dedi, - filan kәndә apararsan?

Yaşadığım kәndi mәndәn savayı bu şәhәrdә tanıyan bir özgə adam olduğunu ağlıma gətirməzdim. Fikirləşdim ki, yәqin bu adda başqa bir kәnd dә var.

- Hansı kәndi deyirsәn - dedim, - filan filanın böyründəmi?

- Hә, - dedi - gözünü dә qırpmadı, elә bil mәnә qulaq asıb elәmirdi, nә desәydim cavabı bu olacaqdı.

Bir zәndlә baxdım ki, bәlkә tanış gәlә, amma üz-gözündən nәsә biz tәrәfin adamlarına oxşamaq istәmәdi.

Əslində, kәndin adı da dilinә yatmırdı. Bәlkә tanışlardan kimsә onu göndərib ki, mәni dolayıb lәzzәt alsın? Bu dәfә lap düşmәn kimi ona baxıb ancaq indi gördüm ki, qarşımdakı cavan bir oğlandı, özü də yazıq elә bir kökdәdi ki, elә bil ya yüz illәrdi yuxu üzünə hәsrәtdi, ya da yüz illәrdi yatmaqdan bezar olub.

Deyәsәn, bayaqdan bәri özüm də yatmaq istəyirdim. Çünki bu istinin əlindən qaçıb-gizlәnmәyә bircә sığınacaq vardısa, o da yuxuydu. Amma bu gədəni görməyincə yıxılıb-yatmaq yuxuma da girmәyәcәkdi. Demәli, indi mәn dә eynәn o kökdəyəm. Bu istinin әzabı qәflәtәn mәnә qabağımda dayanan o adamı elә tanıtdı ki, elә bil öz doğmaca qardaşımla rastlaşmışdım.

- Qardaş, köməyi-umacağı olmayan bir yetim oğlanam, - dedim, - maşalla, bir baş da külfətim var, gözü cibimdə, ağzı әlimdә. De görüm nә verәrsәn?

Bu axırıncı kәlmә niyә ağzımdan çıxdı? Vallah, demәk istәmirdim. Amma mәndә günah yoxdu, vәrdiş elәmişәm.

- Nә qәdәr istәsәn.

Doğrudan da qabağımda dayanan öz doğmaca qardaşımdı. İndi onun başından bir tük әskik olsaydı mәni kiritmәk olmazdı. Elә bil onu mәndәn ötrü allah özü yollamışdı.

Yolboyu darıxmayacaqdım, darıxmaq nәdi, lap kef görəcəkdim, öz halalca arvadımdan gizli saxladığım sirlәri ona açacaqdım, onunla dәrd-sәrimi bölәcәkdim.

Çünki bu adama hәr şeyi demәk olardı. Söhbәt pulda deyil, amma mәndәn ötrü var-dövlәtindәn keçәnin yolunda canımdan da keçәrәm. Allah saxlamışın bir üz-gözündəki nura bax. Maşalla, elә bil mәlәk övladıdı. Bu boyda şәhәrdә o boyda kәndimi tanıyan da ki, başımın ağasıdı.

- Otur gedәk, - deyәndә, hiss elәdim ki, ürәyim indiyәcən belә sәliqә-sahmanla döyünmәyib.

- Əvvәlcә evә dәymәliyәm, - dedi.

Bu sözü eşidәndә fikir mәni götürdü. Bәlkә elә bu oğlanı maşın dalınca yollayıblar? Evә çatan kimi düşüb öz yerini zırramanın birisinә verәcәk, hәmin o zırrama da yol uzunu mәni çәnәsinin altına salıb çәrlәdәcәk. Öz maşınım deyil, özgəsini dünya dağıla aparmaram.

- Nәdi, yükün var? - dedim, özü də o yükün var kәlmәsini elә bәrkdәn dedim ki, elә bil bu kәlmәylә indicә fikrimdәn keçәnlәri dә ona eşitdirmәk istәyirdim.

Dinmәzcә başını tәrpәtdi.

Arxayınlaşdım. İndi qalır yük mәsәlәsi. Tәki bir elә ağır yük olmasın. Qorxuram o zәhrimara qalmış qarpızların ucbatından işlәrim korlana.

Qupquru gözlərini mәnә zillәyib:

-Yox, - dedi.

Hər şey bir qarağa, amma bu sözdən sonra elә bil öz çiynim yükdən boşaldı. Demәli, indi mәndәn ötrü yavaş-yavaş sәrinlәşәn bu hava kimi işlәrim dә qaydasına düşmüşdü. Qәflәtәn elә dirilib-dirçәldim ki, kefimә şərik çıxarmaqdan ötrü böyrümdә oturanı az qala qucaqlayıb bağrıma basacaqdım.

- Getdik, - dedim.

Maşın tәrpәnәn kimi o uzaq yolumuzun nәrdivanını elə indidәn atmaq istәdim. Görən, bu nәrdivana nә tәhәr çıxaq ki, düşәndә yıxılmayaq? Bir az geciksәm dә, vәrdişimə xilaf çıxmayıb:

- Allah Mәhәmmәd Ya Әli, - dedim, sonra güzgüdə yol yoldaşımın üzünü axtardım.

