Fərid Hüseyn: “Ramiz Rövşən Aqşinə səs vermədi”
04.04.13
“Etimad dostumdur, ancaq mənə elə gəlir ki, o da imtina axınına qoşuldu. Onun mükafatdan imtina etməsi mükafata son zərbə oldu. Açığı, bu addımı səmimi qəbul etmədim. Əgər müsabiqə qeyri-obyektiv idisə əvvəlcədən imtina edə bilərdi. Digər tərəfdən mükafat Yusif Səmədoğlu adına idi və kifayət qədər ciddi mükafatdır. Puldan imtina etsəydi, daha məntiqli olardı” – bu sözləri AYB-nin Ədəbiyyat müsabiqəsinin katibi Fərid Hüseyn açıqlamasında bildirib. F. Hüseyn Vilayət Quliyevin əsərinin publisistika mükafatında olduğu halda esseistika və tənqid mükafatında qalib olmasını səhv addım kimi qiymətləndirdi: “Vilayət Quliyevin əsəri esseistika janrının tələblərinə cavab vermir. Onun əsəri ancaq Nəcəf Nəcəfov adına publisistika mükafatını ala bilərdi. Sonuncu iclasa qədər Vilayət Quliyevin əsəri publisistika mükafatında idi. Bu cür nəticə gülməlidir”. Sonradan təsis olunan Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət nominasiyasında qalib olan Tofiq Məliklinin əsərinin müsabiqədə olmadığını bildirən F. Hüseyn Ramiz Rövşənin Aqşinə səs vermədiyini də söylədi: “Ramiz Rövşən Aqşinə səs vermədi. Səhv etmirəmsə Ramiz müəllim səsini Mahir Qarayevə vermişdi. Bütün nominasiyalar üzrə ən çox səs toplayan müəllif Aqşin Yenisey idi. 11 nəfər münsifdən 8-i səsini ona vermişdi. Əgər mükafat Aqşinə verilməsəydi səsvermənin nəticələrini açıqlaya bilərdim ki, necə olur səsvermələrdə Aqşin çox səs toplayır, sonra seçilmir. Ancaq bütün hallarda hesab etmirəm ki, müsabiqə ədalətsiz keçdi”. /kulis.az/
|