“Yazı” ədəbiyyyat dərgisinin yeni sayı işıq üzü görüb
11.04.13
Dərgi baş redaktorun qeydləri ilə açılır. Anım başlığıyla Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş yazı və şairənin rübailərindən nümunələr verilib.
Nəsr bölməsində Aslan Quliyevin “Qızılquş və mən”, Azad Qaradərəlinin “Kuma-Manıç” çökəkliyi romanlarının son hissəsi, Alpay Azər, Güntay Gəncalp, Şahnaz Kamal və Alik Nağıoğlunun hekayələri çap olunub. “Bir kitab şeir” başlığında Sevinc Elsevərin, poeziya başlığında isə oxucular Mahir Mehdi, Cavidan, Bəxtiyar Hidayət, İradə Aytel, Əli Şirin Şükürlü, Sərdar Amin, Esmira Məhiqızı, Sara Selcan və Avşar Eyvazın şeirlərini oxuya biləcək.
“Sözümüzün yiyələri” adı altında Ə. Haqverdiyevin “İt oyunu”, “Yazıçının arxivindən” rubrikasında Sabir Əhmədlinin “Gör-götür dünyası” hekayələri, “Ədəbiyyat söhbətləri”ndə isə yazıçı Kamal Abdulla ilə söhbət oxuculara təqdim olunur. Güneyli yazarlar Məlihə Əzizpur və Ülkər Ucqarın şeirləri “Güney sovqatı” başlığıyla verilib. Hər nömrədə olduğu kimi bu dəfə də gənclərə xüsusi yer ayrılıb.
İlk addımlar adı ilə Arzu Hacıyeva, Taleh Eminoğlu, Günel Eyvazlı, Faiq Hüseynbəyli və Həmid Pirinin yazıları verilib. Çevirmə başlığında Volterin, Ç.Bukovskinin, M.Kunderanın (Araz Gündüz və Namiq Şamanın tərcüməsində) və başqalarının əsərləri dərc olunub. Dərginin essestika bölümündə Niyazi Mehdi, Tehran Əlişanoğlunun, “Baxış bucağı”nda isə Seymur Baycanın yazıları yer alıb.
“Palirta” bölümü gənc Amerika rəssamı Erika Kreykin sualtı rəsmlərinə həsr olunub. Dərginin yeni sayında ədəbiyyat xəbərləri və digər yazılarla da tanış olmaq olar.
“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.
Avanqard.net
|