Pәncərədən küçəyə baxa-baxa elə bil təkcə üzünü yox, özünü də məndən gizlətmək istәyirdi. Ürәyimdә:

- Bәrәkalla, - dedim, - görünür, ev-eşik tәrbiyәsi görüb, qanacaq-mәrifәt yiyəsidi.

Sonra fikirlәşdim ki, kaş oğlum da böyüyəndə ona oxşasın. Qәflәtәn dә başa düşdüm ki, bayaqdan bәri özümə qardaş saydığım bu oğlan, əgər vaxtında evlәnsәydim, lap elə mənim öz doğmaca oğlum da ola bilәrdi.

- Bala, - dedim, kәndә apardığın nәdi?

Gözümü pəncərədən çәkib güzgüdən mәnә zillәdi. Bir xeyli sonra qulağım alan sәs dә elә bil o güzgüdən gəlirdi.

- Yaxşı eşitmәdim, deyirəm apardığın nədi?

- Tabutdu.

***

Tabutu doqquzuncu mәrtәbәdәn ikimiz düşürdük. Әslində köməyə gələsi adam da yoxudu. Pillәkәni bir-bir düşdükcə tər məni yuyub aparırdı.

Amma isti nәdi, üst-başımın islanmağını da hiss etmirdim. Görünür, bayaq tabutu qaldıranda yol yoldaşımın qәflәtәn elә ağlamağından hәr şeyi unutmuşdum. Düzünü desәm, onu ağlatmaqda günah özümdəydi. Çünki bayaq hәr ikimiz otağın düz ortasındakı tabuta yaxınlaşanda qorxudan bütün bәdәnim әsmişdi. Elә bil o rәhmәtliyi özüm öldürmüşdüm, indicә әl-qolumu burub mәni, allah bilir, hara aparacaqdı. Tabuta sarı әyilәndә yol yoldaşımın yapışmağıyla tabutun baş tәrәfini qaldırmağı bir oldu. Amma mәnim әl-ayağım tamam keyimişdi, nә illah elәsәm dә nә tabutu yerindәn tәrpәdә bilirdim, nә özümü. Elә yerimdәcә dizüstә düşüb altdan yuxarı tabuta baxırdım. Yәqin çәpәki dayanan bu tabutun içindәki dә belә bir duruşa ömür-billah nә özündә, nә dә bir özgəsindә rast gәlmişdi.

- Allah yerini behişt elәsin, - dedim, - görünür, rәhmәtlik canlı-cәsәdli kişiymiş. Qorxu-hürkünü canımdan qovmaq üçün, әslindә, bu sözlə öz-özümü toxtadırdım. Amma qәflәtәn o gәdәdәn elә bir hönkürtü qopdu ki, yәqin o sәsi bir dә eşitmәkdәn ötrü gәrәk bu dünyaya nә vaxtsa bir dә tәzәdәn gәlәm.

Tabutu qaldırıb maşına yükləyəndən sonra dörd tәrәfini taxtayla çәpәrlәdim ki, çala-çuxura düşәndә qarpızlar üstünə diyirlәnmәsin.

Tәzәdәn yola düzәlәndә yol yoldaşım yenә dә dinmәzcә pәncәrәdәn çölә baxırdı. Elә bil mәnә rast gәlәndәn bәri maşından düşmәmişdi, arxamızdakı tabutun da ona dәxli-zadı yoxudu.

Әslindә, maşın hәr dәfә çala-çuxura düşәndә tabut öz varlığını bizә eşitdirirdi, amma o tappıltı sәsindәn diksinәn elә bircә mәn olurdum.

Alacağım zәhmәt haqqı indi vecimә dә deyildi. İstәyir lap havayı düşüb getsәydi belә dinmәyəcәkdim. Uzaqbaşı ürəyimdә fikirlәşәcәkdim ki, beş-on manatla adam kasıb olmur. Demәli, itirilәsi bir şey yoxudu.

Amma özümü elә itirmişdim ki, nә elәsәm dә başlamaq istәdiyim söhbәtin әvәlini tapa bilmirdim. Deyәsәn, bayaq qaldırıb-apardığım tabutun ağırlığı canıma yaman hopmuşdu. İndi elә bil özüm dә o tabutun içindәydim. Handan-hana fikrimi cәmlәyib:

- Nәdәn öldü? - dedim, - az qala nәdәn öldüm, deyəcəkdim.

Maşınını sür, - dedi, - bir dә qәbristanlığa çatanda haqqını istә.

Sәsi dә qupquruydu. Boğazı elә bil suyu çәkilmiş hovuzun dibi kimi çatdamışdı.

Әgәr başqa vaxt, başqa bir vəziyyətdə mәnә belә bir söz deyilsәydi, çoxdan o sözün yiyəsini maşından düşürüb rәdd elәmişdim. Amma indi elә bil mәnim dә dilim-ağzım qurumuşdu. Sözüm dә hazır idi:

- O tabut, o da sәn, - deyəcəkdim, - al kürəyinə, hara cəhənnəm olursan, ol.

