Kurchaylı Məmmədov - Sən çatmırsan yanımda
12.04.13
*** Bilirsən nə ağırdı, Səni burda düşünmək? Gündüzləri tək qalmaq, Gecələri üşümək.
Yenə də yarımçığam, Sən çatmırsan yanımda. Səndən bir ağrı düşüb, Gəzir, gəzir canımda.
Bilirsənmi unutmaq, Mümkün deyil dünəni. Görən indi hardasan, Harda axtarım səni?
Gözlədim səadəti, O səadət yubandı. Elə cıxıb getmisən, Qayıtmağın gümandı…
Belə qəfil adamı Unutmazlar, atmazlar. İndi sənə bənzəyir, Şəhərdə bütün qızlar.
Bilirsənmi necədir Tənha qalmağın dadı? Yox, bu mən deyiləm ki, Üstumdə sənin adın...
27.02.2013
*** Unudulmaqdan gələnləri qarşılamır kimsə, Kimsə üstündəki xatirələri çırpmır unudulmaqdan qayıdanların... Həyatdı deyib keçirlər amansızcasına, zaman sağaldacaq bütün yaraları guya... Nağıllar uşaqlıqda şirin idi, uşaqlıqda, ağ qoç ağ dünyanın yolunu çoxdan unudub, Allah bilir neçənci yuxudadı Məlikməmməd. Göydən üç alma da düşür daha bir yetim sevindirəsən unudulmaqdan qayıdandan sonra...
15.03.2013
*** Söykənib yoxluğuna yazdığın məktubları oxuyuram birbəbir. Sənsiz olan gecələr bütün yuxularımı yozuram sola, sağa, Heç biri sən eləmir, Heç biri sən eləmir...
17.02.2013
*** Sənin üçünmüş demə, sənin üçünmüş gecələr, darıxmaq adlı anlayış, ayrılıq adlı yaşamaq, ölüm adlı həyat...
03.02.2013, Salyan
|