Aqşin Yenisey - Seksologiyaya giriş
08.04.13
Murad Köhnəqalanın cib telefonu ilə danışdığı Rusiyadakı həmyerlisinə dediyi kimi “Ayə, bəri bax, gör nə deyirəm”. (O biri yazıq bəndə Kamçatkada əli qulağının dibində danışa-danışa bilmir hayana baxsın).
Ya Allah, oturun getdik. Frans Kafka demiş, “ədəbiyyata dəxli olmayan hər şey məni iyrəndirir”. Bu dəfəki şaxsey-vaxseyimiz də elə yazı haqqında olacaq.
Bu ölsün – müəllif bu yerdə üzünə taraz bir şapalaq çəkib and içir – bu gün media səhifələrində müəlliflərin dolanışıq, yaxud şöhrət üçün ən çox qələmə aldığı və oxucuların da acgözlüklə oxuduqları iki mövzu var: birincisi, kiməsə söyüş, ikincisi, oxucu olmaqdan bezib, toyuq haqqında məşhur lətifədə deyildiyi kimi, “Allah qanad versə də, uçacağam, verməsə də” iddiası ilə qələmə sarılan, özünün nakam seks aləminin sirlərindən yazan yazarların “publisistikası”. Oxucularımızın əksəriyyəti cinsi kimliyinə baxmadan, müəllifləri söyüş və seksual vulqar ifadələrlə dolu yazılar yazmaqda qınasalar da, həttə özləri də əlləri çatan yerdə - məsələn, yazılara yazılan şərhlərdə - bu müəllifləri gün üzü görməmiş söyüş və qarğışlara qərq etsələr də, fakt budur ki, ən çox oxunan yazılar bu tipli “lüt-üryan” yazılardır.
Hətta bizim müəlliflər də artıq bu bicliyi uğurla mənimsəyiblər – özlərinin “müdrik kəlamlarını”, yaxud həqiqətən istedadla qələmə aldıqları yazılarını oxutdurmaqdan ötrü yazının başlığına, yarımbaşlığına mütləq seksə aid, qurşaqdanaşağı bir “şey” çıxarırlar. Bir vurçatlasın başlayır, gəl görəsən. Evdar arvadlar, ərgən qızlar, idarə müdirləri, əməli-saleh oğlanlar qarışıb dəyir bir-birinə. Yazı qalır bir tərəfdə, hamı əxlaq mücəssiməsi olduğunu görüntü xətrinə sərgiləyərək, müəllifin ailə tərbiyəsinə, anasının qız vaxtından tutmuş, qocalıb əldən düşdüyü son günlərinəcən keçdiyi ömür yoluna münasibət bildirməyi özünə borc bilir. Müəllifin atası, ulu babası, yeddi arxadan dönəni oxucular tərəfindən araşdırılır. Halbuki hamı da saytlarda belə yazı və şəkilləri dörd gözlə axtarır.
Özünün seksual başlıqlı yazısı ilə diqqət mərkəzinə düşən bu bədbəxt müəllif növbəti yazısında, doğrudan da, hər hansı bir ciddi, tutalım, fəlsəfi bir mövzuya toxunduqda, onu nəinki oxuyurlar, özlərini elə aparırlar ki, guya, heç yer üzündə belə adam yoxdu. Kimin nəyinə lazımdı fəlsəfi mövzu? Ələmdarı ildırım vurmamışdan əvvəl ,vaxtilə sovet mədəniyyəti 15 qardaş ölkəyə - bacıları olmadığına görə sonradan pərən-pərən oldular - belə diktə edirdi ki, elə bil, insan yalnız qurşaqdanyuxarı hissədən ibarətdir, yəni yarımçıqdır, qurşaqdanaşağı hissəsi yoxdu. Seksual görməmişliyin bir səbəbi bizim xalqın tarixən evdar xalq olması və evdə qurşaqdanaşağı münasibətlər üçün “münbit şəraitin” olmaması ilə bağlıdırsa, bir səbəbi də sovetizmin ictimai əxlaqı ilə bağlıdır.