Amma dilim gәlmirdi. Görünür, istidәnmi, ya nәdәnsә bu bir-iki saatda hәr ikisinә isinişmişdim.

Dünyayla haqq-hesabını çürüdüb indi, tabutda biryolluq susan o kişinin ömür-billah üzünü görməsəm də, onun bir kәrә namәrdlik elәmәdiyinә, dosta can, düşmәnә aman verdiyinә şübhәm yoxudu.

Mәndәn ötrü o kişinin yaşı da çoxudu, bәlkә lap yüzü dә adlamışdı. Deyirәm axı, bayaq tabutu doqquzuncu mәrtәbәdәn düşürəndə niyә elә ağırıdı. Görünür, ağırlığı ilə qolumu, belimi qıran o kişinin çәkisi yox, özüylə birgә son mәnzilә köçәn ağrı-acılı bir ömrün, yüz ilin çәkisiymiş.

Demәli, indi mәn hәmin o yüz ili bu dünyadan yola salan iki nәfәrdәn biriydim.

Qәflәtәn maşını saxlayıb o gәdәnin peysәrinә bir tərs şillә ilişdirdim. Deyәsәn, indi bu fikirlәr beynimdən keçәndә tabutu böyrümdə oturana qısqandım.

Amma yol yoldaşımın tükü dә tәrpәnmәdi, peysәrini yavaşça ovuşdura-ovuşdura:

- Hә, atamdı, - dedi.

***

Körpə dünyaya göz açanda әn әvvәl kimi tanıyır? Anasını, sonra da atasını, ayağı yer tutub yeriyəndən üzüyuxarı başlayır yavaş-yavaş özünü tanımağa. İmәklәyәn uşağı bәlәklә gör duracaq, ya yox?

O uşaq mütlәq çırpınıb-çapalayıb bәlәkdәn çıxmalıdı. Çünki indi o, canının bir özgə əhvalını yaşayır. Mәn indi burda oturub sәnә dünyanın işlәrini qandırmaq fikrindә deyilәm. Bax indi arxamızdakı tabutda yatan o kişini oyatsan da dirilmәk istәmәyәçәk.

Әgәr dünyanı pis-yaxşı bir dәfә görmüsənsə xirtdәyәcәn bәsindi.

Vallah-billah özün qayıtmaq istәmәyəcəksən. Dediyim odu ki, әgәr uşaq atasız, ya anasız böyüyürsə, yaşının bir hәddindә ondan ötrü daha atasının, ya anasının kim olduğunun fәrqi yoxdu.

Çünki o adam indi bu vәziyyәtinә elә uyğunlaşıb ki, atasının, ya anasının hardansa peyda olmağı onu ancaq darıxdıra bilәr.

Üç ay bundan qabaq bir axşam çağı zәng sәsinә qapını açıb atamla tapışdım. Anamın ilini tәzәcә vermişdim. Yazığın nәfәsi hәlә dә evimin havasındaydı.

Doğrusu, ömür-billah üzünü görməsəm dә, nәdәnsә o kişiyә gözucu baxan kimi sifәti mәnә tanış gәldi. Düzdü, onun mәnim atam olduğunu bilmirdim, amma elә bil hardasa rastlaşmışdıq.

- Sizә kim lazımdı, - dedim, sonra lal-dinmәz dayanan bu kişiyә diqqәtlә baxanda başa düşdüm ki, indicә mәnә tanış gәlәn bu kişini elә özümə oxşatmışam.

Anam sağlığında hәmişә deyәrdi ki, işdi, әgәr mәn ölәndәn sonra atan gәlib çıxsa, nabadә onu qapıdan içәri buraxasan. Bir dә qulağıma sırğa elәmişdi ki, atan nә qәdәr dil-ağız elәsә dә qәbrimin yerini ona nişan vermә.

Özü dә hәr dәfә bu sözlәri mәni fikirli görəndə deyәrdi. Bәlkә elә bilәrdi ki, atasızlığımın xiffәtini çәkirәm. Amma mәn heç vaxt anamdan atamın bizi nә sәbəbə atıb getdiyini soruşmamışdım.

Doğrusu, bunu öyrənib-bilmәyә marağım da yox idi. Necә ki, atalı-analı bir adamın öz yetimliyini tәsәvvürünә gәtirmәyә, hәlә ustəlik bu tәsәvvürü özünə dәrd elәmәyә nә marağı, nә dә həvәsi var. Atası böyük vәzifәdә işlәyәn bir dostumun bu günlərdə qayıdıb mәnә dediyi bir söz hәlә dә yadımdan çıxmır.

- Bilirsәn, - dedi, - dünyada nә qәdәr adam varsa, hamısı ancaq özünü sevir. Әn vәfalı övladın sәhәr-axşam ata-anasının canına dua elәmәyi dә ata-ananı yox, özünü istədiyinə görədi. Yəni ata-ananın canı sağdısa, övlad-uşağın da kefi sazdı.

Nә isә, harda qaldım? Hә, atam qapının ağzında dayanıb-durmuşdu. Deyәsәn, onu tanıdığımı başa düşüb əmәlli-başlı karıxmışdı. Yəqin yanıma gәlmәzdәn mәnə nә cür tanışlıq verәcәyini bir xeyli götür-qoy elәmişdi.

Әvvәl ürәyimdәn keçdi ki, onu bir müddәt belә vəziyyətdə saxlayım. Allah bilir, bir dә belә bir gün bəxtimə düşəcəkdi, ya yox. Amma tәlәsirdim, gedәsi yerim vardı.

- İçәri keçin, - dedim, - canımı birtәhәr onun әlindən qurtarmaq üçün dilimә gәlәn elә bu bircә kәlmә oldu.

Kişi qәflәtәn bu sözdәn dirçәlib mәnә elә tәrs-tәrs baxdı ki, elә bil mәni tәpiyi altına salmaqdan ötrü әlinə fürsət düşmüşdü. Görünür, tәkcә bu sözdәn savayı mәndәn hәr şey gözləyirdi. Yəni mәn onu söyüb qapıdan qovmalıydım, hansısa bir filmdә olduğu kimi:

- Get, - demәliydim, - sәn ata deyilsәn, hәlә sәnin başına ata çәkici dәymәyib.

Niyә axı? Nә sәbәbә?

Nә isә, birtәhәr o kişini içәri salıb yerini-yurdunu ona göstərəndən sonra özüm çıxıb getdim.

Hә, indicә sәnә demәk istәdiyim söz yadıma düşdü. Amma hәmin sözə görə bәri başdan ya sәndәn üzr istəyirəm, ya da deyirәm yerin mәlum. Dediyim odu ki, hәmin gün elә bir cananın qucağındaydım ki, başım-bәdәnim hәlә dә mәnim deyil. Canan deyirәm sәnә, zalım qızı elә bil yağ-böyrәk içindә bәslәnmişdi.

Nә isә, qayıdıb görürəm ki, atam bayaq necә qoyub getmişəmsə, elәcә oturub yolumu gözləyir.

- Niyә rahatlanmamısız? - deyirәm.

Dinmir. Düz gözlərimin içinә baxır. Handan-hana:

- Bala, tanıdın mәni? - deyir.

Başımı tәrpәdib:

- Durun, - deyirәm, - qalxın, әl-üzünüzü yuyun.

Doğrusu, yanımda narahat adam görəndə darıxıram.

Amma bu kişi nә gözünü mәndәn çәkirdi, nә dә dediyindәn әl çәkirdi. Bәlkә dә yüzüncü kәrә:

- Tanıdın mәni? - deyәndә, gördüm daha dözə bilmirәm.

- Nә dәxli var? - dedim, - Bәs sәn necә, tanıdın mәni?

Kişinin ağzı o bağlanan biryolluq bağlandı. Görünür, bu mәnasız söhbәtin heç birimizә dәxli olmadığını axır ki, başa düşdü.

Yatanacan dinib-danışmadıq. Süfrәyә gәtirib-düzdüyüm çay-çörәyә nә әlini vurdu, nә dә heç olmasa söz xәtrinә yeyib gәlmişәm, dedi. Bir xeyli gözləyəndən sonra süfrəni yığıb elә hәmin otaqda ona yer saldım.

Kişidәn ötrü döşәmәyә sәrdiyim yorğan-döşәkdә bir vaxtlar anam yatardı. Nәdәnsә rәhmәtlik arvadın çarpayını görən gözü yoxudu. Hәr dәfә yerinә girib gözlərini yumanda ölümünü görmək istәyәrdi. Hәr iki qolu qanad kimi açılıb döşәmәnin üstә düşәndә öz-özünә pıçıldaya-pıçıldaya:

- Vaxtım çatıb, allah, - deyәrdi, - yerә yaxınam.

Doğrusu, adamın doqquzuncu mәrtәbәdәn yerә necә yaxın olmağı bu günəcən mәndәn ötrü sirr qalıb. Amma inanırsanmı, hәmin gecə tәxminәn eyni sözü o kişinin dә dilindәn eşitdim. Әvvәl istәdim qalxıb yerimi onunla dəyişim. Sonra fikirlәşdim ki, әgәr belә elәsәm, gərək bir dә ömür-billah öz yerimdә yatmayam.

Nәdәnsә mən dә belә adamam. Mәnim bu halımdan elә bil kişi duyuq düşdü, düz sәhәrәcәn cınqırını da çıxarmadı. Mәn də rahatca yıxılıb-yatdım.

O gündən bir damın altında ikilikdә yaşamağa başladıq. Amma doğrusu, o kişi mәnә bir elә mane olmazdı. Bütün günü öz alәmindәydi: hәr dәfә otağın bir küncündә altına çәkib oturduğu stuldan da elә bircә ona görə seçilərdi.

Evdә mәndәn savayı da kiminsә yaşadığını ancaq sәhәrlәr hiss elәyәrdim. O kişi bircә kәlmә söz deməkdən ötrü hәr sәhәr mәndәn qabaq oyanıb işә getmәyimi gözləyərdi. Elә әlimi qapıya uzadan kimi arxadan qulağıma bir kal sәs dәyәrdi.