Mən ölü, sən diri, bu gün lap belə Nəsrəddin Tusi olub, “Əxlaqi-Nasir” kitabı yazsan və əgər bir nəfər bəni-insan övladı onun üzünü açsa, gəl lombasıyla tüpür mənim “Seçilmiş əsərlərimə”. “Eurovision”un lüt-ətcə qız-gəlinini qoyub kimdi Nasirin əxlaqı ilə ilgilənən. Bu günün Nasirləri əxlaqı ilə yox, əxlaqsızlığı ilə tanınır, sevilir, pul qazanır. Günümüzün nəsrəddinləri də bunu bilir və onların kitablarında Nasir ya homoseksualdır, ya uşaqbazdır, ya Günay Muradlının klinikaların birində gördüyü mənzərədəki kimi növbəyə durub arvad olmaqdan ötrü öz “brulokunu” dibindən sünnət etdirmək istəyir, ya da, ən azı, tumançaq müğənnilərə çəkdiyi alabəzək kliplərin pulu ilə dolanan alfonsun biridir. Müasir Nasiri belə yaman günə salan Nəsrəddin deyil, Nəsrəddinə bu, zənən kimi saçına rəng, dodağına slikon qoyduran əlmeymununa oxşar Nasiri sifariş verən oxucu zümrəsidir. Hələ gör bizim bu bədbəxt yazıçı Nəsrəddinlə Nasirin gizli intim münasibətlərindən bir köşə yaza, hoppa! Nəinki şöhrət quşu, şöhrət quşunun qatarı hərlənər onun keçəl başının üzərində.
Sözümün canı odur ki, bizim yazıçı və oxucu cütlüyü seksi adam balası kimi yaşaya bilmədiyi üçün onu yazmaq və oxumaqla gözünün qurdunu öldürür. Hətta kəbinli, nikahlı ər-arvadlar belə öz evlərində qorxa-qorxa, ora-bura boylana-boylana soyunurlar.
Ələmdarı ildırım vuran gün internetdə bir statistika yayılmışdı; sən demə, pornosaytlara girmə göstəricisinə görə, İran İslam ölkəsinin başkəndi Tehran camaatı dünyada birinci yerdədir. Bizim, yaşaya bilməsək də, heç olmasa, yaza bildiyimizi o bədbəxtlər yazmaqdan da məhrumdular. Yalnız xəlvət yerlərdə bir-birilərinin qulağına pıçıldayırlar, onu da qorxa-qorxa ki, birdən bu pıçıltı gedib çatar dövlətin qulağına. İndi gəl yellən də kranın dimdiyində.
Nobel mükafatçısı türk yazarı Orxan Pamukun “Qara kitab” romanı nəşr olunanda türk uzmanları və oxucuları əsərin bəddi məziyyətini bir yana qoyub, romanda köşə yazarının dilindən təsvir olunan Cəlaləddin Rumi ilə Şəms Təbrizinin intim dostluğunu müzakirə edirdi.
Ələmdarı ildırım vuran günün səhəri ədəbi saytların birində İspan şairi, gənc yaşında İspan faşizminin qurbanı olmuş Qarsia Lorka haqqında yazmışdılar ki, guya, Lorkanın da cinsi oriyentasiyası qaydasında olmayıb, yəni kişi sevgilisi var imiş. On iki imam haqqı, bir oxucu gecə saat birdə zəng vurub məndən soruşur ki, yayılan xəbər doğrudur ki Lorkanın kişi sevgilisi olub? Dedim, bu sizin nəyinizə lazımdır? Dedi bərk narahat olmuşam, yuxum ərşə çəkilib, nə oğraş adam imiş o! Elə bil, təpəmə bir çəllək qaynar qır əndərdilər; Bizim oxucu – Ələtdə, yəni xəlvətdə yaşayan, bir şapalağa bütün ölkəni satacaq qədər qorxaq olan yanıq Kərəm, dediyindən dönmədiyi üçün 1938-ci ildə millətçilər tərəfindən güllələnmiş İspan şairinin cinsi kimliyinə görə bu gün evində narahatdır. Bir tərcüməçi isə bu yazını oxuyandan sonra etiraf etdi ki, Lorkanı tərcümə etdiyi üçün peşman olub.
Day, mənim sizə sözüm yoxdu. /publika.az/
|