- Oğul, atanla görüşdüyünü dost-tanışa bildirmә.

Amma mәn qapıdan çıxan kimi o kişi dә yadımdan çıxardı, bir dә qayıdıb üzünü görməyincə yadıma düşmәzdi.

Bir sәhәr yuxudan oyanıb gözümü açanda o kişini başımın üstünü kəsdirib-duran gördüm. Üz-gözündə elә bir yorğunluq, süstlük varıydı ki, elә bil bütün gecəni daş daşımışdı.

- Qulaq as, - dedi, sonra yenә bir xeyli donub qaldı.

Deyәsәn, nә vaxtdan bәri hazırlaşdığı söhbәtә başlamağa hәlә ehtiyat elәyirdi. Yәqin qәflәtәn dikәlib:

- Qulaq asıram, - demәsәydim, o söhbәt allah bilir, nә vaxta qalacaqdı.

Kişi әlini uzadıb, yavaşcadan saçımı sığalladı. Deyəsәn, sәsimdәki bu hirs-hikkәdәn hәm qorxmuşdu, hәm dә bir balaca kövrәlmişdi.

- Bala, - dedi, - indi sәnә elәyәcәyim söhbәt mәndәn ötrü ölüb-dirilmək kimi bir şeydi.

Başa düşdüm ki, söhbәt uzun çәkәcәk. Yaman dilxor oldum. Çünki hәr sәhәr yuxudan oyanan kimi gedib әl-üzümü yumasam, öz-özümdən iyrənirəm. Amma ayrı әlac yoxuydu.

- Eşidirәm,- dedim.

İndi o kişinin hekayәtini sәnә uzun-uzadı danışmaq fikrindә deyilәm. hәm çoxlu vaxt aparacaq, hәm dә hәvәsim yoxdu.

Әslindә, yadımda da sәn deyәn elә şey qalmayıb. Çünki mәndәn ötrü o söhbәtin marağı yoxuydu. Düzü, qulaq da asmadım. O kişi nә danışdı, nә dedi, bir allah bilir.

Bir allah bilir, bir dә tabutdakı o kişi.

***

...Oğul, bu dünyada alın yazısı deyilәn bir şey var. Kimisi öz alın yazısını özü yazır, kimisi özgəsinə yazdırır, ya da ki, özünün, ya özgəsinin əliylә öz alın yazısının başına min bir oyun açır.

Elә adamlar da var ki, dünyaya köç elәyib, dünyadan köç elәyincә ömür yolunun alın yazısı deyilәn o düyün-döngəsindən yerli-dibli xәbәri olmur.

Bil ki, bundan sonra min il yaşasan da sәnin anan qәdәr öz alın yazısının qulu-nökәri olan ikinci bir allah bәndәsinә rast gəlməyəcəksən.

O arvad cәmi üç işin öhdәsindәn gәlmәkdәn ötrü doğulmuşdu. Әvvәli buydu ki, bütün ömrü boyu abır-hәyasını qorusun, sonra rastına çıxan elә birinci kişiyә әrә getsin, bir dә tale qismәt elәsә o kişinin belindәn gәlәn övlad-uşaqlarını böyüyüb boya-başa çatdırsın. Qalan heç nәyin sәnin anana dәxli-zadı yoxudu.

Bir dәfә elә sәn yaşda olanda canavarla rastlaşmışdım. Üz-üzә, göz-gözə qalmışdıq. Әslindә, o canavardan bir elә qorxum yoxudu. Әlimdә tutduğum tüfәnglә onu istәdiyim vaxt vurub-öldürә bilәrdim.

Yadımdadı, hәmin gün ömrümdә birinci dәfә rastlaşdığım canavar deyilәn o mәxluqun canavarlığına doyunca baxmaq istәyirdim. Amma bacarmırdım. Bildiyim bircә oydu ki, qabağımda dayanan canavardı, vәssalam.

Sәnin anan da mәni birinci gündən hәmin o canavar kimi görmüşdü. Mәn dünyanın ən kifir, ən bәdheybәt mәxluqu da ola bilәrdim, üzündən nur yağan mәlәyi dә. Mәn әzazil, qaniçәn bir әclaf da ola bilәrdim, imam övladı da. Sәnin ananın bildiyi bircә şey vardı: mәn onun kişisiyәm, vәssalam.

Amma mәndә canavarlıqdan әsәr-әlamәt yoxudu. Mәn hələ uşaqlıqdan, qanıb-qanmadığım gündən yiyəsiz-kimsəsiz böyüyən quzuydum. İşimin-peşәmin adı bütün günü künc-bucaqda büzüşüb dayanmağıdı.

Bir tikә çörәkdən ötrü hәr yoldan keçәnә ümidlə baxıb gözümü onun-bunun qapısına dikmişdim. Hәrdәn-hәrdәn mәni yanına çağırıb başımı sığallayan, cibimә qәpik-quruş qoyan tapılırdı. Hәlә desәm, qarnımı doyurmaqdan ötrü döydüyüm qapılar da üzümə açıq idi. Amma mәn o ev yiyәlәrindәn ötrü qapıya gәlәn yetim bir allah bәndәsindәn savayı bir şey deyildim. O adamlar qapısına gәlәn hәr bir bәndәni eynәn mәnim kimi doyurub yola salacaqdılar. Demәli, mәn bir quruca rәhmi dә öz hesabıma yox, yetimliyimin hesabına qazanmışdım.

Әvvәl elә bilirdim ki, hәmişә belә olacaq. Amma bir az böyüyən kimi o qapılar da bir-bir üzümə bağlandı.

Çünki mәn böyüdükcə bığ yerim tərləyirdi, o hәyәt-bacaların körpә-körpә qızcığazları da böyüyüb xanım-xatun qızlar olurdular. Amma tәk bir qapı mәn lap yekә kişi olanacan üzümə bağlanmadı. Ora sәnin babanın ev-eşiyiydi, sәnin ananın yurd-yuvasıydı.

Sәnin baban müflisləşmiş bir bәyidi. Necә olsa, sənin anan da bәy qızıydı, xanımıydı. Amma baban yaman zalım adamıydı, qızına gün verib işıq vermәzdi. Elә bil nә vaxtsa әlindәn çıxmış o var-dövlәtin hayfını qızından alardı.

Hәr dәfә dava-dalaşın üstünə gәlib çıxanda onun üzündə nәsә bir qәribә ağalıq görərdim. Əslində, öz bəyliyini heç olmasa tәkcә özünə sübut elәmәkdәn ötrü qızından savayı әrki çatdığı bir kimsәsi dә yoxudu. Amma qızı da onun bu hәrәkәtlәrinә öyrəncəliydi.
O söyüşləri, hәdә-qorxuları dinlәyә-dinlәyә rahatca süfrә açardı, çay-çörәk gәtirәrdi.

Amma mәn o süfrә yığılanacan sәnin babanla danışa-danışa qorxu-hürkünü canımdan qova bilmәzdim. Elә bilәrdim ki, sәnin baban indicә tәk mәnim yaxamdam yapışıb üzümə itin sözün deyәcәk, sonra da ayağının altına salıb qol-qabırğamı sındıracaq ki, onun qızı yetişәn bu evә bir dә ayaq qoymayım. Amma baban günlərin bir günü:

- Sözün nәdi, - dedi, - istәyirәm qızımı sәnә verәm.

Sәnin babanın istәyi mәni özünə kürəkən yox, öz xanım qızına nökər eləməyidi. Mәn dә inan ki, o vaxtacan babanın qorxusundan kәlmә kәsmәk nәdi, heç ananın üzünə dә әmәlli-başlı baxmamışdım. Amma o sözü eşidәndә gözümü dә qırpmadım, bir nәfәsә:

- Razıyam, - dedim.

Çünki mәnim dә istәyim sәnin babana nökәr olmağıdı. Ümidim bircә ona qalmışdı. Elә bilirdim ki, baban söyə-söyə, döyə-döyə yetimliyimi canımdan çıxaracaq, mәni adam elәyib adamlara qoşacaq. Amma zalım oğlu elә bil qızının әrә getməyini gözləyirdi.

Elә toy günümüzün səhəri yuxudan oyanmadı, o hirsli-hikkәli canını bizә tapşırıb arxayınca dünyadan köçdü.

Hәmin gün ananın gözündən bir damla da yaş çıxmadı. Qupquru gözlərini maddım-maddım mәnә zillәyib:

- Olacağa çarә yoxdu, - dedi, - indi bu evin yiyəsi sәnsәn.

Demәli, sәnin baban sәhv elәmişdi, xanım bildiyi qızını qulluqçu kimi böyütmüşdü. İndi ağa ölmüşdü, bir damın altında qulluqçuyla nökәr qalmışdı.

Amma ağasız yaşamaq, deyәsәn, bizdәn ötrü müşkül mәsәlәydi. Özümüzə tәzә ağa tapmalıydıq.

- Oğlumuz olacaq!

Ananın bu xәbәri mәnә haçan, necә gәlib dediyi yadımda deyil. Bircә o yadımdadı ki, hәmin gün bәrk acmışdım. Özü də nә qәdәr yeyirdimsə, doya bilmirdim. Yazıq anan o dopdolu qazanla ac qarnımın arasında qalmışdı, elə bir ucdan boşqabımı doldurub gәtirirdi. Deyәsən, elә arada da lap astadan:

- Oğlumuz olacaq, - dedi.

Vallah, elә dә dedi. Elә bil sәni bütövcə öz әliylә gətirirdi.

Həlә sәn adda adamın bu dünyada izi-tozu yoxudu, amma gəlirdin.

Elә bilirdim ki, sәnin gәlişinlә hәr şey dəyişəcək, o hirsli-hikkәli babanın ruhu da sәnlә qayıdacaq. Amma sonra hәr şey alt-üst oldu. Başa düşdüm ki, o gələn sən deyilsәn, özüməm. Çünki ananın qarnı böyüdükcə eynən mәnim sifәtimә oxşayırdı.

Yox, bir evdә iki nökәrә ehtiyac yoxdu. Başa düşdüm ki, çıxıb getmәyim mәslәhәtdi. Sәni anana, ananı da sәnә tapşırıb o evdәn biryolluq yox oldum. Lap düzünü desəm, özümdən çox sәnә qıymırdım.

Mәn olan evdә sәn öz ömrünü yaşaya bilməyəcəkdin.

Çünki özümə bәlәddim, mәnim yazıqlığımdan, mәzlumluğumdan yaxa qurtarmaq müşkül məsələydi. Xәbәrin dә olmayacaqdı, ata dediyin o adamın yazıqlığını, mәzlumluğunu әzizlәyә-əzizləyə, sevә-sevә mәn yaşa çatanda bir dә ayılıb bilәcəkdin ki, mәnim ömrümə aldanıb öz ömrünü bada vermisən, sən də atan kimi mağmın olmusan. Sәni azad buraxıb elə həmin gündən öz ömrümü büsbütün sənə qul elədim.

Sizdən uzaqda bir ev kirayə elədim. Elә hәmin gündən təkcə o evin yox, öz ömrümün yiyəsi deyildim. Çünki mən adda adam qurtarmışdı.

O adamın işi-peşәsi gündüzləri-gecələri saya-saya sәnin yolunu gözləmək idi.

Amma sәndәn arxayındım, bilirdim ki, sәn böyüyüb-başa çatınca anan bir kәsә dә möhtac olmayacaq. O arvada bәlәddim, özünü oda-alova vurub sәni dünyasında yalın qoymazdı. O arvaddan ötrü sәn özün dә bir cür qazancıydın.

Böyüyüb әlin pul görən gündən ananın bütün xərclərini bircə-bircə qaytarmalıydın, ananı ağ günə çıxarmalıydın.

Mәndә uduzmuşdu anan, amma sәndә uduzmayacaqdı. O arvad ancaq bir kәrә çaşa bilәrdi. Ananı doqquzuncu mәrtәbәdә aldığın mәnzilә qaldırdığın gün başa düşdüm ki, arvadın istәyi ürәyindә qalmadı.

İşdәn nә vaxt çıxdığını öyrәnib günümü oralarda keçirәrdim. Hәrdәn-hәrdәn sәni gözümdən qaçıranda bütün günü dәli kimi olardım. Amma sәnә yaxınlaşmağa ürәk elәmәzdim. Çünki sәn uşaq vaxtı qıraq-bucaqdan baxdığım o varlı-karlı adamlara çox oxşayırdın. Cibimə üçdәn-beşdәn qoyub mәni öz yolundan kәnar elәyә bilәrdin.

Ümidim bircә anana qalmışdı. Әgәr göydə allah vardısa, o arvad mәndәn әvvәl ölmәliydi, mәn dә olub-keçәnlәrin hamısını gәlib sәnә danışmalıydım.

Sonra anan rәhmәtә getdi.

Allah yerini behişt elәsin, yaxşı anaydı. Sәn dә onu yurd-yuvasında, öz kәndinin qәbristanlığında әdәb-әrkanla dәfn elәdin. Hәmin gün mən də dәfndәydim. Ananı torpağa tapşıranda mәndәn bir dәhşәtli hönkürtü qopdu. Sәsimi eşidirdim, amma kiriyə bilmirdim.

Elә bil sәsim harasa ora-bura sәpәlәnmişdi, nә illah elәyirdimsә, yığıb-yığışdıra bilmirdim. Birtәhәr başımı qaldıranda әn әvvәl sәni gördüm. Qabağımda dayanıb qupquru gözlərini mat-mat mәnә zillәmişdin.

Yəni bu kişi kimdi görən? Başa düşdüm ki, dәfndә bayaqdan bәri mәndәn savayı ağlayan olmayıb. Tez özümü cәmlәyib sәsimi kәsdim. Amma sәn elәcә dayanıb-durmuşdun.

Әlbәttә, mәnim kim olduğumu bilmәk sәndәn ötrü çox maraqlıydı.

Dәfn başlanandan darıxa-darıxa qalsan da dostların sәni çәkib aparanda hiss elәdim ki, o hönkürtünün hansı mәtlәbә dәxli olduğunu öyrənə bilmәdiyinә yaman heyfslәnirsәn. Bil ki, hәmin gün mәn sәnin anana yox, özümə ağlayırdım.

Ata bir balasını әzizlәyib o birini vecinә almayanda həmin uşaq atasından necә küsüb ağlayırsa, bax mәn eynәn o cür sәndәn küsmüşdüm. Yәqin bilirdim ki, ömür-billah mәni bu cür tәmtәraqla dәfn elәmәyәcәksәn.

Həmin o bircә günün içindә qәflәtәn sәndәn elә soyudum ki, elә bil sәn adda adamı o günəcən özümdən uydurmuşdum. Amma anan kimi mәn dә öz istәyimә çatmışdım. Sən mәnә yox, babana çәkmişdin.

Sәn mәnә yadıydın, amma dırnaq barmağa yad olan kimi yadıydın. Mәn istәdiyim vaxt sәni rahatca kәsib ata bilәrdim, amma büsbütün çıxarıb canımdan biryolluq qopara bilmәzdim. Onda ağrınardım.

Elә o gün dә başa düşdüm ki, bundan sonra mәndәn ötrü dünyada olub-qalan bircә şey yenә dә ölümü gözləməkdi. Bu dәfә öz ölümümü gözləməliydim.

Әcәlin asta-asta qapımı döydüyü gün sәnin yanına gәldim. Әslindә, məni bu dünyadan o birinә yola salmağa başqa bir kimsәm yoxdu.

Qapına gəldiyim elә birinci gün sәnin kimliyin mənə büsbütün bәlli oldu. Neynәk, mәnimki dә belә gətirdi.

Bilirәm ki, mәni xәlvәtcә aparıb dәfn elәyәcәksәn.

Çünki, mәn adda atan olduğunu kiminsә bilmәyini istəmirsәn.

Sәndәn bircә xahişim var. O allahın altında bircә bu xahişimi eşit. Mәni öz kәndimizin qәbristanlığında, ananın yanında basdır...

***

Maşın dayanmışdı. Başımı pәncәrәyә söykəyib, deyəsən, yuxulamışdım. Yadıma nә düşdüsə diksinib ayıldım. Yol yoldaşım yoxudu.

Tez maşından düşüb o yan-bu yanı axtardım. İns-cins gözə dәymirdi. Bütün günü bir-birinin ardınca bu yolla şütüyən maşınlar da elә bil hәmin o yol yoldaşımla birgə qeyb olmuşdu.

Sonra var sәsimlә onu haylamağa başladım. Amma sәs-sәmir gәlmirdi. Yәqin bu söz-söhbәtin, bu әhvalatın hamısını yuxuda eşidib-görmüşdüm. Ürәyimdә:

- Hamısı zәhrimara qalmış istidәndi, - dedim, - görünür, gün başıma vurub.

Qalxıb maşına oturdum. Amma maşın tәrpәnәn kimi, qәflәtәn qulağıma tappıltı sәsi gәldi. Dәli kimi dönüb arxaya baxdım. Tabut yerindәydi.

Kәndә gecә çatdım. Maşını kәndin girәcәyindәki qәbristanlığın yanında saxladım. Qәbiristanlığın lap aşağısında o kişinin qәbrini qazdım.

Bu işi әziyyәtsiz-filansız görüb-qurtardım. Çünki elә qarasına seçib qazdığım torpaq yupyumşağıdı, gili, düyünü yoxudu. Sonra tabutu maşından düşürdüm. Amma bayaqkı ağırlığı hiss elәmirdim.

Görünür, içindәki bütün o söz-söhbәtini canından çıxardığına görə tabut da yüngülləşmişdi. Bir ara ürәyimdәn keçdi ki, kәndә düşüb molla çağırım, kişinin üstündə yasindәn-zaddan oxutdurum. Amma kәndi-kәndimdәn, dili-dilimdәn olsa da, allah bilir, o kişi hansı din-mәssәbin yiyәsiydi.

Tabutu torpağa tapşırıb bir xeyli yerimdәcә baxa-baxa qaldım. Deyәsәn, o tabutu adam gözündən biryolluq gizlәtdiyimә arxayın olmaq istәyirdim. Handan-hana : - Di indi rahat yat, - dedim.

Özüm dә toxtamışdım. Qayıdıb maşına yaxınlaşanda birdәn-birә bәrk acdığımı hiss elәdim. Yadıma düşdü ki, sәhәrdәn bәri dilimin altından su da keçmәyib. Bir qarpız seçib tәn ortadan böldüm. Yaxşı ki, qarnımda bir şey yoxudu, yoxsa, o qarpızın rәngini görən kimi qusub-qaytaracaqdım.

Hәlә bu vaxtacan rastıma bu cür ağappaq qarpız çıxmamışdı. Lap meyit rәngindәydi.

Evә gәlib çatanda gecә yarıdan ötmüşdü. Amma bütün otaqların işığı yanılıydı. Qaranәfәs içәri cumanda övlad-uşağın hamısını oyaq gördüm.

- Nədi, olmaya... Böyük oğlum irәli gәlib: hə, dәdә, - dedi, - anamız yenә cüt doğdu.

Dünyaya tәzәcә gələn bir cüt balamın oğlan, ya qız olduğunu soruşmağa halım yoxudu.

Saymağa gücüm ancaq çatdı: demәli belә, sәkkiz uşaq atası. Sonra elәcә, yorğun-arğın necә yerimә girib, nә vaxt yuxuya getdimsə xәbәrim olmadı.

Həmin yay başıma gәlәn әhvalat budu.

Nәdәnsә axır vaxtlar hәrdәn-hәrdәn istәyirәm ki, xәlvәtcә gedib o tabutu yerdәn çıxaram, heç olmasa bircә kәrә o kişiyә baxam.

Amma ürәk elәmirәm, qorxuram ki, tabut boş olar.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.